PDF Oxu

Köşə

  • 1 078

“KXCP” “İP”-in aksiyalarını dəstəkləməyəcək

“KXCP” “İP”-in aksiyalarını dəstəkləməyəcək

Mirmahmud Fəttayev:

Müsavat da, "Yurd" da qəlb acımızdı,
Qurum yavaş qaçan mərd qıçımızdır,
"DUİ" bizim əsil baş tacımızdı,
Biz "İP"-in yoluyla getməyəcəyik.

Gülağa Aslanlı:

Məqsəd Müsavatda heç düzlük deyil,
"DUİ" nə dəbiqlə, nə dizlik deyil,
Sizin təcrübəniz də bizlik deyil,
Biz də sizin kimi etməyəcəyik.

Mirmahmud Fəttayev:

Daş düşsün İsa tək rəzil başına,
Möhkəm olacağıq fəsil başına,
Gedib çatacağıq mənzil başına,
Arada-bərədə itməyəcəyik.

Gülağa Aslanlı:

Biz sizdən güclüyük, demişəm bayaq,
Sizin bir tədbirə basmarıq ayaq,
Oturub "DUİ"-də qonaqlar sayaq,
Nə pambıq, nə də yun didməyəcəyik.

Mirmahmud Fəttayev:

Mənim sözlərimi yozma sən bədə,
Nə qaçıb kənara heç gəlmə hədə,
Bir vaxt olduğu tək sizin süfrədə,
Viski içmək üçün bitməyəcəyik.

Gülağa Aslanlı:

Aldadıb sizləri həvəsimizlə,
Tanış edəcəyik qəfəsimizlə,
Sizi odlayaraq nəfəsimizlə,
Yandırıb-yaxacaq, ütməyəcəyik.
Mirmahmud Fəttayev:

İsanın, Əlinin həzər zərbəsi,
Baş əzər bir Ağanəzər zərbəsi,
Sizə endirərək nəzər zərbəsi,
Yanınızdan laqeyd ötməyəcəyik.

Gülağa Aslanlı:

Çığırın-bağırın sərsəm dəli tək,
Ya da siz böyürün camış kəli tək,
Nitq irad edərik İsa, Əli tək,
Yalançı bülbül tək ötməyəcəyik.

Mirmahmud Fəttayev:

"KXCP" önündə Müsavat böcək,
"DUİ" "İP" önündə büdrəməyəcək,
Sizin qarşınızda titrəməyəcək,
Nə də önünüzdə sitməyəcəyik.

Gülağa Aslanlı:

Hazırıq udmağa bütöv dənizi,
Yenə Mirmahmudun qaçdı bənizi,
Sizin əyilməyən qamətinizi,
Salıb ayaq altda biz əyəcəyik.

Mirmahmud Fəttayev:

İsanın, Əlinin cibləri pullu,
Dovşan da ağzına sığmadı çullu,
Sizi zaman-zaman söküb üsullu,
Daim xətrinizə biz dəyəcəyik.
Gülağa Aslanlı:

Yeriyə bilmirsiz yəqin yedəksiz,
İndi darıxırsız, əlbəttə, təksiz,
Əgər "İP"-ə düşsə yolunuz, şəksiz,
Sizi yaxşılar tək biz öyəcəyik.

Mirmahmud Fəttayev:

Belinizə saman çullamasaq da,
Sizi cəhənnəmə yollamasaq da,
Sümüklərinizi tullamasaq da,
Ətinizi çiy-çiy biz yeyəcəyik.

Gülağa Aslanlı:

Çətin məsələdi bizimlə oyun,
Nə pəsdahdan çıxdıq, baxın və doyun,
"İP" boyunduruğuna soxmasan boyun,
Sizi əzişdirib, həm döyəcəyik.

Mirmahmud Fəttayev:

Nifrinlər yağdırıb müftə hamıya,
Söyüş bağışlarıq siftə hamıya,
İsaya, Əliyə, "İP"-də hamıya,
Sənin özünə də çox söyəcəyik.

Gülağa Aslanlı:

"İP" geyib narıncı bir qəm libası,
Yaraşır sizlərə çəm-xəm libası,
Geyib əynimizə matəm libası,
"DUİ"-nizə ağı tez deyəcəyik.

Mirmahmud Fəttayev:

Çata bilməsəniz tədbir evinə,
Yollanın dinməzcə səbir evinə,
Siz gedəndən sonra qəbir evinə,
Bayram libasını biz geyəcəyik.

Gülağa Aslanlı:

Sırada Petrosyan Ter olmayacaq,
İçimizdə mister, ser olmayacaq,
Bizdə inciməyə yer olmayacaq,
Hətta desəniz də axmağıq, səyik.

Mirmahmud Fəttayev:

Özün də olmadın keylikdən uzaq,
"İP" dura bilmədi səylikdən uzaq,
Sizlər kübarlıqdan, bəylikdən uzaq,
Sizə baxanda biz sanballı bəyik.

Gülağa Aslanlı:

Daim haqlı çıxıb kəsə inanan,
Uduzun hay-küyə, səsə inanan,
Burda olmayacaq sizə inanan,
Hətta desən belə adi böcəyik.

Mirmahmud Fəttayev:

Hörmət qoyulmadı sizə vətəndə,
Atılıb qaldınız bucaqda-tində,
"İP" gedib çatmadı yonca bitəndə,
Payızda sayılan xırda cücəyik.

Gülağa Aslanlı:

İkimizdə də var sırtıqlaşmış üz,
İkimiz də birik: nə mən, nə sən düz,
Olduğumuz halda işıqlı gündüz,
Sizin fikrinizcə, zülmət gecəyik.

Mirzə QƏRƏNFİL

Digər xəbərlər