Rauf Arifoğlu:
Ay İsa, yerini müəyyən et, tanı,
Çəkil kənarda dur, qaraltma qanı,
Təyin etmək üçün yeni başqanı,
Gərək keçirilsin tezcə qurultay.
Qubad İbadoğlu:
Mənə dəstək verin nikbin, şən olum,
Çalışın İsaya yaxın, tən olum,
Nə olar, bu dəfə başqan mən olum,
Yoxsa salmalıyam bollu hay-haray?
Rauf Arifoğlu:
Şər deyənin ürəyinə ox işlər,
Qərb pul versə, "İP" də qarnı tox işlər,
Başqan olan az danışıb, çox işlər,
Bu məsələ əməl eylə, az baltay.
Qubad İbadoğlu:
Bosslardan üz döndərməsin bir alçaq,
Düyünlənsin çox ürəkdə qara bağ,
Şan dığada qalsın bizim Qarabağ,
Bizim olar Dağıstanla dağ Altay.
Rauf Arifoğlu:
Dalaşsaq, o, bizi ayırıb təklər,
İsa əleyhinə bizdə istəklər,
Qərb də, Vaşinqton da "İP"-i dəstəklər,
Bizim dalımızda dayanar Kitay.
Qubad İbadoğlu:
Sevərəm, narıncı mastından getsə,
Onu əvəzlərəm, mostundan getsə,
İsa qurultayda postundan getsə,
Bil ki, başqan mənəm, sən belə şitay.
Rauf Arifoğlu:
Mən çox sevinərdim, çox yatsa İsa,
Halın pis olacaq, babatsa İsa,
Qurultay vaxtını uzatsa İsa,
Sənin baxtına fal açacaq babay.
Qubad İbadoğlu:
Bir az bənzəri var nadinc məstana,
İsa qoy iş üçün getsin bostana.
Olsun qurultayın yeri Astana,
Bunu müdrikliklə deyibdi Abay.
Rauf Arifoğlu:
Başqanı yıxardım əzmlə, eşq ilə,
İsada maraq var bölkə kəşkülə,
Qurultayın işi düşüb müşkülə,
Məncə, yığıncaqçün pis olmaz Dubay.
Qubad İbadoğlu:
Gəlmədi əynimə narıncı geyim,
Həmişə zirvəyə çatıb bədliyim,
Dəstəklənsə idi namizədliyim,
Kefim kökələrək olardı qolay.
Rauf Arifoğlu:
Mən onu sayardım əsil toy günü,
İclas baş tutsaydı, cari may günü,
Tez təyin edilsə qurultay günü,
Məni sevindirər xoşməram olay.
Qubad İbadoğlu:
Əldə etmək üçün başqanlıq taxtı,
Gərəkdir adamın olsun bir baxtı,
İsa da günbəgün uzadır vaxtı,
Yəqin çaşdıracaq məni bu dolay.
Rauf Arifoğlu:
Bossa göz vuraraq, tərpənib əlli,
Edibdi özünü aləmə bəlli,
Yapışıb postundan İsa dördəlli,
Elə bil, olubdu Yuli Sezar Qay.
Qubad İbadoğlu:
Özü vəziyyətdən yaxşı halıdı,
İndi bəd gətirən nəhs iqbalıdı,
İsa sıravi bir üzv olmalıdı,
Təki mənə qalsın qərargah, saray.
Rauf Arifoğlu:
Bosslar da eşitmir bizim harayı,
Hamı anlamaqda olubdu ayı,
Tezcə keçirməsək biz qurultayı,
Bürokrat İsaya olacağıq tay.
Qubad İbadoğlu:
20 il çürüdür hələ qələti,
Özünə güldürüb İsa milləti,
Başqanlıq fikrindən dönmərəm qəti,
Sən də get özünün saydığını say.
Rauf Arifoğlu:
Düzü, hərəkətdə dalı-dalıyıq,
Hay-haray aşiqi, qilü-qalıyıq,
Təcili İsanı çıxarmalıyıq,
Bu gün astanada dayanıbdı may.
Qubad İbadoğlu:
Axı Müsavatda adi veyiləm,
İsa kimisinə çətin əyiləm,
Başqanlıq fikrimdən dönən deyiləm,
Göstərsə üstümə İsa bir alay.
Rauf Arifoğlu:
Bizə oturacaq İsa bəy baha,
Onu bağışlardım hətta Pənaha,
Başqan seçmək olmaz İsanı daha,
Bu post başqasına veriləcək pay.
Qubad İbadoğlu:
İnanma taleyə, baxta bir qədər,
İsa sınıb olub taxta, bir qədər,
Sərin su içərək toxta bir qədər,
Gedib vuracağam mən pürrəngi çay.
Rauf Arifoğlu:
Çətin başqanlıqdan İsa əl çəkər,
Nə olsun beş ildi boşalıb təkər,
Əlimiz kürsüdən çıxarsa əgər,
Oxuyaq Poladla gərək "Dolalay".
Qubad İbadoğlu:
Sədr mən olardım alqış, fəxr ilə,
Qrant buraxardım falçı fakirə,
İsa qurultayı salsa təxirə,
Tərs gələn işimiz olacaqdı bay,
İşıq salmayacaq üstümüzə Ay.
Mirzə QƏRƏNFİL