PDF Oxu

Köşə

  • 1 191

"Kim kimi" nə ilə?..

"Kim kimi" nə ilə?..

Bir sıra Qərb dövlətləri nümayəndələrinin bizim müxalifətə cüzi dəstək vermələrinə baxmayaraq, "İctimai Palata" kifayət qədər qrant töhfəsinə layiq görülməmişdir. Bosslar verdikləri pulun aldıqları mala dəymədiyini dərhal başa düşmüşlər. "Palata" liderləri icazəsiz kütləvi aksiya keçirə bilməyəcəklərini yüzə-yüz yəqin etdikləri halda, şəhər icra hakimiyyətinin göstərdiyi yerdə icazəli mitinq keçirməkdən də imtina etmişlər. Bu cür qərarın qəbul edilməsinin məntiqi əsası var. Onlar "icazəsiz" sözünü xüsusi vurğulamaqla maliyyə dəstəkçilərinin diqqətini cəlb etmək və bu yolla daha çox qrant qazanmaq istəmişlər. Ancaq söz demək işin bir tərəfi, özü də görünməyən tərəfidirsə, onu əməldə yerinə yetirmək digər, özü də vacib tərəfidir ki, Qərb bossları bu halı müşahidə etməmişlər. Bu da "İctimai Palata" büdcəsinin boş qalması ilə nəticələnmişdir.

İcazəli aksiyaların, isə kifayət qədər geniş olan 20-ci sahə ərazisində keçirməmələrinin səbəbi isə gün kimi aydındır. "İP" üzvləri, sadəcə olaraq, növbəti dəfə az adam yığmaqla Qərb qarşısında qızarmaq istəməmişlər. Atalarımız "utanmaz sifətə nə qızarmaq" desələr də, "İP"-çilər pul qazanmaq xatirinə hər cür sifətə girməyə hazırdırlar. Hətta qızarmağa da!..

Son vaxtlar isə, doğrudan da, heç nə alınmır. Səbəb odur ki, Qərbin uzaqdan gördüyünü "İP" yetkililəri də açıq-aydın görməkdədirlər. İsa Qəmbərov və Əli Kərimov, "palata"da liderlik statusuna yiyələnməklə, gözə kül üfürərək, qurultaylarını ləngitmələri də diqqəti cəlb etdi. Ancaq "İctimai Palata"da uğursuzluq ardınca gələn uğursuzluq qurumun nüfuzuna ciddi zərbə vurmuşdur. Bu da Rəsul Quliyev-Sülhəddin Əkbər cütlüyünün "İP"-i "ACP" ilə əvəzləmək ideyasını ortaya atmaları ilə müxalifət daxilində cəbhələşmə meyili yaratmışdır. İ.Qəmbərov və Ə.Kərimov "İP"-də hər şey qaydasındadır" desələr də, bu və ya digər dərəcədə "ACP"-yə maraq göstərdiklərini gizlədə bilməmişlər. Atalarımız bu yerdə "cidanı çuvalda gizlətmək olmaz" deyimindən yararlanmağın vacibliyinə güc vermişlər. Sülhəddin Əkbərin Əli Kərimovla gizli sövdələşmələr aparması da dövriyyədə cövlan etməkdədir.

Mirmahmud Fəttayevin köhnə "DUİ"-sinin "İP"-in heç bir tədbirini dəstəkləməməsi məlumdur. Bunun "İP" fəaliyyətsizliyini şərtləndirən amil olduğu inkaredilməzdir. Ancaq necə deyərlər, "qulaq hər gün bir söz eşitməsə, kar olar" deyimini əsas götürsək, müxalifətdaxili vəziyyətin nehrə kimi çalxalanmaqda davam etdiyinin şahidi olardıq. Artıq ADP sədri Sərdar Cəlaloğlunun AMİP lideri Etibar Məmmədovla birgə "Müxalifətin Güc Platforması" ("MGP") yaratmaq haqda danışıqlar apardığı haqda söz-söhbət səngimək bilmir. Bütün bunlardan sonra fəaliyyəti məhdudlaşmaqda olan "İctimai Palata"nın ayağa durmasına ehtimalın azalması yəqin edilir.

Hazırda Qərbə meyilli start meydançasında Əli Kərimov-İsa Qəmbərov cütlüyü ilə yanaşı, Rəsul Quliyev-Sülhəddin Əkbər və Sərdar Cəlaloğlu-Etibar Məmmədov cütlüklərinin də yarışı labüd hal alıb. Birinci cütlüyün Qərb dairələrində gözdən düşməsi ikinci və üçüncü cütlüklərə qol-qanad verməkdədir. Maliyyə bosslarının hansının uğuruna şərait yaratmalarından çox şey asılıdır. Bu da labüdləşməsə, ortaya yeni cütlüklər atıla bilər. Müsavat və AXCP (i)-nin qurultayının tezliklə keçiriləcəyi təqdirdə, cütlüklərin cavanlaşacağı ehtimalı da artır. "Qocalar və cavanlar", "atalar və oğullar", "klassiklər və yenilikçilər" təbii qarşıdurmasının nə ilə nəticələnəcəyi də maraq doğruru. Pul buraxılsa, qocalar cavanları öz gününə salar. Ancaq zamanın məhvəri bir istiqamətə - yalnız gələcəyə yönəlib.


Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər