PDF Oxu

Köşə

  • 1 132

AQRESSİV MÜXALİFƏTƏ OLLAND DƏRSİ

AQRESSİV MÜXALİFƏTƏ OLLAND DƏRSİ

Bu günlərdə Fransanın yeni seçilmiş prezidenti Fransua Olland daha bir maraqlı addımı ilə yadda qalıb. O, ölkəsində fəaliyyət göstərən nüfuzlu radiokanallardan birini məhkəməyə verib. Səbəbi isə Fransa prezidentin ailəsinə edilən müdaxilələr və aparılan qeyri-ciddi, əsassız, şişirdilmiş qərəzli jurnalist araşdırmalarıdır. Bu kimi olayın, məhz Fransa kimi dövlətdə baş verməsi özündə bir çox maraqlı nüansları aşakar edir.


SUAL EDƏNLƏR TAPILMADI Kİ...


Məsələn, Azərbaycanın dağıdıcı müxalifəti hələ "Eurovision" Mahnı Müsabiqəsi öncəsi müxtəlif vasitələrlə özlərinə cəlb edə bildikləri almaniyalı, fransalı, norveçli, danimarkalı jurnalistlərin, eləcə də, qərəzli beynəlxalq təşkilatların qarşısında iddia qaldırmağa cəhd göstərirdilər ki, guya Azərbaycanda söz və ifadə azadlıqları pozulur, mətbuat istədiyini yaza bilmir və s. Amma onlara xarici ölkə təmsilçiləri tərəfindən sual edənlər tapılmadı ki, ay müxalifət təmsilçisi, əgər sən bizimlə görüşməyə, konfranslar keçirməyə, həmin görüşləri öz mətbuat səhifələrində işıqlandırmağa, "demokratiya naminə oxu" adı altında ölkədə istədiyin tədbirləri keçirməyə müvəffəq olursansa, daha bizim başımızı niyə ağrıdırsan? Ancaq təəssüf ki, bu tipli suallar aqressiv müxalifətə yönəldilmədi. Əksinə, bəzi Qərb mətbuatı və onları idarə edən korrupsioner qruplar aqressiv müxalifətin fitilinə od qoymaqla, onları daha da azğınlaşdırmağa nail olurdular. Düzdür, nəticədə, yenə də olan onlara oldu, amma bu olanlar, olmaya da bilərdi. Ancaq bizlərdə "keçənə güzəşt" desələr də, nə bunlara, nə də onlara, ümumiyyətlə, güzəşt-filan düşməyəcək. Çünki sözügedən müxalifət milli mənsubiyyətdən tamamilə kənara çıxaraq, qeyri-milli, qeyri-dövlətçi mövqeyindən çıxış ediblər və cavabını da alacaqlar.


AVROPALILARIN BƏRBAD SOSİAL HÜQUQLARI


Bu gün Fransada yaşanan məlum məhkəmə olayına nədənsə, həm xarici media qurumları, həm də bizim dəymədüşərlər, ümumiyyətlə, maraq göstərmirlər. Və nəyə görə maraq göstərib yazmırlar, hay-küy qaldırmırlar ki, bəs qoymayın, Fransada söz və ifadə azadlığı pozulub. O boyda Olland durub-durub radionu məhkəməyə verib, həmin vasitə ilə azadlığa məhdudiyyətlər qoyub. Amma o da deyilmir ki, Fransa prezidenti Olland həm də bir vətəndaşdır və sözügedən radio vasitəsilə pozulmuş hüquqlarını məhkəmə vasitəsilə bərpa etmək onun haqqıdır. Çünki burada heç kimin marağı yoxdur. Amma Azərbaycanda qərəzli maraqlar o qədər artıqdır ki, daha olmazın ittihamlar burada kifayət qədər sərgilənib.

Bu əsnada onu da xatırlatmaq istərdim ki, nəinki Fransada, eləcə də, Britaniyada, Norveçdə, Almaniyada hər gün müxtəlif məsələlər ətrafında insanların azadlıqlarına məhdudiyyətlər qoyulub və qoyulmaqda davam edir. Avropalıların sosial hüquqları da bərbad durumdadır desək, yanılmarıq. Müxtəlif bank əməliyyatlarında qarşılanan problemlərdən dolayı insanlar küçələrə tökülür, polis gücləri onları zorakılıqla dağıdır, həbs edir. Bir sözlə, görünür, Qərbin başı özünə elə qarışıb ki, hətta Ollandın hər hansı radionu məhkəməyə verməsi də nəzərə çarpmayıb. Ancaq yəqin ki, buna da nəzər salınacaq. Ancaq Azərbaycanın dağıdıcı müxalifəti orda-burda ortadagəlmişlik etməkdənsə, gözünü açıb, həmin məsələyə diqqətlə baxsın. Baxsın və görsün ki, Azərbaycan Fransadan daha demokratik və azad ölkədir!


RÖVŞƏN

Digər xəbərlər