Vaqif Mahmudov:
Onları fırladır Qərbdəki məlik,
"İP"-də liderlərin səbəti dəlik,
Salıb İsa, Əli ikitirəlik,
Yaxşı bir lider yox Rəsuldan başqa.
Yusif Bağırzadə:
Nitq irad etməmiş çənəni yoxla,
Ciddi təşkilat tək AMİP-i qoxla,
Əlini, İsanı "İP"-də də saxla,
Sənin Rəsul bəyin əsil hinduşka.
Vaqif Mahmudov:
Xoş ulduz üstündə Rəsulun bürcü,
İsa bəylə Əli önündə cücü,
Nəzərə alınmır Rəsulun gücü,
Lider postlarına doluşub çuşka.
Yusif Bağırzadə:
Əli İsa ilə qeybətli lider,
Rəsul da qəzəbli, hiddətli lider,
Etibar o qədər qüdrətli lider,
Onun məclisində çatışmır çoşka.
Vaqif Mahmudov:
Sədrsən, Etibar dartır qıçından,
Tuturlar xaricin dollar xaçından,
Günorta dururlar "İP"-də acından,
Rəsulun pulunu aparmaz taçka.
Yusif Bağırzadə:
Ona güc gələmməz "İP"-də bir ceyil,
Kommersiyaya o, salıbdı meyil,
Etibar o qədər kasıb da deyil,
Londonun özündə açıbdı toçka.
Vaqif Mahmudov:
Son vaxtlar verməkdə "İP" cəngə yeri,
Pis lider verməli qəşəngə yeri,
Etibarın özü düşəndə yeri,
Rəsul süfrəsinə uzatsın loşka.
Yusif Bağırzadə:
Bu gün savaşırlar "İP"-də liderlər,
Vahid namizədə doğru gedirlər,
İsa ilə Əli dava edirlər,
Biri mışqa olub, o biri koşka.
Vaqif Mahmudov:
Nyu-Yorkda başlayar öz naharına,
Qədəm qoyub ömrün xoş baharına,
Verir cib xərcliyi həmkarlarına,
Rəsulda saat tək işləyir başka.
Yusif Bağırzadə:
İsayla Əliyə dostlar qurub pəl,
Hələ qoymamaqda heç biri məhəl,
Liderlər tərpənir o qədər əfəl,
Uçub başlarına "İP"-də krışka.
Vaqif Mahmudov:
Verərək kürsüdə söz liderinə,
Qurumlar qovuşsun öz liderinə,
Dostlaşıb gəlsinlər "İP"-in yerinə,
Etibarla Rəsul vursun kruşka.
Yusif Bağırzadə:
"İP"-in təzyiqinə israrla dözün,
Olsun liderinin üstündə gözün,
Bu hissi Rəsula aşıla özün,
Etibar həmişə sadiqdi aşka.
Vaqif Mahmudov:
Xalqına xidməti nəsil sənəti,
"İP"-in nəsibidi rəzil sənəti,
Olsa da ticarət əsil sənəti,
Rəsul asanlıqla oynadır ruçka.
Yusif Bağırzadə:
Siz ölçün əməlli geci-tezi də,
Gözaltı eyləyin, sözsüz, bizi də,
Etibara dəstək hətta Məzi də,
AMİP-ə meyilli o cəyil Roşka.
Vaqif Mahmudov:
Sabah açılmazdır "Yurd", Müsavatla,
"İP"in də sonluğu bitəcək matla,
Gedin gələcəyə siz kəhər atla,
Bizə töhfə verər bir səkil qaşqa.
Yusif Bağırzadə:
Bizim olmalıdı həm kürsü, masa,
Əlinin siyasi ömrü çox qısa,
Onunçün iflasa uğradı İsa,
Əyri qoyulubdu başa furaşka.
Vaqif Mahmudov:
"İP"-ə daxil olub, içmişdilər and,
Əli ilə İsa gəldi variant,
Örtdü gözlərini xarici qrant,
Kütlənin özünə gəldilər paçka.
Yusif Bağırzadə:
"İP"-də pis qoyulub əvvəldən təməl,
Əli İsa ilə edib yüz əməl,
Etibar Londona uçmazdan əvvəl,
Su üçün götürdü bircə flyajka.
Vaqif Mahmudov:
Siyasi səhnədə bilir min üsul,
Artacaq hər üzvün ciblərində pul,
Çarterlə məhləyə gələrsə Rəsul,
"İP"-də qalmayacaq bircə duraşka.
Yusif Bağırzadə:
İsa da, Əli də "İP"-i edər tərk,
Uçuruma doğru sürüşərlər bərk,
Etibar önündə səcdə gedərək,
London qrant verər, Rusiya mişka.
Vaqif Mahmudov:
Meydan siyasəti hər əməlində,
Rəsul töhfəsi var, bil, təməlində,
Möcüzə törədər Rəsul əlində,
Kompüterdə olan o qara mışka.
Yusif Bağırzadə:
Lider qoşulmayıb heç vaxt axına,
Rast gəlib həmişə "İP" tək loxuna,
Rəsul ərinməyib gəlsə yaxına,
Olar Etibarda pul kuçka-kuçka.
Mirzə QƏRƏNFİL