Qərbi Avropada cərəyan edən sosial-iqtisadi olaylar fonunda, qoca qitənin bir çox dövlətlərində qarşısı alınmayan qlobal böhran dalğası, deyəsən, həmin dövlətlərin siyasi baxşlarına da təsirsiz ötüşmür. Yəni daxili siyasətlərindəki uğursuzluq zolağından çıxmağa müvəffəq olmayan avropalı diplomatlar, iqtisadçılar , sosioloqlar öz səhvlərini beynəlxalq cəmiyyət qarşısında başqa tərzdə malalamağa cəhd göstərirlər.
Məsələn, başlayırlar digər dövlətlərin daxili işlərinə müdaxilələr etməyə. Çünki böhran səviyyəsindən çıxmaq üçün başqa dövlətlərin iqtisadi maraqlarından bəhrələnmək onlar üçün bir növ ənənəyə çevrilib. Lap Almaniyanın bəzi siyasi dairələrinin Azərbaycanın daxili işlərinə etdiyi müdaxilələri kimi. Bu gün həmin dövlətin daxili siyasətində baş verən ciddi itkilərdən (iqtisadi, sosial və digər sahələrdə olan tənəzzül faktoru - R.) bəhs etməyə dəyməz, çünki həmin itkilər barədə ictimaiyyətə kifayət qədər məlumatlar verilib. Hələ baş qaldıran irqçilik meyillərini demirəm...
Məhz bu səbəbdən də öz gözündə toru görməyən bəzi alman siyasi dairələri başlayıblar Azərbaycanda var olan demokratiyaya almansayağı don geyindirməyə. Guya bunların müdaxilələri siyasi baxımdan "vacib" və "əhəmiyyətliymiş"(?!) Ona görə də, gediblər dağıdıcı müxalifətin xalq tərəfindən qəbul olunmayan "liderləri" ilə şnaps içməyə və "demokratik dəyərləri" incələməyə. Bunun nə dərəcədə düzgün olub-olmaması artıq vurğuladığımız kimi məlumdur.
FƏQƏT...
Təəssüflər olsun ki, bəzi almaniyalı siyasi dairələrin ölkəmizə qarşı istiqamətləndirdikləri qərəzlərinə haqq qazandıran digər avropalıların açıqlamalarına diqqət yetirildikdə, onların bir-birlərinə necə bənzədiklərinin şahidlərinə çevrilmiş oluruq. Çünki ya alman olsun, ya fransız olsun, ya da mozambikli olsun, ortada heç nə dəyişmir. Dəyişən sadəcə milli mənsubiyyətdir. Dəyişməyən isə Azərbaycana qarşı olan qəsdi-qərəz kampaniyasıdır.
Bu baxımdan, fransalı səfir Qabriel Kellerin müxalifətyönümlü saytların birinə "Almaniyalı həmkarıma qarşı başlanmış məkrli təbliğat məndə ikrah hissi doğurur" kimi almansayağı açıqlama verməsi, əslində, ona qarşı yaran(mış)acaq ikrah hissini alovlandıra bilər. Çünki ortada dövlət, xalq və ölkə mənafeyi dayanıb. Və dövlətin, xalqın, ölkənin mənafeyini qoruyan, dəstəkləyən iqtidar mətbuatına "məkrli" adını vermək bütün mənalarda fransız diplomatın hansı aşağılıq siyasəti dəstəkləməsini ifşa edir. Digər tərəfdən, fransalı səfir Qabriel Keller deyib ki, "Özündən və dəyərlərindən əmin olan bir ölkə tənqiddən qorxmamalı, onu gizli məqsədlərin olması ilə izah etməyə çalışmamalıdır"(?!)
Əgər bu belədirsə, onda elə də uzağa getməyərək, səfiri olduğu ölkəsinin işğalçı, terrorçu Ermənistana olan isti münasibətini xatırlatmaq kifayət edər. Çünki Fransa bunu bilə-bilə, Azərbaycana "dostluq münasibəti" bəslədiyini bəyan edir. Necə başa düşmək olar ki, Ermənistanla dost olan ölkə, Ermənistanı bacısı kimi qəbul edən ölkə öz erməni bacısına təpinmir ki, nəyə görə Azərbaycana qarşı terrorçuluq, təcavüzkar siyasətini dayandırmırsan?! Ancaq sonra da deyirsən ki, Azərbaycan mənim dostumdur? Məgər bunun özü məkrli siyasət, yaxud da Kellerin özünün dediyi kimi gizli məqsəd deyilmi?!