PDF Oxu

Köşə

  • 981

Gəldiklərikimi getdilər

Gəldiklərikimi getdilər
Minsk Qrupunun həmsədrlərinin növbəti dəfə bölgəyə səfəri baş tutdu. İqor Popov, Robert Bradtke, Jak For və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kasprşik mayın 11-14-də regiona səfərləri çərçivəsində Yerevan və Bakıda olduqları zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son səyləri müzakirə etmək üçün prezidentlər İlham Əliyev və Serj Sarkisyanla görüşdülər. Daha sonra səfərlərinin yekunlarına dair birgə bəyanat da yaydılar.
Bəyanatda bildirilir ki, həmsədrlər tərəflərlə prezidentlər İlham Əliyev və Serj Sərkisyanın yanvarın 23-də Soçidə qəbul etdikləri öhdəliklərin reallaşması, o cümlədən, münaqişənin sülh yolu ilə nizamlanmasının əsas prinsiplər üzrə razılaşmanın əldə edilməsi prosesini sürətləndirmək, atəşkəs rejiminin pozulmasının qarşısını almaq mexanizmləri üzərində işləmək, humanitar əlaqələri inkişaf etdirmək kimi məsələlərlə bağlı müzakirələr aparıblar. Həmsədrlər qoşunların təmas xəttində baş verən son insidentlərlə bağlı narahatlığını bildirib və tərəfləri təmkinli davranmağa və qisasçılıqdan çəkinməyə çağırıblar. Yəni bu dəfə də "köhnə hamam, köhnə tas". Şablon bəyanat, şablon açıqlamalar... Həmsədrlər yalnız bəyanatlarla çıxış edib, bir neçə yeni söz əlavə etməklə işlərini bitmiş hesab etdilər. Ancaq 20 ildən çox ömrü olan Qarabağ probleminin çözümündə heç nə dəyişmir, hər şey olduğu kimi qalmaq əvəzinə, bir az da mənfi çalarlara meyillənir. Əslində, bu səfəri digərlərindən fərqləndirən cəhət, iki həmsədr ölkədə - Rusiya və Fransada baş tutan prezident seçkiləri idi. Rusiyada Putin dönəmi davam etsə də, Fransada Olland dövrü başladı. Bu iki ölkənin Azərbaycana qarşı ana siyasətində böyük dəyişikliklər baş verməyəcəyini bilsək də, münaqişənin həlli istiqamətində müəyyən yeniliklər gözləyirdik. Jak Forun açıqlaması isə bizi ümidləndirən yeni gözləntilərin üzərindən xətt çəkdi. Fransalı həmsədri Jak For yeni prezidentin andiçmə mərasimindən sonra yeni hökumətin formalaşacağını söylədi: "Lakin Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətini dəyişiklik olmadan davam etdirəcək". Demək, dünyada ən az Rusiya qədər Ermənistana himayədarlıq edən Fransadan bundan sonra da yaxşı nə isə gözləmək sadəlövhlük olardı.
Rusiyalı həmsədr İqor Popov isə bildirdi ki, Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin ardıcıl tərəfdarı olub. Biz bunu əsas götürürük ki, Rusiyanın vasitəçilik fəaliyyəti ATƏT-in Minsk Qrupunun həmsədrləri olan digər ölkələrlə birlikdə davam etdiriləcəkdir. Diplomatiyada belə bir acı təcrübə var ki, heç kim həqiqəti dilinə gətirmir. Münaqişənin dinc yolla tənzimlənməsindən danışan Rusiya bu gün Ermənistana əlindən gələn hərbi yardımları edir. Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazası Moskvanın maraqlarının müdafiəsi üzrə fəaliyyətlə məşğul olmaqla yanaşı, Ermənistan silahlı qüvvələri ilə bu respublikanın təhlükəsizliyini təmin edir. Bütün bunların fonunda Rusiyanın Minsk Qrupunda həmsədr olması gülünş doğurur. Əslində, heç kimə sirr deyil ki, Qarabağın işğalında Rusiyanın rolu misilsizdir. Əgər Ermənistan Rusiyanın forpostu olmaqdan qurtularsa, onda Qarabağ problemi həllini tapar.
Təəssüf ki, yalanı doğru kimi sırımağa, onu həqiqət səviyyəsinə qaldırmağa çalışırlar. ATƏT də, digər beynəlxalq qurumlar da Qarabağ probleminin guya ki, ədalətli həll ilə bağlı yalançı cəhdləri ilə "gözə kül üfürməklə" məşğuldur. Minsk Qrupunun digər həmsədrləri kimi, ABŞ-ın Ermənistana açıq və gizli sevgisini bu ölkə rəsmilərinin çıxışında aydın sezmək mümkündür.
Həmsədrlər tərəflərin münaqişənin sülh yolu ilə həllinə sadiq qalmasını alqışlayırlar. Guya ki, bizə canları yanır, savaşın yenidən başlamasını istəmirlər. Əslində isə, həmişəki kimi siyasi və iqtisadi maraq onlar üçün hər şeydən öndə gəlir. Bu maraqları qorumaq üçün dolayısı ilə özlərini problemlərin çözümü ilə məşğul olan kimi göstərir, arada bir səfərlər edib, bəyanatlar verirlər.
Deməli, bütün hallarda son söz yenə Azərbaycandır, yenə də ümid özümüzə qalıb.

Digər xəbərlər