Əhməd Oruc:
Sizi iqtidara etmirəm şamil,
Aranızda yoxdu bir lider kamil,
Canfəşanlığınız lüzumsuz amil,
Dura bilməyəcək "İP" ayaq üstə.
Fuad Qəhrəmanlı:
Təlxəksən, şöhrətin-şanın çıxıbdı,
Sifətin ağappaq qanın çıxıbdı,
Sənin ayaq üstə canın çıxıbdı,
Oturub yeyirik biz badam-püstə.
Əhməd Oruc:
Qrantı bosslardan sədrlər əmərlər,
"İP"-də sən gözləmə fayda, səmərlər,
Sənin özünü də qəbrə gömərlər,
Çünki liderlərin durubdu qəsdə.
Fuad Qəhrəmanlı:
Yaraşar sanballı çəki liderə,
Qoy pulu versinlər təki liderə,
Qrant qoy nuş olsun iki liderə,
Bir viski də bəsdi xumara, məstə.
Əhməd Oruc:
Əməli işlər xoş məqamdan doğur,
Xoşqılıq olaraq, xoş iş yap-yoğur,
Mən iflas görürəm "İP"-çün, siz uğur,
Mən gəldim "no" üstə, siz isə "yes"tə.
Fuad Qəhrəmanlı:
Ayaq altı qazma, özünü yıxıb,
Bizim sıramıza çox qurum axıb,
Hələ indi-indi "İP" relsə çıxıb,
At bədnam xülyanı, bizi az pisdə.
Əhməd Oruc:
Boş-boş danışmayın, susun siz barı,
Zaman yolunuzu edibdi yarı,
Artıq çoxdan gedib "İP"-in qatarı,
Ola bilməzsiniz heç vaxt siz relsdə.
Fuad Qəhrəmanlı:
Siyasi meydanda astagəl, xamsan,
Atəşin sönükdür, odda da vamsan,
Həyatda iş görməz, bivec adamsan,
Mat-məəttəl qalmışam səndəki şəstə.
Əhməd Oruc:
Gözünüz Qərbdəki çevrələrdədi,
Əlinin ümidi kirvələrdədi,
Mənim "Azadlığ"ım zirvələrdədi,
Sizin "İP"-inizdi xəstəhal, xəstə.
Fuad Qəhrəmanlı:
Normal duruma sal özünü barı,
Düşər qazanına boss hapıları,
Önündə açılar "İP" qapıları,
Düzəlt özün üçün yeni bir dəstə.
Əhməd Oruc:
Verməzlər qrantın bir qırığını,
Axı dedim geymə "İP" çarığını,
Yaman sallamısan mısmırığını,
Quşu gözdən vurub, toxundum çestə.
Fuad Qəhrəmanlı:
Ətrafa yayılan xoşətir iyik,
Olanımız budu, yarımçıq, çiyik,
Biz "İP"-in seçilmiş yetkilisiyik,
Səndəki qorxaqlıq yoxdu bir kəsdə.
Əhməd Oruc:
Sən hazır deyilsən döyüşə, hərbə,
Elə liderindən alıbsan zərbə,
Gözlər zillənsə də üfüqdə Qərbə,
Geriyə gedirsən sakit, ahəstə.
Fuad Qəhrəmanlı:
Alaraq qrantın beşin, "İP"-ə gəl,
Atıb bir kənara leşin, "İP"-ə gəl,
Biz sənə çox dedik düşün, "İP"-ə gəl,
Rəvac da vermirsən adi bir jestə.
Əhməd Oruc:
Son anda mən sənin başını qatdım,
Baxırdın üzümə sən matdım-matdım,
Nədən "Azadlığ"a atmadın addım?
Çox dəvət etsəm də səni trestə?
Fuad Qəhrəmanlı:
Yazıq, siyasətə gəlmisən hədər,
Bədbəxt yaradıbdı səni Haqq, Qədər,
Yaxşılar yaxşı ad çıxarıb gedər,
Bədlik-pislik qalar sənin tək pisdə.
Əhməd Oruc:
Səndən əskik duyğu və hiss parçası,
Çöhrəni qarsıyıb, bil, his parçası,
Mən almaz, sən adi bir mis parçası,
Qızıl əlaməti olmayıb misdə.
Fuad Qəhrəmanlı:
Çevirmə bu dəfə qaraya ağı,
Mən "İP"-də oturum, "QAT"-da da tağı,
Oynaya bilməsən əgər "Qaytağı",
O vaxt yubanmadan başla "Tvist"ə.
Əhməd Oruc:
Kənardan həsrətlə baxma mizlərə,
Ayağın yerləşməz bizim izlərə,
Yerini həvalə eylə bizlərə,
Otura bilməsən əgər sən mizdə.
Fuad Qəhrəmanlı:
Çox keçməz bədənin qızılca səpər,
"İP"-lə biz arana çəkmişik çəpər,
Yoxdu tamamilə canında təpər,
Barıt hələ qalıb xeyli gilizdə.
Əhməd Oruc:
Heç vaxt işlətməyib hörmət, ərk dilin,
Liderləri görüb çaşıb bərk dilin,
Daha şüar tutmur o yüyrək dilin,
Xeyli yorğunluq var, deyəsən, səsdə.
Fuad Qəhrəmanlı:
Fikrimdə xoş sözlər sapa olur cəm,
Səni ağuşuna alıb süstlük, qəm,
Mən sənə baxanda mahir natiqəm,
Nitq söyləyən zaman baxırsan listə.
Mirzə QƏRƏNFİL