PDF Oxu

Köşə

  • 1 278

“Palata” iki yol ayrıcında

“Palata” iki yol ayrıcında

"Təkrar biliyin anasıdır" ifadəsi xoş münasibətlə deyilib. Bu, o deməkdir ki, vacib bir teoremi unutmamaq üçün onu daim təkrar etmək pis deyil. Hətta hər hansı əsəri də təkrar oxumaq yaddaşın möhkəmlənməsinə xidmət edir. "Oxumaq, oxumaq, yenə də oxumaq" Leninin sözləridir. "Beşikdən qəbir evinəcən oxumaq lazımdır" fikri isə Məhəmməd Peyğəmbərə məxsusdur. Şübhəsiz, bunların hamısı ibrətamiz misallardır.

İndi gələk məsələnin başqa tərəfinə. Lüzumsuz bir hərəkəti dəfələrlə təkrarlamaq yorğunluq gətirir və son nəhayətdə, adamı bezdirib cin atına mindirir. Müxalifət daxilində də 5, 10, 15, 20 ildən bir təkrarlanan bir hal mövcuddur. Müxalifətçilər bu və ya digər birlik və blok daxilində birləşir və birgə fəaliyyət göstərməyə üstünlük verirlər. Ancaq partlayış və ayrılma yalnız bir halda baş verir. O da vahid namizəd məsələsi üstündə yarış zirvə nöqtəsinə çatdıqda.

Deyir öyrənən göz tövbə eləməz. "Azadlıq" blokunda da belə olmuşdu, ondan əvvəlki "Demokratik Sabitlik İttifaqı"nda da, əvvəlki digər bloklarda da. Həmişə də mübarizə İsa Qəmbərov, Etibar Məmmədov, Rəsul Quliyev və Əli Kərimov arasında getmişdi. "SİDSUH" bu cür uğursuz mübarizə nəticəsində qısa vaxt ərzində parçalanıb dağılmışdı. "DSİ"-də əvvəl Müsavat başqanı təklikdə qalsa da, R.Quliyevin İ.Qəmbərov tərəfə keçməsi ilə, qarşıduran tərəflər arasında tarazlıq yaranmışdı. "Vahid namizəd" məsələsi isə bu dəfə də həll edilməmiş qalmışdı.

"Azadlıq" blokunun aqibəti də bu cür nəticələnmişdi. Sonuncu blok olan "İctimai Palata" əvvəl vahid namizəd probleminə toxunmadan uzun müddət müştərək fəaliyyət göstərəcəyi iddiası ilə çıxış edirdi. Bu nikbinlik bir sönük piket və bir icazəli mitinq keçirənədək davam etdi. Sonra köhnə xəstəlik qaysaq bağlamamış yaraları göynətməyə başladı. Bundan sonra İsa Qəmbərov və Əli Kərimov arasında "vahid namizəd"lik uğrunda savaş start götürdü. Bununla da sonra ara qarışıb, məzhəb itdi.

Bəs bu dəfə kim araya ixtilaf salmışdır. Həmişə olduğu kimi, bu dəfə də dinamitin fitilini Qərb bossları yandırmışdı. Onlar heç vaxt aza qane olmaq və bu az nailiyyət üçün böyük məbləğdə pul buraxmaq istəmirlər. Müxalifətçi gənclərin pərakəndə tərzdə keçirdikləri piketə və sönük icazəli mitinqə görə bosslar çox pul buraxmaq istəmirlər. Deyirlər ki, "vahid namizəd" məsələsini genişləndirmək məsləhətdir. Onların fikrincə, məsləhətli don həmişə gen olar. Ancaq çox təəssüf ki, indiyədək bu yöndə nə qədər gen məsləhət versələr də, heç birində uğur qazanmayıblar.

Bəlkə Qərb bossları "məsləhətli don gen olar" dedikdə haqlıdırlar. Ancaq nədənsə hər hansı bir blok və birlik daxilində birləşən müxalifət atalarımızın bu məsəlini reallaşdırmağa nail olmayıblar. Bunun da səbəbi məlumdur. Çünki onlar heç zaman ataların yolu ilə gedib, vətəninə və xalqına xidmət etmək istəməyiblər. Atalarımız isə yaxşı deyiblər ki, böyüyün sözünə baxmayan böyürə-böyürə qalar. Onlar da bu deyimdə olduğu kimi, piket və mitinqlərində böyürməkdən uzağa gedə bilməyiblər.

Digər xəbərlər