PDF Oxu

Köşə

  • 1 183

İpin ucu Gürcüstandan çıxdı

İpin ucu Gürcüstandan çıxdı
Bir neçə ildir ki, Müsavat rəhbərliyi heç cür özünü toparlayıb qurultayını keçirə bilmir. Məsələnin düyünə düşməsini İsa Qəmbərovun özü ilə əlaqələndirirlər. Deyirlər ki, başqan qurultayın Məlikməmməd kəndirini büküb-bürmələyərək, dibsiz quyunun içinə atmışdır. Nağıl qəhrəmanı Məlikməmmədin özü qorxmayaraq, quyunun dibinə endiyi halda, Müsavatda Məlikməmmədlik edən İsa Qəmbərov heç cür bu qəhrəmanlığı təkrar etmək istəmir. Şair demişkən, kəndirin kəsilsin Məlikməmməd, səni gözlədiyim quyunun başında. Bu ifadəni başqana transfer etsək, belə deməliyik: "Kəndirin kəsilsin, İsa Qəmbərov, həmkarlarının səni gözlədikləri dibsiz quyunun başında"...
İ.Qəmbərovun yaxın ətrafı "örkən nə qədər uzun olsa da, gəlib doğanaqdan keçər" ifadəsinə söykənərək, başqalarının quyuya atdığı kəndirin səsini-sorağını gözləyirlər. Onların fikrincə, nə vaxtsa kəndirin sorağı çıxa bilər... Ancaq son məlumatlara görə, Müsavat başqanı qurultayın kəndirinin bir ucunu Gürcüstanın Tbilisi şəhərinə pərçim etmək istəyir.
Müsavat qurultayının xaricdə keçirilməsi ehtimalı var idi. Ancaq heç bir Müsavat yetkilisi bu ehtimalın bu qədər real olacağını gözləmirdi. Çoxlarını düyünlənmiş kəndir məsələsi çaşdırırdı. Atalarımız "ilan vuran ala çatıdan qorxar" deyiblər. Başqanın düyünləyib quyuya atdığı və artıq bir ucunun Gürcüstandan çıxan kəndirin də ala çatıya çox bənzəri var. Çatının isə ağı-qarası olmaz. Bu yerdə atalarımız "ilanın ağına da, qarasına da lənət" deyiblər. Müsavat yetkililərinin bir çoxunu da başqanın ilan timsallı düyünlənmiş ala çatısı qorxudur...
Yetkililər qurultayın tezliklə keçirilməsini gözləyirlər. İ.Qəmbərov isə ali yığıncağın tez keçirilməsini qətiyyən istəmir. Çünki bu, onun üçün başqanlıq kürsüsü ilə vidalaşmaq demək olardı. Bu cür qorxu AXCP (i) sədri Əli Kərimovu da təhdid etməkdədir. Odur ki, hər iki qorxaq dilbir olub "İctimai Palata"da birləşərək, kütləvi aksiya bəhanəsi ilə qurultaylarının vaxtını uzatmaq istəyirlər.
İ.Qəmbərovun ipinin digər ucunun Gürcüstanda çıxması da doğrudur. Məlumdur ki, bunlar hara gedirlərsə, oranı xaraba qoyurlar. Tbilisini fikirləşdikləri vaxt şəhəri su basması buna sübutdur. Yəqin ki, bunlar Gürcüstana Şəki-Qax-Zaqatala-Balakən yolu ilə getməyi fikirləşiblər. Bu təbii fəlakətlər də İ.Qəmbərovun ayağına yazılmalıdır. Demokratiya olmasaydı, İ.Qəmbərovun fikirləşməsinin qarşısını almağı tələb edərdim.
Xülasə, İ.Qəmbərov gedib Tbilisiyə çıxa bilsə, qurultayı keçirməkdən çox, "Soros" fondu vasitəsilə, ilk növbədə, "İctimai Palata"nın maliyyələşdirilməsi məsələsini ön plana çəkəcək. Pul versələr, götürüb cibinə qoyacaq. Ancaq məsələ fırlanıb qurultayın üstünə gəldikdə, deyəcək ki, buna Tbilisidəki təbii fəlakət mane olur. O zaman başqan oradakı ipin başına düyün vuracaq və rahat nəfəs alıb, ipin də, itin də itdiyini deyəcək. Sual oluna bilər ki, mövzunun bu gərgin yerində ipin itə nə dəxli var? Dəxli var, özü də, rus demişkən, vıpryamuyu... A bala, söhbət itin boğazında apardığı ipdən gedir. İş ondadır ki, İ.Qəmbərov da bu fakta əsaslanıb, nə ipdən, nə də itdən xəbəri olmadığını deyəcək. Bu da "dəvəni gördünmü" sualına, "qığını da görmədim" cavabına bənzən bir şey olacaq.

Digər xəbərlər