PDF Oxu

Köşə

  • 1 351

Dünya dağılsa da...

Dünya dağılsa da...

ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemlərinin həlli ilə bağlı iyunun ikinci ongünlüyünün axırlarında yeni görüş keçirmək niyyətindədir. Ancaq 20 il ərzində keçirilən görüşləri nəzərə alsaq və hər bir görüşdə Ermənistanın şıltaqlıq edərək, sərsəm bir ideya irəli sürdükdən sonra, həmişə problemin həlli dalana dirənmişdi. Odur ki, sonuncu görüşdə də hər hansı ciddi qərar qəbul ediləcəyi sual altındadır.

ATƏT-in Minsk Qrupu da hər dəfə Ermənistana güzəştə gedərək, problemi yenidən gündəmə gətirməklə kifayətlənir. Bu cür davam edəcəyi təqdirdə, daha bir neçə 20 ilin keçməsini gözləmək lazım gələrdi. İşğala məruz qalmış Azərbaycan tərəf problemin həllində dönüş nöqtəsinin yaranmasını istəyir. Əks-təqdirdə, Azərbaycan hökuməti daha sərt yanaşma metodu tətbiq etmək məcburiyyətində qalacaq. Erməni tərəf isə "çevir tatı, vur tatı" prinsipindən uzaqlaşa bilmir.

Qərbin Ermənistana yumşaq münasibəti göz qabağındadır. Bəs bu yumşaq münasibətin arxasında nə durur? Əlbəttə, güzəşt limitimiz tükənib, Ermənistanın himayədardları belə hesab edirlər ki, güzəşt limiti tükənəndə, Azərbaycan daha bir güzəşt addımı ata bilər. Ancaq bununla yanaşı, himayədarlar bıçağın sümüyümüzə dayandığını da anlamağa başlayıblar. Prezidentimiz birmənalı tərzdə belə bir bəyanat vermişdi ki, Azərbaycan torpağında ikinci Ermənistan dövlətinin yaranmasına yol verməyəcəyik. Bundan sonra himayədarların əsəbləri daha da gərginləşməyə başlayıb.

ATƏT-in Minsk Qrupunun üzvlərindən birisi olan Rusiya açıq surətdə Ermənistanı dəstəkləyir və digər ölkələrin Cənubi Qafqaza qədəm qoyacağı halda, Bakıya və Tbilisiyə ordu yeridəcəyini bildirir. Görünür, SSRİ-nin çökməsi və Balkanların əlindən çıxması Kremli cin atına mindirib. İllah da ki, Putin bu cin atına mindikdən sonra düşmək istəmir ki, istəmir. Moskva Moldovanın ordusu olmamasından istifadə edib, Pridnestrovyeni Kişenyovdan ayırıb. Moskvanın Cənubi Osetiyaya və Abxaziyaya havadar çıxaraq, onlara müstəqillik verməsi məlumdur. Moskva həm də Qarabağ probleminin həllini düyünə salmaqla Azərbaycana gözdağı vermək istəyir. Biz isə "gözdağı" müddətinin başa çatmasını istəyirik. Son günlər Putinin Qazaxıstan istiqamətinə yönəltdiyi ballistik raket də bizi qorxutmaq məqsədi daşımışdır. Bizimki isə artıq qorxmaqdan keçib.

Hillari Klintonun Yerevan, Tbilisi və Bakı səfərlərindən sonra Barak Obama bizə müsbət addım atmağı tövsiyə etdi. ATƏT-in Minsk Qrupunun üçüncü üzvü olan Fransa Sarkozi hakimiyyətinin sonlarında "ermənilərin və erməniliyin" müdafiəçisi kimi çıxış etdi və hakimiyyət sükanını Ollanda təhvil verdi. Bunu türkün gücünün nəticəsi kimi qəbul etmək olar.

Ərəb müsəlman ölkələrinin bir-birini diddiyi bu qarışıq zamanda yeganə dostu düşmənimiz Ermənistan olan İran molla rejimi də bizə doğru ağzından ad püskürür. Biz isə odun azaldılması yönündə cavab gedişi etməli olduq. Hələ ki, molla rejimi özünü haqlı saymaqdadır. Bəzi dairələr Azərbaycanın on gün ərzində öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməsini təhlükəli addım və ya üçüncü dünya müharibəsinə səbəb ola biləcək hal hesab edir.

Bir işə bax ki, bizim öz torpaqlarımızı erməni silahlılarının caynağından xilas etməyimiz bütün dünyanı qarışdırmağa qadirmiş. Amma dünya dağılsa da, biz torpağımızın bir qarışını da ermənilərə güzəştə getməyəcəyik.


VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər