Milli Qurtuluş Gününün 19-cu ildönümü ərəfəsində o vaxtkı tarixi hadisələri xatırlamamaq ən azı ədalətsizlik olardı. Tarix həmişə düzgün verilən qiymətə üstünlük verib. Yanlış qiymət isə müəyyən tarixi hadisənin təhrifinə səbəb olur. Son günlərin müxalifət qəzetlərinin birində bir keçmiş AXC-çinin sözləri istehzalı təbəssümümə səbəb oldu. O, Kələkidə Əbülfəz Elçibəylə iki dəfə görüşməyə nail olduğu üçün özünü bəxtəvər saydığını bildirdi. Bu ifadəni işlədərkən, bir fanatik AXC-çi kimi ona haqq qazandırmaq olar. Ancaq bir azərbaycanlı kimi yox. Çünki Ə.Elçibəy cəmi bir illik prezidentliyi dövründə ölkəni iflas girdabına sürükləmişdi. Bu cür ölkə başçısına pərəstiş etmək vətəni sevməmək və onu taleyinə biganə olmaq kimi bir şeydir.
Ə.Elçibəy 1992-1993-cü illərdəki bir illik hakimiyyətindən sonra qorxusundan tələm-tələsik Kələkiyə qaçmış və 1993-1997-ci ilədək dörd illik "prezidentliy"ini orada davam etdirmişdi. O, 1993-cü ilin iyun ayının əvvəllərində silahlı dəstələrini Gəncədə dislokasiya edən Surət Hüseynovla arasında yaranmış konflikti həll edə bilmədiyindən, Bakıda hakimiyyət sükanını əlindən buraxmaq məcburiyyəti ilə üzləşmişdi. S.Hüseynovun gücü isə Rusiyanın Gəncədəki ordu hissələrinin komandanlığının ona həvalə edilməsi ilə bağlı idi. Moskvanın əmri ilə ordudakı bütün zabit heyəti, polkovnik və generallar S.Hüseynovun tabeçiliyi altında idi. Rusiya generalları onun qarşısında farağat dayanırdılar. S.Hüseynov isə Gəncə və Bakı arasındakı rayonları bir-bir ələ keçirərək, icra strukturlarına öz yaxın adamlarını təyin edirdi. Bu, hazırda bir çoxları üçün inanılmaz görünsə də, tarixi həqiqət belə idi.
Ə.Elçibəy Qarabağda müharibə apararkən, Kəlbəcəri erməni silahlılarına müqavimətsiz tabe edən şəxsdir. O deyirdi ki, narahatçılıq üçün əsas yoxdur, çünki BMT Kəlbəcəri ermənilərdən bir-iki aya alıb bizə qaytaracaq. Ancaq artıq 19 ildir ki, Ə.Elçibəyin bu fikri gerçəkləşməmiş qalır. Onun növbəti gülməli hərəkəti 1993-1997-ci illərdə Kələkidə oturub özünü həqiqə prezident sayaraq, dörd il ərzində fərman və sərəncamlar verməkdə davam etmişdir.
Həqiqət naminə deməliyik ki, Ümummilli Lider Heydər Əliyev Ə.Elçibəydən dəfələrlə Kələkidən Bakıya qayıtmağı məsləhət görsə də, S.Hüseynovu baş nazir kürsüsündə görən "keçmiş prezident" fəaliyyətini "Kələki prezidenti" kimi davam etdirəcəyini bildirmişdi. Sonra qanuni əsaslarla Ə.Elçibəyə etimadsızlıq referendumu keçirildi və bundan sonra yeni prezident seçkilərinin vaxtı təyin edildi.
Dövlət büdcəsində bir qəpik də qalmamışdı. Ümummilli Lider sıfırdan başlayaraq, inkişafa doğru start götürdü. Belə bir çətin vəziyyətdə Əlikram Hümbətovun "Talış-Muğan Respublikası" ləğv edildi, "XTPD" rəhbərləri Rövşən və Mahir Cavadov qardaşlarının 8-ci Kilometrdəki qərargahları dağıdıldı, yavaş-yavaş baş qaldıran S.Hüseynovun qiyamı yatırıldı. Ancaq bundan sonra AXC-nin dağıdıcı hakimiyyət sindromuna son qoyuldu.
AXC haqqındakı gülməli rəvayət bundan sonra da davam edirdi. Dörd illik "Kələki prezidentliyi" müddəti başa çatan Ə.Elçibəy 1997-ci ildə dilində "vətəndaş sülhü" kəlməsi başının məiyyəti ilə paytaxta qayıtdı. O, AXC-ni partiyalaşdıraraq, AXCP qiyafəsinə saldı. Başqa heç nəyə gücü çatmadı. Güc gərək ola ki, çata da bilə... Onun davamçıları isə AXCP-ni əvvəl üç tərkib hissəsinə, daha sonra isə xırda detallara ayırdılar. Bilmirəm bu rəvayətdən sonra Azərbaycan Xalq Cəbhəsinin hansısa nüfuzundan danışmağa dəyərmi?
VALEH MƏHƏRRƏMLİ