Bizdə sovet dövründən qalma bir çox ittifaqlar, təşkilatlar və qurumlar hələ də fəaliyyət göstərməkdədir. Yazıçılar, jurnalistlər, bəstəkarlar, rəssamlar ittifaqlarını və digər təşkilatları buna misal göstərmək olar. Sovet dövründə bu təşkilatlar ideoloji cəhətdən yönləndirilir və cəmiyyətin xeyrinə istifadə edilirdi. Bu səbəbdən də, həm bədii əsərlər, həm bəstəkarlıq nümunələri, həm rəsm əsərləri, həm də digər müvafiq yaradıcılıq nümunələri böyük tirajlarla nəşr edilir, sovet müəssisələrinə yayılır, nəhayət, satılaraq, müəlliflərinə qazanc gətirirdi. Göründüyü kimi, hər bir şair, yazıçı, bəstəkar və rəssamlar, xoşuna gəldi-gəlmədi, əsərlərində mövcud quruluşu vəsf edirdi.
İndi gələk bazar münasibətlərinə. Azərbaycanda müstəqilliyin elan edilməsinin ertəsi günü bazarlarda qiymətlərin alıcı-satıcı münasibətlərindən doğması aşkarlandı. Sovet dövründə icra orqanları qiymətləri tənzimləyirdi. Alver qadağan edilmişdi. Bu cür adamlar ələ keçdikdə, möhtəkir kimi cəzalandırılırdı. İndi adama elə gəlir ki, bütün bazar münasibətləri möhtəkirlər vasitəsilə idarə olunur. Sovet dövründə indiki bazar alverçilərinin hamısı möhtəkir hesab edilərdi. Əlbəttə, satıcılar alqı-satqı əməliyyatlarını icra orqanlarından alınmış sənədlərlə gerçəkləşdirirlər. Buna görə də, sovet dövrünə nisbətən bolluq daha çox nəzərə çarpır. Məhsul çoxluğu isə ucuzlaşmanı şərtləndirir.
Bazarda vəziyyət öz-özünə tənzimlənir. Ancaq indiki dövrdə yaradıcı təşkitlatların da rolu dəyişir. Yəni yazıçılar, bəstəkarlar və rəssamlar öz birliklərini bazar münasibətlərinin qanunları çərçivəsində işə salmalıdırlar. Yəni hər hansı təşkilatı yaradarkən, onun gəlir gətirib-gətirməməsini nəzərə almaq lazımdır. Təəssüf ki, bizdə hamı dövlətdən dəstək gözləyir. Axı dövlət ona fayda gətirməyən qurumları nə səbəbə maliyyələşdirməlidir?
İndi gələk mətləbə. Müxalifət partiyalarının liderləri, funksionerləri və sıravi üzvləri dövlətə düşmən münasibəti göstərdikləri üçün dövlət mükafatlarını saya salmırlar. Ancaq bununla yanaşı, özlərinin alternativ yazıçılar, jurnalistlər, ziyalılar kimi təşkilatlarını yaradıb, özününküləri onların mükafatları ilə təltif edirlər. Bunların yozumunda bir növ dövlətinki olur pis, müxalifətinki olur yaxşı. Elə bil, bir ölkə daxilində iki müxtəlif cəmiyyətdə yaşayırıq. Dövlət iqtidar-müxalifət fərqi qoymaq istəməsə də, müxalifət özününkülərdən başqasını tanımaq istəmir.
Bu, qərəzli və düşmən müxalifətdir. Məntiq qanunlarına görə, nə qədər çək-çevir etsə də, əvvəl-axır düşmən məhv edilməlidir. Çünki bir ölkə daxilində iki bir-birinə zidd qanun mövcud ola bilməz. Dünyanın heç bir ölkəsində bizimkilər kimi müxalifət yoxdur.
Müxalifət dövlət əleyhinə olmamalıdır. Onlar hakimiyyət uğrunda sivil qaydada mübarizə aparmalı və hakimiyyətin digər qanadından daha mütərəqqi olduqlarını seçicilərə sübut etməlidirlər. Bizim müxalifətdə bu cəhət sıfır həddində olduğundan, səviyyəsi müqayisəolunmaz dərəcədə yüksək olan iqtidara düşmən mövqedə durmağa üstünlük verir. Bunun heç zaman uğursuzluğa aparmayacağını isə anlamırlar.
Valeh MƏHƏRRƏMLİ