Bizi əhatə edən adamlar arasında özlərini ağıllı hesab edən cavanları da, yaşlıları da çox görmüşük. İlin 11 ay yarımı ərzində başı içkidən ayılmayan cavanlar var ki, bir-iki gün içməyəndə, özlərini müdriklər cərgəsinə qoşub, başlayırlar xalqa məsləhət verməyə. Ancaq bu "məsləhətlərə" diqqətlə qulaq asdıqdan sonra düşünürsən ki, onlar sərxoş olanda daha obyektiv danışır və daha "müdrik" görünürlər.
Yaşlı "müdriklərin" vəziyyəti cavanlarınkından fərqlidir. 75-80 yaşlı namaz qılıb, oruc tutmayan bir ahıl ağbirçək ailədə oğlu, gəlini və nəvəsi ilə yola getmədiyini bir vaxtda bayıra çıxıb qonşulara haqdan-ədalətdən danışıb, öz yanlış həqiqətlərini qonşulara sırıyanda, demək istəyirsən ki, ay Köpək qarı, (nağıllarımızda əsil ağbirçəklərə İpək qarı deyirlər) ailənin sirrini kobud formada bayırda dövriyyəyə buraxdığın halda, kimi öz yalanlarına inandırmağa cəhd edirsən?..
Bu cür üzdəniran "müdriklər" ayaqlarını yorğanlarına görə uzatmaqdansa, darğalıq etməyə və öz "tükənməz ağılları" ilə ətrafdakıları təəccübləndirməyə cəhd edirlər. Adamlar da bu cür cavanları "piyəniskə", "sərxoş darğa", "muldaq", yaşlıları ilə "cəhənnəmlik", "cəhənnəm qarğası", "cəhənnəm bayquşu" və başqa ayama və ləqəblərlə mükafatlandırırlar.
Qonşuluqda bir-iki bu cür adam ağlında dövlət də olanda, adamın lap matı-qutu quruyur. Şükür ki, Azərbaycan bu cür qonşulardan korluq çəkmir. Bu yandan Ermənistan torpaqları işğal etdiyi və oraya ordu yeritdiyi halda, beynəlxalq təşkilatlara şikayət edərək, rəsmi Bakını erməni əsgərlərini məhv etməkdə günahlandırır. Azərbaycan rəsmiləri də haqlı olaraq, deyirlər ki, ay Serj dığa, əsgərlərinin ölmələrini istəmirsənsə, nə səbəbə onları öz xarabanın sərhədlərinə çəkmirsən? ATƏT-in Minsk Qrupunun üzvü olan Rusiya da İqor Popovun dili ilə deyir ki, erməniləri işğal olunmuş ərazilərinizdən silahla qovmağınıza yol verməyəcəyik, 20 il də səbr edin, onlar özləri bezib geri çəkiləcəklər. Beynəlxalq təşkilat nümayəndələri də bizə məsləhət görür ki, snayperləri yığışdıraq, meyitləri dəyişək və digər gic-gic lüzumsuz kənar məsələlərlə məşğul olaq. Türkmənistan da o yandan Azərbaycanın Xəzərdə qazdığı neft quyusunu istismara vermək xəyalına düşür. Bunlar hələ dərdin yarısıdır.
Dərdin ikinci yarısı İranın əsassız iddialarıdır. 33 il əvvəl şahı devirib hakimiyyət kürsüsünə yiyələnən mollalar özlərini İsa Məsih yaşında çox müdrik hiss etməyə başlayıblar. Ancaq yürütdükləri siyasət nəticəsində özlərini bütün dünya dövlətlərindən təcrid ediblər. İndi, deyəsən, növbə Azərbaycana çatıb. 33 yaşlı molla 21 yaşlı qonşusuna göz verib-işıq vermir və ona hətta demokratiya dərsi keçməkdən də çəkinmir. İndi özünüz müqayisə edin: İran və demokratiya... Bu dövlət nə müsəlman kimi müsəlman, nə də xristian kimi xristiandır. Yalnız Dəməşq Tehranla əməkdaşlıq edir, o da ona görə ki, İran Suriyanı silahla təchiz edir. deyəsən, bu silahlar Suriyanı çökdürəcək. Başqa heç bir müsəlman ölkəsi İrana baş qoşmur. Çünki İran hər kəsin üzərinə təhdid və təhlükə püskürür...
Azərbaycan ərazilərini işğal edən Ermənistan da Tehranın diqqətini cəlb edib. Deyəsən, mövqeləri üst-üstə düşür. Bu mövzuda çox demişik, çox yazmışıq. İran həm də Venesuela ilə həmrəylik nümayiş etdirir. Uqo Çavesin ölkəsində kapitalizmi ləğv edib, sosializm cəmiyyəti qurduğu məlumdur. Bizim kommunizmdən çəkdiklərimizi Uqo Çaves və Venesuela xalqı da çəkəcək. Bəs Mehdi Sahib-əz-Zamanın zühurunu gözləyən İranın kommunizmə marağı nə ilə bağlıdır?.. İranın "Hizbullah" terrorçu təşkilatı ilə də əlaqə qurduğunu qeyd etsək, qonşumuzun nə qədər təhlükəli qonşu olduğunu yəqin etmiş olardıq.
İranın irad və iddialarının səbəbi "müdriklik" bəlasına mübtəla olmasıdır. Bu 33 yaşlı "müdrik molla" düşünmür ki, 21 yaşlı gənc əsəbini cilovlaya bilməyib, onu yorta bilər. Yalnız Azərbaycan rəsmiləri bir neçə bəyanat verdikdən sonra, İran rəsmiləri susub, saman altdan su yeritmək yolu tutdular. İki gənc yazarımızın cinayət törətmələri haqda bəyanat vermələri də bu qəbildəndir.
Valeh MƏHƏRRƏMLİ