PDF Oxu

Köşə

  • 1 071

Tilsim sınanda...

Tilsim sınanda...

Ərazilərimizin 20 faizini işğal edən və bir milyon məsləkdaşımızı öz yurd-yuvasından didərgin salan Ermənistanla müharibə vəziyyətindəyik. 1994-cü ilin 12 mayında Bişkekdə Rusiyanın iştirakı ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqda razılaşma əldə edildikdən indiyədək keçən 18 il ərzində ölkələrini Rusiyanın forpostuna çevirmiş rəsmi Yerevan problemin sülh yolu ilə həll edilməsində vasitəçilik edən ATƏT-in Minsk Qurupunun işinə maneçilik törədir. Başqa sözlə desək, Ermənistan problemin həllini acı bağırsaq kimi uzadaraq, status-kvonun saxlanmasına çalışır. Bu da işğal edilmiş torpaqların de-fakto əldə saxlanılması deməkdir. Proseslərin bu məcrada cərəyan etməsi Rusiyanı qane edir. Ancaq Azərbaycanı yox...

Son iki-üç həftə ərzində Ermənistan ordusunun təmas xəttində vəziyyəti gərginləşdirmək cəhdi əsgər və zabitlərimizi hövsələdən çıxarmaq məqsədi daşıyır. Ancaq öz mövqelərində möhkəm dayanmış ordu hissələrimiz tam intizamlı olduğundan, öz komandirinin əmri ilə hərəkət edir. Ermənilərin təxribat qruplarına güclü zərbələr endirilir və düşmən itki verərək, geri çəkilmək məcburiyyətində qalır. Həmişə də belə olacaq. Torpaqlarımızda özlərinə dövlət qurub, hətta bundan sonra da ərazilərimizə göz dikən ermənilər həmişə başıqapazlı olacaq.

Azərbaycan rəhbərliyi problemin dinc yolla həllinin onillərlə uzadılmasını yolverilməz hesab edir. Azərbaycan BMT-nin qətnamələrinə tezliklə əməl edilməsini, Ermənistanın işğalçı dövlət elan edilməsini tələb edir. Proseslərin gedişi erməni himayədarlarını əsəbləşdirməkdədir. Biz isə beynəlxalq qurumlardan ikili standartları dayandırmağı və Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edirik. Yəqin ki, ordumuz yaxın aylarda təmas xəttində ermənilərin burunlarını ovub, onlara ibrət dərsi verməli olacaq. Mübariz İbrahimovun təkbaşına çoxsaylı erməni əsgərlərinə divan tutması heç vaxt bədnam qonşuların yadından çıxmayacaq. Bu dəfə ermənilərə vurulan zərbə daha ağrıdoğurucu olmalıdır. Ancaq bu cür sarsıdıcı zərbədən sonra ermənilər əbədi vahimə içində yaşayardılar.

Ermənistanın indiki - Serj Sarkisyan rejimi Rusiyanın dəstəyinə arxalanır. 1918-ci ildə Azərbaycan ordusu türk qardaşlarımızın köməyi ilə Gəncə və Bakı ətrafında rus və erməni silahlılarını ağır məğlubiyyətə uğratmışdı. Sovet dövründə SSRİ rəhbərliyi xeyli torpaq sahəmizi ermənilərə ərməğan etdi və mütəmadi olaraq, Ermənistan ərazisindən azərbaycanlıların köçürülməsinə zəmin yaratdı. Biz tamamilə ayılıb ərazimizin digər 80 faizindən erməniləri qovub çıxardıqda isə, sovet ordusu 1990-cı ilin 20 yanvarında rus və erməni əsgərlərini Bakıya yeritdi və dinc sakinlərimizə divan tutdu. Təsir əks-təsirə bərabər olduğundan, biz müstəqillik əldə etdikdən sonra 2-3 il ərzində ermənipərəst sovet ordusunu ərazilərimizi tərk etməyə məcbur etdik. Çünki biz ərazilərimizi qorumağa qadir xalqıq. Ancaq Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəy kimilərin fitnəkarlıqlarından və səriştəsizliklərindən sığortalana bilmədik və nəticədə, torpaqlarımızın 20 faizi dığa-duğanın əlinə keçdi.

Ermənistan Rusiya qoşunlarını ərazisində yerləşdirdi. Gürcüstandan qovulan rus hərbi texnikası da Ermənistana daşındı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bardyuja dəfələrlə bəyanat vermiş və müharibənin başlanacağı təqdirdə, ermənilərə kömək ediləcəyini bildirmişdi. Bu, gəlişigözəl bəyanatlardan başqa bir şey deyil. Əli Balkanlardan çıxan Rusiya Səddam Hüseynə də, Müəmmər Qəddafiyə də, Hüsnü Mübarəkə də dəstək verirdi, axırda geri çəkilməli oldu. Hazırda Rusiya Bəşər Əsəd rejiminə hərbi dəstək verir. O, buradan da geri çəkiləcək, Cənubi Qafqazda da möhkəmlənə bilməyəcək. Ancaq bunun üçün bizim Ermənistan tilsimini sındırmağımız lazımdır. O vaxt ermənilər də, onların dəstəkçiləri də quyruqlarını qısıb qaçacaqlar.


Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər