Azərbaycanlı şairlər Fərrux Hüseynov və Şəhriyar Hacızadənin İranda həbsdə saxlanılmalarının iki ayı tamam oldu. Fərrux və Şəhriyar Təbrizdə keçirilən gənc şairlərin yığıncağında iştirak etmək üçün getmişdi."Eurovision" mahnı müsabiqəsi ərəfəsində rəsmi İran üləmalarının Azərbaycanı qınaq obyektinə çevirməsindən sonra, rəsmi dairələrimiz onları öz məcralarına qaytarmaq məqsədilə sərt cavab verməli oldular. Mollalara başa salındı ki, üləmaların cümə ibadətlərindən sonra qurd kimi ağızlarını göyə açıb ünvanımıza ulamalarının heç bir obyektiv əsası yoxdur. Azərbaycanda dindarlara tam sərbəstlik verilməsi ilə yanaşı, istənilən mövqeli cəmiyyət və təşkilatların yaradılmasına da icazə verilir. Yeganə icazə verilməyən cinayət əməlidir. Azərbaycan kübarlıq prinsiplərinə əssalanan demokratik quruluşlu cəmiyyətdir və hüququ pozulan hər bir kəs məhkəmə yolu ilə ədalətin bərpasına nail ola bilər. Yalnız bu cür xəbərdarlıqdan sonra molla rejimi quyruğunu qısıb geri çəkildi və saman altdan su yeritməklə qisas almaq yolu tutdu. Gənc şairlərimizin naməlum məkanda saxlanılaraq, əleyhlərinə cinayət işi qaldırılması da qisasçı İran rəsmilərinin mövqeyi kimi qiymətləndirilməlidir. Qisas qiyamətə qalmaz demişlər. Bu məsələdə də suların duralacağına və həqiqətin bərpa olunacağına inanırıq... Peyğəmbərimiz müsəlmançılıqda qisasçılığın yolverilməz olduğunu bildirirdi. Nəşədən başları dumanlanmış mollalar isə intiqam hissindən partlamağa hazır vəziyyətə gətirilmişlər. Sirkə nə qədər tünd olsa, öz qabını çatladar...
İran rəsmiləri ölkələrinin demokratik prinsiplərə sadiqliyini bəyan edirlər. Sovetlər də demokratiyadan dəm vururdu. Sovetlər, heç olmasa, bəşər sivilizasiyasını fəhlə və kəndlilərə ehtiramla yanaşmağa çağırır və onların cəmiyyəti əbədi firəvanlığa aparacağını bəyan edirdi. Molla rejimi isə, sinfi mənsubiyyətindən asılı olmayaraq, narkotika aludəçiliyindən kif verməkdə olan rejim əleyhdarlarını dar ağacından asır və onları ən ağlagəlməz işgəncələrə məruz qoymaqda davam edir. Yəqin ki, İranda yaşayıb beyni düşüncədən qalmayan insanlar bu xəmirin çox su aparmasına yol verməyəcəklər.
Azərbaycan rəsmiləri İrana səfərin o qədər də təhlükəsiz olmadığını nəzərə alıb, vətəndaşlarımızın bu ölkəyə səfərlərinə məhdudiyyət qoymalarını məsləhət görüblər. Biz də öz adımızdan deyirik ki, camaat, İrana getməyin, getsəniz, nəşəli mollaların güdazına getmə ehtimalınız artar. Necə deyərlər, evinizdə otursanız, başınız daha az ağrıyar.
İyulun əvvəllərindən etibarən ABŞ və Qərb İran nefti üzərinə embarqo qoydu. Bundan sonra İrandan neft alan ölkələr qınaq obyektinə çevriləcək. Bu da İranın dünyaya inteqrasiya olunması yolunda atdığı səhv addımın nəticəsi. Rəsmi molla rejimi ölkəni sivil aləmdən təcrid etmək yolu tutub. Onlar istəyirlər ki, bizi də öz günlərinə salsınlar. İran, həm də torpaqlarımızı işğal edən Ermənistanla dostluq yolu tutması ilə bizə düşmən olduğunu sübut edir. Bu cəhənnəm, deyirlər ki, farslarla ermənilər qan qardaşlarıdır. Görünür, erməni qanında da nəsə nəşəverici bir xüsusiyyət var ki, hopub molla rejiminin canına.
İranın növbəti dostu süqut etməkdə olan Bəşər Əsəd rejimidir. Mollaların daha bir dostu "Hizbullah" terrorçu təşkilatıdır. Mollaların işğalçı və terrorçularla sıx əlaqələri heç də bölgənin xoş sabahından xəbər vermir. Bu da əhalinin tezliklə ölkədən pərən-pərən düşəcəyinə zəmin yaradır. Mollalar bizi də bu yola sürükləmək istəyirlər. Bu, süqut və zəlalət yoludur, qaranlıq sabahdır. Azərbaycan inkişaf və tərəqqi yoluna üstünlük verir. Bu, işıqlı gələcəkdir.
Valeh Məhərrəmli