Lalə Hacıyeva:
Burda bilən yoxdu heç öz yerini,
İsa da, Əli də töküb kirini,
"İP" öz bəylərini, liderlərini,
Aparır iflasın uçurumuna.
Tofiq Yaqublu:
Bizə bəd deyəni tutub döyürlər,
Sizi çaşdırmışlar keçmiş dövrlər,
Maliyyəçi bosslar "İP"-i sevirlər,
Şübhən də olmasın heç tutumuna.
Lalə Hacıyeva:
Lider yalan-doğru əsil olunur,
Yanınıza düşən kor-şil olunur,
Bilirik "İP"-də kim təmsil olunur,
Bələdik dabbaqda, bişəkk, tumuna.
Tofiq Yaqublu:
Qərb verib quruma oktan gücünü,
Dəf etmək çətindi fantan gücünü,
Bilməzsən sən "İP"-də kotan gücünü,
Çünki düşməmisən heç şırımına.
Lalə Hacıyeva:
Mən sizdə görmürəm xilas qoxusu,
Sizi çaşdırmaqda gilas qoxusu,
Gəlir "İP"-inizdən iflas qoxusu,
Əlbəttə, bələdəm hər qırımına.
Tofiq Yaqublu:
Bir şirinlik gəlir qovurmasına,
Söz də ola bilməz Qərb kormasına,
Bütün qurumları həm yormasına,
Həm də diqqət elə öz yorumuna.
Lalə Hacıyeva:
"MBH" gözümdə dönüb tuz olur,
Liderin cürətsiz və xırsız olur,
Hər uğursuz addım uğursuz olur,
Dözün əsəblərin hər tarımına.
Tofiq Yaqublu:
Bizdəki kefləri görsəydin əgər,
Nəşini buraya sərsəydin əgər,
Bizim "İP"-ə gəlib girsəydin əgər,
Baxardın boss verən payın tamına.
Lalə Hacıyeva:
Gəlmisiniz "İP"-ə kef-damaq üçün,
Həsrətsiz bosslar tək arxa, dağ üçün,
Özünüzü yerə tullamaq üçün,
Çıxın bircə-bircə "İP"-in damına.
Tofiq Yaqublu:
Daim göstərmisən sönük, lal mövqe,
Orda qiymətdədi əhli-hal mövqe,
Qərbə lazım deyil liberal mövqe,
Hansı boss qızınar sənin şamına?
Lalə Hacıyeva:
Liberal duayla şən sındıraram,
Bircə həmlə ilə tən sındıraram,
"Qadir liderini" mən sındıraram,
Sən özün qiymət ver avam, xamına.
Tofiq Yaqublu:
Qaldırıb üstünə cəmi aləmi,
Sənə sirdaş edib kədəri-qəmi,
Dərhal dəf edərik hər bir həmləni,
Sərt cavab verərik hər hücumuna.
Lalə Hacıyeva:
Sizlərdə güclüdü, bil, xəyal dünya,
Təəccüb etməkdə sizə lal dünya,
Geri çəkilməyən liberal dünya,
Zəhər də qatardı şirin camına.
Tofiq Yaqublu:
Çox müvəqqətidi orda şahlığın,
Təqdir edilməzdi qul "allahlığın",
Adi "MBH"-di o bataqlığın,
Get gir ən yüksəkdə duran qumuna.
Lalə Hacıyeva:
Eşşək ol, qatır ol, yabı at olma,
Önündə görəndə məni, pat olma,
Mənimçün bu qədər narahat olma,
Çəkil qurumunda məşum qınına.
Tofiq Yaqublu:
Görərsən, o adi "VİP" dirçələcək,
İsa, Əli kimi tip dirçələcək,
Dan sökülən zaman "İP" dirçələcək,
Cüzi vaxt qalıbdı xoruz banına.
Lalə Hacıyeva:
O "İP"-dən uzaqlaş, başqa yerə it,
Qrant gözləməyi bosslardan tərgit,
Sən özün orada yerini bərkit,
Bir addım atmaram sənin yanına.
Tofiq Yaqublu:
"İP" kimi qurumu gör, tut içində,
Qrant almağı boğ, unut içində,
Sənin radikalın sükut içində,
Baxmaq istəyərdim şöhrət-şanına.
Lalə Hacıyeva:
Arzudan özünə gəl taxma qanad,
Yanlış xülyaları boş qafandan at,
Düşər uçuruma həm "İP", Müsavat,
Baxmaq istəyərdim son məqamına.
Tofiq Yaqublu:
Dərya keçmək üçün avarı çıxar,
Qalıb "MBH"-də baharı çıxar,
Qadınsan, əynindən şalvarı çıxar,
Bürün əvvəl-axır sadə donuna.
Lalə Hacıyeva:
Bir dişi aslanam, unutma məni,
Özün tək zəifə tay tutma məni,
Yaşlı cərgəsinə sən qatma məni,
Dəyərəm sənin tək tipin onuna.
Tofiq Yaqublu:
Sükuta dalmısan öz qəfəsində,
Yoxdu bir lider də sən yaş, sən sində,
Sən artıq nəhs qürub ərəfəsində,
Çox əzab-əziyyət vermə canına.
Mirzə QƏRƏNFİL