PDF Oxu

Köşə

  • 994

"İP"-İN QIRILDIĞI NÖQTƏ

"İP"-İN QIRILDIĞI NÖQTƏ

Son zamanlar istər kütləvi informasiya vasitələri tərəfindən, istərsə də ayrı-ayrı müxalifətçi funksionerlər tərəfindən açıqlanan fikirlərin ən başında dayananı "İctimai Palata"nın buraxılacağına dair verilən bəyanatlardır. Amma maraqlıdır ki, həmin bəyanatlar çərçivəsində bu etirafları ediblər, sonradan həmin ifadələrində öz təbirlərincə "korrektələr" aparırlar. Yəni bildirilər ki, yox, onlar heç də "palata"nın buraxılacağını demək fikirində olmayıblar, sadəcə, ehtimallar ediblər. Yaxşı, əgər bu ehtimaldırsa, onda nəyə görə bu qədər əl-ayağa düşməyə başlayıblar? Məgər "İP" qırılarkən, bundan ictimaiyyətin xəbəri olmayacaqmı? Hansı ki, artıq "İP"-in qırılma nöqtəsində olduğu gün kimi aydındır. Hətta oranı monopoliyaları altında saxlayan "liderlər" belə, "palatanın" gücünün tükəndiyinin fərqinə varmağa başlayıblar. Lakin buna daha çox Müsavat tərəfindən inanılır, nəinki AXCP (i) tərəfindən. Bu səbəbdən də, heç cür barışa bilməyən "liderlər" bir-birlərinə qarşı dedikləri sözlərini, necə deyərlər, müavinləri tərəfindən dedirtdirirlər.


"PALATA" PARÇALANMIRSA, YENİ BİRLİYƏ NƏ EHTİYAC?


"Gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı müxalifətin geniş spektrini əhatə edən birlik yaradıla bilər". Bu barədə mətbuata açıqlamasında Müsavat partiyası məclisinin sədri Arzu Səmədbəyli bildirib. Onun verdiyi açıqlaması da bir çox müəmmalara aydınlıq gətirib. Məsələn, "İctimai Palata"nın vahid namizədlik prinsipində anlaşmaması onu deməyə əsas verir ki, Müsavat başqanı İsa Qəmbərov "palata" daxilində AXCP (i) sədri Ə.Kərimovla rəqabət aparmaqdansa, ayrılıqda bu planını icra edə bilər. Ona görə də A.Səmədbəyliyə yuxarıda səsləndirdiyi fikirləri dedirdib. Yəni əlavə qurumun, "birliyin" yaradılmasını "zəruri" sayıb. Və görünür, onun təklifi artıq "cəbhəyə" çatıb ki, Ə.Kərimovun müavini Fuad Qəhrəmanlı dərhal öz sədrinin dediklərini cümlə-cümlə, bittə-bittə Müsavat başqanına tərəf tolazlayıb. Ancaq onun nə dediyinə nəzər salmamışdan öncə, bir faktı qeyd edim ki, bəli, bu gün "İctimai Palata" son aylarını, bəlkə də son günlərini yaşayır. Bu baxımdan, müxalifəti öz əllərində daha çox cilovlamağı bacaran Ə.Kərimov, hələ ki, ondan gücsüz olan İ.Qəmbərovu da inhisarında saxlamağa cəhd göstərir. Amma necə deyərlər, Qəmbərov da köhnə "çaqqaldır". Onun da "cəbhə" sədrinə qarşı öz palanları var. İndi isə keçək Ə.Kərimovun öz müavininə dedirtdiyi sözlərin məğzinə.


KƏSİŞMƏYƏN YOLLAR


"İP"-in parçalanması, yaxud buraxılması kimi reallığı dərk etmək istəməyən "cəbhə" sədri F.Qəhrəmanlını öyrədib və salıb müsavatçıların canına ki, "bəs əşşi, belə ideyalar keçərli deyil, nə varsa, elə "İctimai Palata"da var".

Bu baxımdan, AXCP (i) sədrinin müavini F.Qəhrəmanlı A. Səmədbəylinin (yəni İ.Qəmbərovun) mövqeyi ilə razılaşmadığını deyib və bildirib ki, birlik yaradılması xatirinə müxtəlif qurumların təsis olunmasına ehtiyac yoxdur. Guya "palata"nın mövcudluğu buna sübutuymuş (?) Hətta F.Qəhrəmanlı (yəni Ə.Kərimov) qurumun yayarsızlığını gizlətməkdən ötrü "çalışmaq lazımdır ki, "İctimai Palata"nın tərkibi genişləndirilsin" kimi bəyanat da səsləndirib.

Ancaq haraya fırladırsan-fırlat, hansı səmtə döndərirsənsə-döndər, bütün bu baş verənlər "İP"-in qırılma nöqtəsində olduğunu gizlətmir. Qarşılıqlı söz atışmaları isə bu prosesə nəinki təkan verir, hətta qurumun parçalanması istiqamətində, özlərinin də dediyi kimi, "lokomotiv" rolunu oynayır.


RÖVŞƏN

Digər xəbərlər