PDF Oxu

Köşə

  • 1 654

Müsəlman qardaşına xəyanət etməz

Müsəlman qardaşına xəyanət etməz
Əgər yadınızdadırsa, "Nəsimi" kinofilmində belə bir kadr var. Əmir Teymurun Azərbaycana basqın xəbərinin müzakirəsi zamanı Şirvanşah Şeyx İbrahimlə Şeyx Əzəm Sədrəddin arasında maraqlı dialoq baş verir. Şirvanşah İbrahim Əmir Teymurun Azərbaycana basqın xəbərinin təkzib edən Şirvanşah Şeyx İbrahim bildirir ki, Teymur onunla müttəfiqdir və varislərindən daha çox ona lazımdır. Şeyx Əzəm isə, "Əmir Teymur başı üzərində islamın bayrağını, əlində islamın qılıncını gəzdirir. Dini xilas etməyə gəlir Əmir Teymur".
Şirvanşahın cavabı isə qısa və tutarlı olur: "Nə olub ki, bizim dinimizə? Sədrəddin Şeyx Əzəm budur, sağ-salamat nər kimi durub qarşımda. Məscidlər, mədrəsələr, üləmalar da ki, yerli-yerindədir. Yox, şeyx, Şirvanda din təhlükədə deyil".
Son zamanlar dini zəmində iranlı ayətullahların Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamların sayı artmaqda davam edir, ölkəmiz haqqında ən çirkin iftiraları belə səsləndirirlər. Gah Azərbaycanda dini azadlığın olmamasını gündəmə gətirir, gah qadınların hicab məsələsini müzakirəyə çıxarır, gah da məscidlərin bağlanması və ya sayının az olması kimi əsassız və boş iddialarla çıxışlar edir, hətta ölkəmizə qarşı təhdidlər səsləndirirlər.
Şirvanşahın tövrü ilə desək: "Nə olub ki, bizim dinimizə?" Azərbaycanda 2 minə yaxın məscid var. 574 dini icma fəaliyyət göstərir. Rəsmi məlumata görə, Bakı şəhərində tarixi abidə kimi qorunan məscidlər və ibadət evləri də daxil olmaqla, 140-a yaxın məscid var. Son 8 ildə Azərbaycanda 117 məscid, 1 kilsə və 1 sinaqoq inşa olunub, onlarla məscid, eləcə də, 4 kilsə, 2 sinaqoq əsaslı təmir edilib. Bakı İslam Universiteti və onun 4 filialı ali dini təhsilli mütəxəssislər hazırlamaqla məşğuldur.
Bir sözlə, Azərbaycanda dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Bu deyilənlər beynəlxalq qurumların ölkəmiz haqqında hesabatlarında da öz əksini tapır.
Konstitusiyanın 18-ci maddəsində qeyd olunur: "Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır".
Bəs bizi ittiham edən İranda vəziyyət necədir? Amerikanın Beynəlxalq Dini Azadlıqlar Komissiyası dünyada dini azadlıqlar barədə cari il üçün hazırladığı hesabatında İranı bu azadlıqları ən çox pozan ölkələrin siyahısına salıb. Hesabatın İrana ayrılmış hissəsində yazılır ki, bu ölkədə insanlar hələ də təkcə dini etiqadlarına görə uzun müddət həbsdə saxlanır, işgəncələrə məruz qalır, bəzi hallarda isə edam olunurlar.
Hesabatda qeyd edilir ki, teokratik konstitusion sistemlə idarə olunan İran Respublikasında insanlar mənsubu olduqları din və inamlarına görə ayrı seçkiliyə məruz qalırlar ki, keçən bir il ərzində dini azadlıqların vəziyyəti daha da pisləşib. İnsan hüquqları müdafiəçilərinə qarşı pis rəftar həmin müddət ərzində daha da artıb, onlardan bəziləri saxlanılıb və bir neçəsi "İslam nizamına qarşı mübarizə aparmaq" (Allaha qarşı mübarizə) ittihamı ilə edam edilib. Həmin il ərzində, azlıqda olan sünni müsəlmanlar, sufilər, bəhailər, xristianlar, yəhudilər, atəşpərəstlər, asurilərə qarşı hədə-qorxu, ayrı-seçkilik, həbs hadisələri artıb.
Fars rejiminin Azərbaycana qarşı siyasətində heç vaxt səmimi olmadığı, əksinə, hər fürsət düşdükdə, anti-Azərbaycan xarakterli fəaliyyət göstərməyə çalışdığı acı bir həqiqətdir. Azərbaycan ərazilərini hələ də işğalda saxlayan Ermənistanla İran arasında mövcud işbirliyinə, cənub qonşumuzun xüsusi xidmət orqanlarının diktə və himayəsi ilə ölkəmizdə terror aktları törədən qrupların sayının son dövrlər daha da artmasına və bu qəbildən olan digər hallara nəzər yetirməklə də bunun şahidi olmaq olar. Halbuki islam və müsəlmançılıq bu deyil.

Digər xəbərlər