İyunun 22-də Aralıq dənizi üzərində uçuş həyata keçirən Türkiyəyə məxsus kəşfiyyat təyyarəsinin Suriya ordusu tərəfindən vurulması qalmaqalı getdikcə böyüyür. Türkiyə əleyhdarı olan bəzi qüvvələr və şəxslər baş verən hadisənin məcrasını müxtəlif istiqamətlərə yönəltməyə cəhd göstərir, əcaib suallarla çaşqınlıq yaradırlar. "Türkiyənin orada nə işi var? Bu təyyarə orada nə edirdi? Bu mövzular açıqlanmalıdır. Türkiyə bu mövzularda şəffaf olmalıdır" kimi suallarla dövləti və hökuməti insafsız və cahilcəsinə tənqid edirlər.
Bu sualları ötən bazar günü TRT-yə müsahibəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu əhatəli, detallı və qənaətbəxş bir şəkildə cavablandırdı. Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bildirdi ki, Suriya Hava Hücumundan Müdafiə Qüvvələri Türkiyə hərbi təyyarəsini beynəlxalq hava məkanında vurub və təyyarə Suriyanın ərazi sularına düşüb. Nazir deyib ki, kəşfiyyat təyyarəsinin uçuşu milli radarın funksiyasının yoxlanılması məqsədi ilə təlim və test xarakterli olub, Suriyanın əleyhinə yönəlməyib. Nazir təyyarənin göyərtəsində heç bir silah olmadığını da bildirib.
Vəziyyət belə olduğu təqdirdə, artıq kimsə hər halda təyyarənin nə etdiyini soruşmaz, əcaib suallar da verməz. O ki, qaldı hər dövlət bu cür uçuşlar həyata keçirir, bunları da açıqlayıb təyyarəsini və ya heyətini təhlükə altına atmır. Bu cür uçuşlar normaldır, quru, dəniz və hava sərhədlərinin təhlükəsizliyi baxımından önəmlidir.
Davudoğlunun müsahibəsində də açıqca ifadə edildiyi kimi, Suriya tərəfi atacağı addım barədə təyyarə heyətini xəbərdar etməyib. Halbuki beynəlxalq qanunvericilik bunu tələb edir.
Təyyarə ilə bağlı verilən məlumatlardan və radar qeydlərindən Türkiyənin haqlı olduğu ortadadır. Bunun müzakirə mövzusu olmadığını söyləməklə kifayətlənəcəyik. Ancaq maraqlıdır ki, Suriya hökuməti rəsmi açıqlama ilə çıxış edərək, Türkiyə təyyarəsinin vurulmadığını deyib. Suriya Xarici İşlər Nazirliyinin sözçüsü Cihad Makdissi deyib ki, kəşfiyyat təyyarəsi qəza nəticəsində düşüb. O, açıqlamasında qeyd edib ki, Suriya tərəfindən təyyarəyə heç bir hücum olmayıb. Makdissi bildirib ki, hazırda Suriya və Türkiyə dəniz donanmaları dənizə düşən pilotların axtarışını davam etdirir.
Suriya tərəfinin rəsmi şəkildə Türkiyə təyyarəsini vurmadığını bəyan etməsi Rusiya ətrafında şübhələri artırır. Ötən gün bəzi siyasi təhlilçilər təyyarə olayının Suriya ilə Türkiyə arasında gərginliyin artırılması, iki ölkə arasında onsuz da düşmənçilik həddində olan münasibətlərin daha qızışdırılması və regional konfliktə çevrilməsi cəhdi kimi dəyərləndirir.
Nazir Davudoğlunun söylədiyi kimi, Türkiyə təyyarəsinin uçuşu barədə Suriya tərəfi əvvəldən məlumatlı olub və Suriya bilirdi ki, təyyarə Türkiyəyə məxsusdur. Onsuz da daxilində olduqca böyük sorunlar yaşayan Suriya iqtidarı Rəsmi Ankara ilə kifayət qədər gərgin olan münasibətləri alovlandırmaq istəməz. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev haqlı olaraq, qeyd edir ki, bu hadisə gərginliyin aradan qaldırılması və münasibətlərin yaxşılaşmasına xidmət etmir. Bu cür hadisələr dəqiq və ciddi şəkildə araşdırılmalıdır. Azərbaycan tərəfləri bu olayla bağlı təhqiqat aparmağa çağırır.
Davudoğlunun "insidentin ciddi nəticələri ola bilər" bəyanatı pusquda dayanan "yırtıcıların" ürəyincədir və səbirsizliklə "ovun tələyə düşəcəyi günün" intizarını çəkirlər. Türkiyənin dostu da, düşməni də rəsmi Ankaranın verəcəyi cavabı gözləyir.
Cabir