PDF Oxu

Köşə

  • 982

“Eurovision”u keçirməyimizə mane olan hələ anasından olmayıb

“Eurovision”u keçirməyimizə mane olan hələ anasından olmayıb

"Yeni Müsavat" qəzeti Müsavat başqanı İsa Qəmbərovun "Eurovision" yarışmasının Bakıda keçirilməsinə ən çox sevinənlərdən biri olduğunu yazır. Atalar demişkən, deyilənlər yalansa, gerçək olsun. Ancaq gerçək deyil axı. O zaman bu yerdə "inanan daşa dönsün" məsəli daha çox yerinə düşərdi. Qəzetin eyni nömrəsində "İctimai Palata"nın "Eurovision" haqda bəyanat qəbul etdiyi yazılır. Müsavat başqanının müavini Gülağa Aslanlı "İP"-çilərin "Eurovision" yarışmasına ciddi surətdə hazırlaşdıqlarını bildirir. Biz bu sətirləri oxuyanda, elə bildik ki, bizi müsabiqədə Səbinə yox, Gülağa təmsil edəcək. Deyir, adı gülüm olanın başına külüm olar. Belə təəssürat yaranır ki, başqan da, onun bu müavini də intizarla mahnı müsabiqəsinin başlanmasını gözləyirlər.

Gözləməyinə gözləyirlər, amma niyyətləri tamamilə başqadır. Onlar Kristofer Ştrasser və Markus Löninqin boykot tövsiyələrini gerçəkləşdirmək üçün müxtəlif variantlar üzərində işləyir və niyyətləri ilə qət edəcəkləri məsafənin konturlarını cızırlar. Odur ki, Gülağa Aslanlı işinin başdan aşdığını və bu səbəbdən də, hətta başını qaşımağa da vaxtının olmadığını bildirir. O, "Eurovision"la əlaqədar keçirilən xüsusi toplantıda sürpriz-tədbirlərin keçiriləcəyini və şərtlərinin yerinə yetiriləcəyi təqdirdə, Azərbaycan hökumətinin "Eurovision" yarışmasını keçirməyə peşman olacağını vurğulayıb. Sağ ol, Gülağa!.. Gördüyünüz kimi, funksioner elə danışır, elə hütləyib tökür ki, elə bil, dilotu yeyib. Bizim isə cavabımız belədir: Hələ duza gedirsən, bala. Nə olar, geri qayıdanda halını soruşaram... Atalarımız haqlı olaraq "arxı tullanmamış "hop" deməzlər", "cücəni payızda sayarlar", "ölmə, eşşəyim, ölmə, yaz gələr yonca bitər" kimi ibrətəmiz məsəllər demişlər. İndi "Eurovision"a yüksək səviyyəli hazırlıq işləri gedir, sonra yarışma olacaq və dünyada müsbət əks-səda doğuracaq, axırda da xoş sonluqla başa çatacaq. Uşaqlıqda etdiyimiz kimi, ovcumuzun içinə tüpürüb, o biri əlimizin tili ilə vurub onu dağıdacaq və "bu nədi, nağıl, hər kəs evinə dağıl" deyəcəyik. Xarici qonaqlar da daxil olmaqla, hamı arxayın və asudəliklə evlərinə gedəcəklər. Nə "İP"-in sürprizi olacaq, nə də Gülağa Aslanlının... "İP" də, üstəlik it də Gülağanın əlindən çıxacaq. Bu nəticəni görmək üçün mayın çıxmasını gözləmək kifayət edəcək.

İndi görək, Gülağanın məntiqi ilə "İP" hansı şərtlə sürprizdən vaz keçərdi. Bu adam Ştrasserlə Löninqin mövqeyindən uzağa getmir və deyir ki, müxalifətdən olan məhbusların hamısı azadlığa buraxılsın. Ay bala, sən qanunla qanunçuluq etməyəcəksən ki? Onlar konkret maddələrlə əsaslı surətdə həbs ediliblər və cəza müddətləri başa çatmamışdan tez azadlığa buraxıla bilməzlər. Ştrasser və Löninqə gəldikdə isə, qoy onlar gedib öz ölkələrində ağalıq etsinlər. Siz də onlara qoşulub gedə bilərsiniz. Mitinq, küçə yürüşü və piketlərinizi isə icazə verilən məkanda keçirə bilərsiniz. Başqa cür mümkün deyil. İnanmırsınızsa, buyurun "İP"-in xüsusi toplantısının "məxfi qərarlarını" gerçəkləşdirin. O zaman nəticəni öz gözlərinizlə görəcəksiniz. Ştrasser və Löninq sizə ağalıq edə bilər. Özünüz bilərsiniz, can sizin, cəhənnəm Allahın... Ancaq ölkəmizin paytaxtında yadellilərin yalına görə, özünüzü xalqın gözündə bir qara sent qədər alçaltmayın. Nizami demişkən, yadın buğda çörəyini yeyincə, yurdumuzun arpa çörəyi ilə kifayətlənin. Şükür Allaha, indi buğdamız da boldur, hər növ çörəyimiz də. Qiymətlərinin ucuzluğu da göz qabağındadır.

Digər xəbərlər