PDF Oxu

Köşə

  • 1 231

Müxalifət: yuxarıdan aşağı və tərsinə təbliğatın acı nəticəsi

Müxalifət: yuxarıdan aşağı və tərsinə təbliğatın acı nəticəsi

"İctimai Palata"nın liderləri hələ ki, uzaqdan-uzağa hərbə-zorba gəlməkdən uzağa gedə bilmirlər. Bir tərəfdən 20-ci sahə yaxınlığındakı ərazidə icazəli mitinq keçirmək istəmir, şəhərin mərkəzinə daha yaxın yerdə geniş meydan tələb edirlər. Bir neçə xarici ölkə səfirinin vəd etdikləri qrantın çoxluğundandır ki, hədə-qorxu gəlib, aryerqard döyüş üsulundan istifadə edərək, dərhal geri çəkilməyə üstünlük verirlər. Onların bu hərəkətləri "qozlu-qozlu" danışan məhlə uşaqlarının qarşıduran tərəfə söyüb qaçmasını xatırladır. "İP" liderlərindən biri olan Əli Kərimov isə, həmişə olduğu kimi, pafoslu bəyanatlarından nəinki əl çəkmir, deyəsən, hətta bunlardan zövq də alır. O, keçmişdə dediklərini bir daha təkrar edərək, "hökumətə müraciətimdə deyirəm ki, sizinlə mübarizə aparan, sizin rahatlığınıza mane olan mənəm". İfadənin sonunda dalbadal üç nida işarəsinin qoyulmasının hansı qrammatik qanunla əlaqədar olduğunu bilmək olmur. Görünür, bu qrammatik üsulu "İP" dilçiləri tətbiq edib. Üç nida işarəsi, yəni "Ə.Kərimov fikrini üç dəfə əminliklə dediyinə inanır" deməkdədir. Ancaq anlamır ki, hətta otuz nida işarəsi qoyulsa da, ifadə otuz dəfə gücdən düşmüş olur. Çünki o, iqtidara hansı vasitə ilə mane olduğunu heç cür sübut edə bilmir. Deməli, Ə.Kərimov sussaydı, daha çox hörmət qazanardı, nəinki boş yerə qazan taqqıldatmaqla...
"İP" liderləri Ə.Kərimov və İ.Qəmbərovun boş qazanları taqqıldadaraq, heç nədən hay-küy yaratmaq istəklərini, müavinlərinin qəzetlərində geninə-boluna fırlatmaqla ifadə etmələri yalançı söz pəhləvanlığından başqa bir şey deyil. Ortada heç bir konkret işin olmadığı halda, "ay belə asaram, ay belə kəsərəm" demək maliyyə dəstəkçiləri olan səfirləri xatircəm etməkdən uzağa getmir. Artıq səfirlər də təxribatçı hərəkətlərini malalamaqla məşğuldurlar. Onlar and-aman edirlər ki, heç bir "İP" lideri ilə hər hansı danışıq aparmayıblar. Bu cür etiraflar səfirlərin haqsızlıqlarını sübut edir. Həmişə olduğu kimi, boş-boşuna lüzumsuz bəyanatlar verməyin sonu yalnız bu cür uğursuzluqla başa çata bilər. Bu, bir neçə dəfə evinin yandığını deyən yalançıya inanaraq, alovu söndürməyə gedənlərin və üzləşdikləri gerçəklikdən sonra, nəhayət, evi doğrudan da, yanan şəxsə inanmayacaqlarına gətirib çıxarmağına bərabər bir vəziyyətdir.
Bu ötür-ötür oyununun son məqamları müxalifət yazarları tərəfindən daha sönük tərzdə "dəstəklənir". Yazarlar yeməyin harda bişdiyini bilməsələr də, "bir çömçə də mənə ver" prinsipini üstün tutaraq, qazan içi qurdalamaqla məşğul olurlar. Onlar partiyanın yuxarı cinahında təmsil olunanların haqlı olduğunu, opponentlərinin isə haqsızlığını qeyri-peşəkarlıqla işıqlandıraraq, özlərini partiya yetkililəri qarşısında gülüş hədəfinə çevirirlər. Bu da "İP"-in liderləri və ikinci, üçüncü eşelon mübəlliğlərinin yuxarıdan aşağı və əksinə apardıqları təbliğatın səmərəsizliyindən xəbər verməkdədir. Bu cür iş üsulunun ən gerçək adı naşılıqdır.

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər