PDF Oxu

Köşə

  • 1 309

AMİP və AXP sədrləri “İctimai Palata” haqda danışırlar

AMİP və AXP sədrləri “İctimai Palata” haqda danışırlar

Yusif Bağırzadə:


Etibara dedik sən get gəz hələ,

Bosslar da bizlərə irişməz hələ,

AMİP mitinqlərə girişməz hələ,

Verərik biz "İP"-ə kənardan diqqət.


Qiyas Sadıxov:


Əlini evində çulunda gördük,

İsanı Qərbin sıx kolunda gördük,

"İP"-i nəhs siyasət yolunda gördük,

Rəsul Quliyevə göstərdik riqqət.


Yusif Bağırzadə:


Müxalif durmağı eyləyib peşə,

Biz Etibar ilə başladıq işə,

Orda hər lideri vuraraq dişə,

"İP"-dən üz döndərdik onunçün, fəqət.


Qiyas Sadıxov:


Ya küncdə-bucaqda aslan oluruq,

Ya bosslar əlində Məstan oluruq,

Ya biz Müsavata başqan oluruq,

Bunu Pənah bəyə eyləmişik qət.


Yusif Bağırzadə:


Zakuska edərik kök, turp düzəldib,

Kilid sındırarıq şurup düzəldib,

Təsnif oxuyarıq qrup düzəldib,

Ya da bədahətən söyləyirik nət.


Qiyas Sadıxov:


Sıx birləşmək üçün gəzirik məftil,

Biz ciddi qurumuq, "İP"-çilər səfil,

Küçə-meydanlara axışıb qəfil,

Şüar söyləmərik nalayiq, pis, bəd.


Yusif Bağırzadə:


"İP"-i də AMİP-ə, sözsüz, səslərik,

İşıqlı sabaha ümid bəslərik,

Əlbəttə, özümüz seçmə kəslərik,

Əli də, İsa da sıravi bir fərd.


Qiyas Sadıxov:


Kim çəkmək istəmir ağrı-acını,

Çox isti saxlasın gərək sacını,

Tutub getmək çətin "İP"-in ucunu,

Pənah da, Rəsul da AXP-də mərd.


Yusif Bağırzadə:


Çoxdan başa çatıb Əlinin dəmi,

Artıq İsa dadıb kədəri, qəmi,

Kənarda durmasa "İP" bizim kimi,

Sarar qəlblərini min kədər, min dərd.


Qiyas Sadıxov:


Dedik izləməyin izləyənlərə,

Durub yerli-yersiz pisləyənlərə,

Bizi mitinqlərə səsləyənlərə,

Bizim cavabımız olacaqdı sərt.


Yusif Bağırzadə:


Nə qədər ki, Əli naxallıq edir,

Həmkarı İsa da cığallıq edir,

Qərb bu acgözlərə tavanlıq edir,

Kənarda durmağa eyləmişik əhd.

Qiyas Sadıxov:


Onlar aldadırlar yoxsul fağırı,

Daha pis olacaq bunun axırı,

Əgər səngiməsə çağır-bağırı,

"İP"-ə qoşulmağa eyləmərik cəhd.


Yusif Bağırzadə:


Hələ bağışlanar divanə səhvi,

Ondan daha pisdi biganə səhvi,

İsanın, Əlinin yeganə səhvi,

Qərbli bosslarını eyləməkdi mədh.


Qiyas Sadıxov:


İsanı dinməyə günah qoyarmı?

Əlini zirvəyə Allah qoyarmı?

Bizi səhv etməyə Pənah qoyarmı?

AXP-də yoxdu... "İP"-də çoxdu səhv.


Yusif Bağırzadə:


Qərb nə verirdisə Əli götürdü,

Qurumda vurhavur, ötür-ötürdü,

"İP" yolu nahamar, kələ-kötürdü,

İsa elə bilir çox hamarı səth.


Qiyas Sadıxov:


Əli bəy altına döşəyir saman,

İsanın başını örtübdü duman,

Bizi sırasına çağıran zaman,

"İP"-in liderləri edilibdi rədd.


Yusif Bağırzadə:


Bizlərə dəstəkdi çoxsaylı şirkət,

Xarici qrantda olmaz bərəkət,

Ürək bulandırar artıq hərəkət,

Addım atılmamış bilinməli hədd.


Qiyas Sadıxov:


Mühafizə edər, itlə təzyiqi,

Kompüter saytları "bit"lə təzyiqi,

Yaman ağır olur kütlə təzyiqi,

İsada, Əlidə əyiləcək qədd.


Yusif Bağırzadə:


"İP"-də liderləri yaş-qəhər boğur,

Şişirtmə rəqəmlər yalandan doğur,

Mitinqdə qazanmaz heç zaman uğur,

Mən qəti əminəm "İP" olacaq pərt.


Qiyas Sadıxov:


İsanız əlində pis əsa gedir,

Yolunuz şənliyə yox, yasa gedir,

Sizin planınız iflasa gedir,

Əsəbi olmayın, yeganədi şərt.


Yusif Bağırzadə:


Axar bədənindən mütəmadi tər,

Yolunun üstündə durar şeytan, şər,

Qapıları açsan görərsən zərər,

Görsən ki, "İP" gəlir, qapıları ört.


Qiyas Sadıxov:


Seç sığınmaq üçün sən yerin təkin,

Meydan tək nahamar olubdu səkin,

Ay Əli, bu işdən utanıb-çəkin,

İsa bəy, gir "İP"-də qıpqırmızı pört.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər