Azərbaycan müstəqillik qazandıqdan sonra həmişə qonşu İran İslam Respublikası ilə mehriban qonşuluq şəraitində yaşamağa üstünlük vermişdir. İran rəsmiləri də özlərini zahirən dost kimi göstərməyə cəhd etmişdir. Ancaq ara-sıra molla rejiminin dostluqdan uzaq olan irad və iddiaları özünü büruzə verməkdə idi. Mollalar Dağlıq Qarabağ probleminin həllində həmişə vasitəçilik etməyə hazır olduqlarını bildirirdilər. Ancaq 1992-ci ilin 8 mayında Azərbaycanın rəsmi hökumət dairələri İranda səfərdə olarkən Şuşa, mayın 18-də isə Laçın işğal edilmişdi. Bunu müsəlman mollalarının xristian ermənilərə ilk töhfəsi də adlandırmaq olardı. O vaxt biz mollaların dost təkliflərinin düşmənçiliyə bərabər olduğunu anladıq. Ancaq bundan sonra da İrana dost əli uzatmaqdan qalmadıq. Dövlət rəsmiləri, İrana sanksiyalar tətbiq edən ABŞ və Qərb ölkələri ilə hər bir rəsmi görüşdən sonra, ərazilərimizdən İrana hər hansı hücuma yol verilməyəcəyini bəyan etdilər. Bu da fars rejimi mollalarının pisliklərinə bizim yaxşılıq müjdəmiz. Necədir? Bizə pisliklə cavab verirlər, biz isə həmişə yaxşılıqla cavab veririk. Bununla da, biz özümüzü mollaların timsalında "hər kişi kimi" yox, əksinə, onlardan kəskin fərqlənən "ər kişi kimi" aparmalı olmuşuq. Atalar məsəlində deyildiyi kimi, yaxşılığa yaxşılıq ər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir.
Biz dincliyimizi mühafizə etdiyimiz bir vaxtda ortaya "Eurovision" musiqi yarışması düşdü. Mollaların könlünə isə yerli-yersiz Azərbaycanı yamanlamaq və yaş sərib, quru yığmaq sevdası düşdü. Bundan sonra iddialar hər cür Rixter şkalası həddini aşıb, əndazədən çıxdı. Qəzəbdən molla rejiminin gözü ayağının altını görmür, ağızlarından isə köpük daşırdı. Bunları sağlam və aydın görən göz və normal istemal qabiliyyətli ağız adlandırmaq olmazdı. Azərbaycanı qatı qaranlıq içərisində görən bu bulanıq gözlər qəzəbdən yanıb-qızarır, heybətli ağızdan isə əcaib-qəraib sözlər çıxırdı.
Gözlərin bulanıqlıq həddinin çoxluğu, ağızın isə hətərən-pətərən danışması söhbətin bu yerində vacib bir qeyd etməyimizi şərtləndirir. Xatırladırıq ki, İranda qanunlar mollalar tərəfindən tənzimlənir. Onlar da qanun-qaydaları öz mənafelərinə uyğun tərzdə tənzimləyirlər. Məsələn, ölkədə spirtli içkilərin açıq satışı qadağan edilir, daha dəhşətli fəsadları olan narkotik maddələrin alqı-satqısına isə heç bir məhdudiyyət qoyulmur. Ona görə də, hakimiyyətin bütün pillələrində təmsil olunan mollalar səhərdən-axşamadək məhluluna narkotik maddələr qatılmış sulu qəlyan çəkir və ciblərində xüsusi qutularda düzülmüş nəşələr gəzdirir və mütəmadi onları ağızlarına atırlar. Bundan sonra gözləri qızmış nərin gözlərinə dönən mollalar oğlan uşaqları ilə eşq macəralarına qurşanırlar. Qeydin sonu.
"Eurovision" ərəfəsində molla rejimi Azərbaycan dövlətini, haqqında söhbət belə getməyən "gey-parad" keçirmək cəhdinə ittiham edirdi. Sonralar bu cür tədbirlərin keçirilmədiyi aydın oldu. Ancaq hansısa demokratik prinsiplərdən dəm vuran molla rejimi mahnı yarışmasının özünün islam müddəaları ilə üst-üstə düşmədiyini deyir, Azərbaycanı pislədikcə pisləyir və yalançı faktların dairəsini genişləndirirlər. İslam prinsiplərini əllərində bayraq edən İran molla rejimi ölkə daxilində islam ənənələrini tamamilə gözdən salmışlar. Bundan cana doymuş əhali bu cür müsəlmançılığın onları qane etmədiyini bildirir və açıq-açığına spirtli içkilərə qurşanmağı çıxış yolu kimi qəbul etməklə, dinə bu cür münasibətlə razılaşdıqlarını bildirir. Onsuz da kütləvi edamlar İran əhlinin gözünü qorxudub.
İranın molla rejimi Azərbaycanın dünyəvi dövlət quruluşuna malik olduğunu anlamır və ölkəmizi öz gününə salmaq istəyir. Hazırda bütün dünyada İranın iki dostu var: Ermənistan və "Hizbullah" terrorçu təşkilatı. Azərbaycan dövləti İran həddinə enə bilməz. Ölkə rəhbərliyi Qərbə inteqrasiyanı ön plana çəkib. Bu, inkişafa aparan yoldur. Adamları qülləli kran troslarından asan İran isə orta əsr dərinliyinə enir ki, bu yol İranın viran olacağını iddia etməyə əsas verir.
VALEH MƏHƏRRƏMLİ