Maraqlıdır, çox maraqlıdır ki, ölkədə hər seçkilər öncəsi "aktivləşən" passiv müxalifət ünsürləri müxtəlif üsullarla Bakı əhli demişkən, o qədər yalov-yalov danışmağa başlayırlar ki, dalay-dalayçı qırğız aşıqların dedikləri dastanlar belə, olur bunların yanlarında heç zad. Yəni müxalifətin dediyi məsələlər dastanlardan, balladalardan da ötə olur, ondan da o yana qədər gedib çıxır. Adam baxanda, fikirləşir ki, vallah da, billah da bunlara imkan versən, gedib Liviyanı, Misiri, hətta dünyanın bacara bilmədiyi Suriyanı ikicə günün içində qayırıb, (yaxşı mənada -R.) dönəcəklər üzübəri. Ancaq bütün bunlar, bir daha deyim ki, onların özlərinin fərziyyələridir.
MƏMOŞ KİŞİ
Və bu əsnada yadıma Qərbi Azərbaycan mahalında baş vermiş və qoca ixtiyar sahibi tərəfindən mənə nəql edilmiş maraqlı bir söhbət düşdü. Belə ki, onun rəvayətinə görə, sovet hakmiyyətinin yeni qurulduğu zamanlarda kənddən-kəsəkdən kənarda, Ağrı dağının soyuq ətəklərini qaçaq dəstəsi özünə məkan seçmişdi. Onlar gecə qaranlıq düşən kimi, kəndlərə enir, öz kəndlilərinin yeni hakimiyyətdən şikayətlərini dinləyir, bir növ camaata həyan çıxırmışlar. Hətta günorta zamanları kəndliləri meydana toplayan komsomolların, kommunistlərin gen-bol məruzələri haqqında məlumatlar əldə edirdilər. Məhz həmin məqamların birində - gecə deyil, məhz gündüz saatlarında növbəti mitinq zamanı kəndə qaçaqlar girir və atlarını düz mitinqin ortasına sürürlər. Bu vaxtı mitinqdə çıxış edən kommunist gənc qorxusundan o söz və başlayır qaçmağa. Kəndin ağsaqqalı Məmoş kişi əlini yelləyərək deyir: "A bala, neçə gündür ki, sənin darambadurum, qoymagəldi dastanın zəndeyi-zəhləmizi aparmışdı. Sən Allah, bir də qayıtma, qoy bir-iki gün baş -beynimiz dincəlsin. Sən də yazıqsan, get anan üst-başını yuyub-təmizləsin. Hərgah qayıtmağa üzün olacaqsa".
Bax, bu dağıdıcı müxalifətin bolşevik bəyləri də həmin tumanına batıran kommunistdən fərqlənmirlər. Hətta çox oxşayırlar həmin binəvaya. Bu gün bir mitinq edirlər, sonra deyirlər ki, darambadurum, səhərisi günü aclıq edirlər, dalınca da deyirlər qoymagəldi, o biri günü də hər hansı zadı törədirlər deyirlər filan-behməkan. Axı nə qədər üz və sifət var bunlarda ki, hakimiyyətdən qaçdıqları zaman "qeyrət" məsələsini unutmuşdular. Məgər buna görə də rəhmətlik Məmoş kişini qəbirdən durğuzub gətirməliyik ki, onları bəndeyi-biabır etsin?! Axı onlar da xalqın qorxusunda tumanlarını batırmışdılar. İndi də durub "İctimai Palata" yaradır, sonra da həmin "palatkanın" içində sarsaq-sarsaq işlər görürlər. Nəticədə, söhbətləri yenə kütləvi batırmağa doğru gedir. Ancaq bunu, bu biabırçılığı etməyə də bilərlər.
Hardasan, Məmoş kişi, hardasan?!
RÖVŞƏN