Tahir Kərimli:
"İP"-də toplaşıbdı dələduz, oğru,
Unudun qələbə adlı uğuru,
Gözucu da baxmaz xalq sizə doğru,
Gerçəkləşməyəcək sizin təxribat.
Qabil Hüseynli:
Radikal meyillər beyinə girib,
"Soros" üstümüzə xoş qanad gərib,
Qərbin bosslarını təəccübləndirib,
Avroyla, dollarla alarıq qrant.
Tahir Kərimli:
Sizdə qan qaynamır, ürəklər bumbuz,
Yığılıb oynağa, böyrəklərə duz,
Çətin qazanasız cüzi bir nüfuz,
Qərbə, Şərqə doğru səyirtməklə at.
Qabil Hüseynli:
Bizləri atıbsan, bir maraq eylə,
Bir az soyuqbaş ol, gəl az ağ eylə,
Oturub Vəhdətdə bizə lağ eylə,
20 il pul alır Qərbdən Müsavat.
Tahir Kərimli:
Su o su deyildir, xamır o xamır,
Sizin gözünüzdən qara qan damır,
Yeyin Qərb qidası siz xımır-xımır,
Sizlərdə çatışmır adi bir savad.
Qabil Hüseynli:
Dəstəkçinin sayı sonsuz tel kimi,
Qaçır üstümüzə kütlə yel kimi,
Qrant cibimizə axır sel kimi,
Qərbi işimizlə qoymaqdayıq mat.
Tahir Kərimli:
Yazıq, sürünürsən axı pol ilə,
Kəs əlaqəni də ibdar, nol ilə,
Uzağa getməzsən əyri yol ilə,
Özün də başından xam xəyalı at.
Qabil Hüseynli:
İcra eyləyərik hər əmri reski,
Qərbdə lazım gəlmir sözlər tureski,
Bossun qidasıyla içirik viski,
Bizə zövq gətirir bu sayaq həyat.
Tahir Kərimli:
Süfrəniz qurbağa, bağa qidası,
Sizi təmin edib dığa qidası,
Daim acı olub ağa qidası,
Bossun göndərdiyi içki də boyat.
Qabil Hüseynli:
Bizi pisləməyə başlardın bivaxt,
Səni aramızdan aparıbdı baxt,
Bizim sıramızda dururdun bir vaxt,
A yazıq, get yatmış beynini oyat.
Tahir Kərimli:
Sənə ağıl verən qrek olacaq,
Ən yüksək kürsündə bir JEK olacaq,
Avropada adın Con, Cek olacaq,
Sizi məşğul etmir bu milli soyad.
Qabil Hüseynli:
Tələs, nə qədər ki, dayanıb qatar,
Yoxsa sənə çatan qrant da batar,
Avrodan, dollardan sənə də çatar,
Qayıt "İP"-imizə, göstərmə inad.
Tahir Kərimli:
Başınıza nəhəg bir qaya düşüb,
Kütlə yox, şəklindi aynaya düşüb,
Sənin "İP"-in dərin quyuya düşüb,
İsada, Əlidə qırılıb qanad.
Qabil Hüseynli:
İlkin gözə çarpan pulları allıq,
Kürü atıb, sözsüz, Şolları allıq,
Özümüz avronu, dolları allıq,
İstəsən, biz sənə verərik manat.
Tahir Kərimli:
İsa, Əli oda qalayar səni,
Yeri gələndə də talayar səni,
Onlar daim fırlar, dolayar səni,
"İP"-in liderinə olma sən fanat.
Qabil Hüseynli:
Gördük qaranı da, şəffaf ağı da,
Yüklədi belimə İsa dağı da,
Bizi dəstəkləyir Akif Nağı da,
Onun arxasında mətin durub "QAT".
Tahir Kərimli:
Sənin liderindən qışda qar çıxmaz,
Qərbin bosslarından dövlət-var çıxmaz,
Əlidən, İsadan tərəfdar çıxmaz,
Mən dedim, qoy sənə olsun amanat.
Qabil Hüseynli:
Bir az qısa söylə öz qəzəlini,
"İP"-ə qoşulmaqçün söylə "bəli"ni,
Heç biri uzatmaz yardım əlini,
O zaman nə qədər qışqırsan: "İmdad!"
Tahir Kərimli:
Mümkün qapı döyüb "bəy"ə çıxasan,
Bağışlamaz sünni, şiə çıxasan,
İstər sən tərsinə göyə çıxasan,
Sənə düşməyəcək qurumda mandat.
Qabil Hüseynli:
Nitqini qəzetdən "as"ın oxusan,
Nərddə "İP"-çilərin tasın oxusan,
Üzə saqqal taxıb, "Yasin" oxusan,
Sənə çatmayacaq imam, imamat.
Tahir Kərimli:
Artıq "İP" olubdu bədnam məsəlli,
Baş çıxarmaq çətin şeir-qəzəlli,
Özünə arabir verib təsəlli,
Mən səndən əl çəkdim, özünü aldat.
Qabil Hüseynli:
Bu qurum son eşqi, son vüsalımdı,
Məni "İP"-dən atan qəddar, zalımdı,
İsa ilə Əli generalımdı,
"İP"-in tərkibində mən adi saldat.
MİRZƏ QƏRƏNFİL