PDF Oxu

Köşə

  • 1 295

Qərəz və qəzəb inkişafa aparmır

Qərəz və qəzəb inkişafa aparmır

Əli Kərimov və İsa Qəmbərov mövqeyini müdafiə zəminində cəzalarını çəkən müxalifət sıravilərinin liderlərindən imtina etmələri kütləvi xarakter almaqdadır. Azadlığa çıxanların böyük əksəriyyəti partiya sıralarına qayıtmırlar. Bu hal on illərlə sədrlik postunda möhkəmlənmək istəyən Ə.Kərimov və İ.Qəmbərova itaətsizlik kimi yozulur. Hazırkı AXCP (i) və Müsavatın ikinci və üçüncü eşalondakı üzvləri liderlərini tezliklə qurultay çağırmağa və sədr postundan istefa verməyə çağırırlar. Necə deyərlər, dilsizlər dil çıxarmağa, gücsüzlər güc faktoruna əl atmağa məcbur olublar. İ.Qəmbərov və Ə.Kərimovun "İctimai Palata" kürsüsündə möhkəmlənmək cəhdləri də səmərə vermir. "İP"-i nə qədər uzatmağa cəhd etsələr də, o, hərlənib-fırlanıb doğanaqdan keçmək məcburiyyəti ilə üzləşərək, çürümə mərhələsinə qədəm qoymuşdur. İp ola, çürümə ola və qırılma təhlükəsi ilə üzləşməyə. Atalarımız "örkən nə qədər uzun olsa da, gəlib doğanaqdan keçər" demişlər. "İctimai Palata" doğanağının düyünü isə o qədər möhkəm deyil ki, onu Domokl qılıncı ilə kəsəsən.

Müxalifətin mərhələ-mərhələ iflasa doğru sürüklənməsi göz önündədir. İflası mütləqləşdirən sindromlardan biri də Serj Sarkisyan hökumətinin işğal bölgələrində uğursuzluqla üzləşməsidir. Müxalifətçilərin Qərb himayədarları vasitəsilə Serjlə əlaqə saxlamaları və onun xidmətindən yararlanmaq niyyətləri gerçəkliyə çevrilmir. ATƏT-in Minsk Qrupu problemi həll etməkdən çox, dinc sakinlərimizi hədəf altında saxlayan erməni əsgərlərinin təhlükəsizliyini təmin etməyə çalışır. Azərbaycanın daxili işlər və müdafiə nazirliyi rəsmiləri isə ətalət girdabında boğulan Avropa qurumuna "Ermənistan rəhbərliyi əsgərlərinin ölmələrini istəmirsə, ordusunu işğal edilmiş ərazilərdən çıxarmalıdır" mesajını vermişlər. Bu cür mesajlar get-gedə artmaqdadır. Artıq Avropa ilə danışmağın üsulunu tapmışıq. Çoxdanışanın qulağının dibində qışqırmasan, deyəcəklər qorxdu. Qorxan gözə isə çöp düşər.

Göründüyü kimi, ermənilərin uğursuzluğa düçar olmaları, bizim erməniyə dost müxalifətin də süqutunu sürətləndirir. Çünki çoxusunun çörəyi erməni dramından çıxırdı. Bunun üçün Tbilisi, Moskva, hətta Yerevanda da maraqlı erməni dairələri ilə görüşərdilər. Vaxtilə çox bu cür görüşlər keçirib, bol pul qazanmışdılar. Qanun pozuntusuna yol verənlərin bir neçəsi həbs cəzasına məhkum edilmişdi. Son vaxtlar həmin şəxslərin böyük əksəriyyətinin liderlərindən uzaqlaşmaları nəzərə çarpır. Bu da ikinci və üçüncü eşalon nümayəndələrinin kütləvi itaətsizliyi mənasını verir. Bıçaq sümüyə dirənəndə, itaət etməyə yer qalmır. Aşağı eşalon üzvlərinin gözləri qızanda isə, liderlərin qazamat yollarının üstündə yaşıl işıq yanır.

AXCP (i), Müsavat qurultaylarının təxirə salınması, "İctimai Palata"nın "Eurovision" uğursuzluğu müxalifət daxilində yerdəyişmələrin olacağını ehtiva edir. Liderlərin ləngliyi aşağı eşalonun qəzəb seli ilə tərs mütənasib olduğundan, şiddətli toqquşmanın olacağı gözlənilir. Bu toqquşmada qaliblər olmayacaq. Çünki qəzəb və qərəzin toqquşması labüd parçalanmadan yaxşı heç nə vəd etmir.

Respublika isə inkişaf və tərəqqinin yeni-yeni pillələrini fəth etməkdədir. Bu inkişaf geriyə qayıtmazdır. Çünki 19 il əvvəl bünövrəsi möhkəm qoyulub.


Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər