PDF Oxu

Köşə

  • 977

Avropanı intihara sürükləyən liderlər

Avropanı intihara sürükləyən liderlər

Fransa və Yunanıstandakı seçkilər hər iki ölkənin sərhədlərini aşan və Avropanın gələcəyini yenidən istiqamətləndirəcək bir nəticə verdi. Bu iki seçkini son günlərdə digər Avropa ölkələrindəki seçkilərin ortaya qoyduğu yeni trend çərçivəsində qiymətləndirmək lazımdır. Almaniyada Şlezviq-Holşteyn əyalətindəki seçkilərdə iqtidardakı Xristian Demokratlar məğlub oldu. İngiltərədəki yerli seçkilərdə Mühafizəkar Partiya ağırlıqlı koalisiya hökuməti məğlubiyyətə uğradı. Hollandiyada hökumət koalisiya ortaqları arasındakı razılığa əsasən istefa verdi. Bir az daha yaxın keçmişə qayıtsaq, İtaliyada, İspaniyada, İrlandiyada və Portuqaliyada baş nazirlərin postlarından çəkilmək məcburiyyətində qaldıqlarını görmək olar. Liderlər getdi, törətdikləri fəsadlar isə hələ də qalmaqdadır.

Nobel mükafatçısı, tanınmış iqtisadçı Pol Kruqmanın sözləri ilə desək: "Liderlər Avropanı intihara sürüklədi. Avropada artıq var olan son ümidlər də tükənib". Pol Kruqman Avropada işsizlik rəqəmlərində son dövrdə yaşanan sürətli artımı iqtisadi uğursuzluğun hüznlü bir hekayəsinə bənzədərək, Avropanın intihar etdiyini qeyd edib.

Qısacası Avropa siyasi qərarsızlıq və qeyri-sabitlik tablosu nümayiş etdirir. Seçkilər iqtidardakıları silib-süpürür. Əksər hallarda müxalifətdəki sol partiyalar iqtidara gətirilir. Fransa bunun son nümunəsidir. Sosialistlər 18 illik fasilədən sonra yenidən prezidentlik kürsüsünə əyləşdilər. Bu, həm sağçı Sarkoziyə qarşı bir qəzəbin, həm də solçu Ollanda bağlanan "dəyişim" ümidlərinin bir göstəricisidir.

Bu arada seçkilərin birinci turunda həddindən artıq irqçi yönü ilə diqqət çəkən Milli Cəbhənin əldə etdiyi 18 faizlik parlaq nəticəni unutmamaq lazımdır. Yəni Fransada da müxalifətin "ucqar"larındakılar belə bugünkü mühitdən faydalanır.

Yunanıstanda da seçicilər illərdən bəri ölkəni idarə edən, iqtidarda təmsil olunan iki partiyanı - PASOK ilə Yeni Demokratiya Partiyasını ağır formada cəzalandırdı. Belə ki, ikisi bir araya gəlsə belə, bir koalisiya hökuməti qura bilməyəcək. Üçüncü bir ortağa ehtiyacları var. Halbuki digər partiyalar "ucqar"larda idi. Bu gün isə, hətta nasist meyilləri ilə tanınan bir partiya da söz sahiblərindən birinə çevrilib. Bir vaxtlar alman işğalına məruz qalan Yunanıstanda "Nasistlərin Təşkilatı" və "faşistlər" olaraq tanınan "Hrisi Avgi" (Qızıl Şəfəq) indi parlamentdə təmsil olunur.

Avropalılara nə olub? Niyə iqtidarda olanlara (sağçı və ya solçu da olsalar) bu qədər kəskin reaksiya göstərilir və insanlar niyə bu qədər qəzəblidirlər?

Bunun başlıca səbəbi, iqtisadi böhrandır. "Borc böhranı" olaraq başlayan bu problem bütün Avropanı sarsıdır. İşsiz, pulsuz qalan və ya həyat standartını qorumaq uğurunda mübarizə aparan insanlar, bu durumun məsuliyyətini iqtidarda olanlara yükləyirlər. Ölkələrini seçki məntəqələrində onları öz səsləri ilə "sındırmaqla" göstərirlər.

İqtisadi böhran bir çox Avropa ölkəsini "kəmər sıxma" siyasəti tətbiq etməyə məcbur edir. Əslində, məcbur edən də Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu və Mərkəzi Bank kimi təşkilatlardır.

Başda Yunanıstan olmaqla, İspaniyadan İrlandiyaya qədər bir çox ölkə bunun təsiri ilə daxili və xarici borc yükünün altından qalxa bilmək üçün ciddi iqtisadi və sosial inkişaf proqramları həyata keçirmək məcburiyyətində qaldılar.

Bir çox avropalı iqtisadçı və siyasətçi indiyə qədər böhrana qarşı tətbiq olunan tədbirlərin əks-təsir göstərdiyini və yeni iqtisadi islahatların həyata keçirilməsinin tərəfdarıdır.

Avropada insanların seçimlərində bir tərslik müşahidə olunsa da, verdikləri mesaj budur: qitəni iqtisadi bir intihara sürükləyən avropalı liderlərin və siyasətin dəyişdirilməsinin vaxtı çatıb.

Digər xəbərlər