PDF Oxu

Köşə

  • 1 179

"Fontan effekti"...

"Fontan effekti"...

ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana rəsmi səfəri zamanı pozucu müxalifət nümayəndələri ilə görüşməməsi də İsa Qəmbərov və Əli Kərimova bir dərd olub. İsveç səfiri, Almaniya ombudsmanı və bu ölkənin rəsmi AŞPA nümayəndəsinin dəstəyi hara, Vaşinqtonun bu boyda etinasızlığı hara?.. "Hədəqəsindən çıxan Əli gözü dörd oldu. Hillarinin addımı İsaya da dərd oldu." Deyir dərd dərd üstə gəlməsə, bir dərdə nə var? "Eurovision"un uğurla başa çatması və vəd edilən heç bir təxribatın baş tutmaması, üstəlik, qırxadək cinayətkarın həbs edilməsi, müğənni Lorinin onların xahişlərini yerinə yetirməməsi, vaxtilə liderlərinin güdazına gedən sadəlövh sıravilərin, cəza müddətlərini başa vurduqdan sonra, partiya sıralarına qayıtmamaları və onlarla başqa hadisələr İ.Qəmbərov və Ə.Kərimovun dərdlərinin üstünə yeni-yeni dərd gətirməkdə idi. İş o zaman şuluğa çevrilir ki, dərd misqal-misqal yox, batmannan gələ "Sənə güvəndiyim ABŞ, sən də bizim müxalifət mənafeyimizi müdafiəsiz qoydun" deyə Əli və İsa bəy köks ötürdülər. Onlar "sənə güvəndiyim dağlar, sənə də qar yağarmış" demək istəyirdilər. Hələ onların güvəndikləri çox zirvələrə ağır qar yağıb, o zirvələri yerin səthi ilə bərabərləşdirəcəkdir.

Ancaq güc güclə birləşdikdən sonra qarşısıalınmaz olar. Zəif supergücü də öz gününə salar. Hillari Klinton o qədər sadəlövh deyildi ki, zəif-züifə, aşqal-uşqala tay olsun. Bu dəmir ledi özünü ancaq dəmir iradəlilərə tay tuta bilərdi. Onun erməni və gürcü müxalifətçiləri ilə görüşməsi də təsadüfi deyil. Azərbaycan Cənubi Qafqazda yeganə söz sahibi olan qüdrətli dövlətdir. Bu qüdrət iqtisadi, siyasi, hərbi və mədəniyyət sahələrində özünü təcəssüm etdirməkdədir. Gürcüstan müxalifətində də fəallıq müşahidə edilməkdədir. H.Klintonun onlarla görüşməsi də bu reallıqdan irəli gəlir. Hələ Gürcüstan iqtidarı ölkədaxili problemləri müstəqil surətdə effektili tərzdə həll edə bilmir. Abxaziya və Cənubi Osetiyanın bu iqtidardan qoparılması da çox sərt reallıqdır.

H.Klintonun Ermənistan müxalifəti ilə görüşməsi daha vacib idi. Rusiyanın bir forpost əyalətinə çevrilmiş Ermənistanın Serj Sarksiyan rejimi elə Rusiya ordusu tərəfindən müxalifətdən qorunmaqdadır. Burada müxalifət Serjdən qat-qat güclüdür. Rusiya rəsmləri Serjin onlara lazım olmadığını hiss edən kimi, onu həmin müxalifətin əli ilə də bayıra atacaq. Ancaq nə qədər ki, Serj regionda Rusiyanın maraqlarının təminatçısı rolunu ifa etməkdə davam edəcək, o, toxunulmaz qalacaq. Real müddətin nə vaxt başa çatacağı yalnız forpost başçısı Rusiyaya məlumdur. Moskva burada hərbi mövcudluğunu 21-ci əsrin ortalarınadək rəsmiləşdirib. Ancaq bu, şərt deyil. Başlıca cəhət Ermənistanda ölkədaxili proseslərin necə cərəyan edəcəyindən asılıdır. Proseslərin cərəyanı isə elə bir qüvvədir ki, onun qarşısında siyasi və hərbi güc dayanmaq iqtidarında deyil. İstər Moskva olsun, istər ATƏT-in Minsk Qrupu, istər digər beynəlxalq güclər, fərqi yoxdur, fontanın təsiri ilə havaya qalxıb darmadağın olar.

Bu "proseslərin cərəyanını" və "fontan effektini" biz təmin etməliyik. Azərbaycanın bütün imkanları buna yönəldilib. Bizim H.Klintonun xoşuna gəlməyən zəif müxalifətimiz isə başlarını daha güclü xarici maraqlı dairələrə qoşmaqla iqtidarın imkanlarını məhdudlaşdırmağa cəhd edir. Bədnam İsveç səfiri, Kristofer Ştrasser, Markus Löninq kimilər hələ var. Ancaq Ə.Kərimov, İ.Qəmbərov və Leyla Yunusova kimilərinin faktlarına inanmayan AŞPA həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt kimiləri də var. Biz belələri ilə işləməliyik.


VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər