PDF Oxu

Köşə

  • 1 100

Müxalifət: əsassız iddialar və reallıq

Müxalifət: əsassız iddialar və reallıq

Bizim müxalifətçilərin kim olduqlarını bilmək istəyirsinizsə, onların hakimiyyətdə olduğu 1992-ci ilin payızı ilə 1993-cü ilin yaz ayının axırlarına diqqət yetirməyiniz kifayətdir. Bunlar AXC bayrağı altında hakimiyyətə gəldilər və 1993-cü ilin iyununda gəldikləri kimi də hakimiyyətdən getdilər. Ötən bu qısa vaxt ərzində nələrin baş verdiyi bir özlərinə, bir də qadir Allaha məlumdur. Biz günahkar bəndələr də onların bu və ya digər funksionerlərinin ağızlarından qaçırdıqları ifadələrə əsaslanaraq, fikirlərimizi sizinlə bölüşməyə hazırıq. İlk olaraq, onu demək istəyirik ki, AXC-çilər 60% səslə hakimiyyətə gələrkən, onu qoruyub-saxlamağın çətinliyini nəzərə almamışdılar. Cəbhəçilər hakimiyyətə gəlmək istəyirdilər, vəssalam... Gəldilər də, ancaq beş illik hakimiyyətin cəmi birinci ilini başa vurdular. Özü də hay-küy və qalmaqallarla. Deyir, bu və ya digər qurumun küçədən hakimiyyət gəlişi son anda küçə ilə də başa çatmalıdır.

Bu yerdə "Min bir gecə" nağıllarındakı Harun ər-Rəşid və küçə əyyaşının əhvalatını yada salmaq istərdim. Qədim Bağdad şəhərinin küçələrindən birinin tinində lül-qənbər vəziyyətdə yatan əyyaş təğyiri-libas olmuş Harun ər-Rəşidin diqqətini cəlb edir. O, vəzir və vəkillərinə əmr edir ki, onu saraya aparsınlar və ayıldıqdan sonra hökmdar olduğunu ərz etsinlər. Əyyaş deyilənlərə inanmasa da, ona səcdə etdiklərini görüb, fərmanlar verməyə başlayır. Bir müddət sonra ona bihuşdarı iylədib, yenidən cır-cırdır içində gətirdikləri tinə qoyurlar. O isə hökmdar olduğu haqda iddialar irəli sürüb, ətrafa yığışanların sürəkli gülüş hədəfinə çevrilir.

Bu, "Min bir gecə" nağılının bir epizodudur. Cəbhəçilər də cüzi faizlə hakimiyyət sükanı arxasına keçdilər. Ancaq sərxoşluqdan ayılan nağıl obrazı kimi nə edəcəklərini kəsdirə bilmədilər. 60 faiz əhalinin ounlara səs verməsinin səbəbi isə Kamran Bağırov, Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov hakimiyyətinə etiraz əlaməti kimi başa düşülməlidir. Bu faiz əhali Kremlin quyruğunda sürünənlərə nisbətən "xalq və millət" deyə fəryad edən AXC-çilərə üstünlük vermişdi. Bunlar da meydandan gəlib dövlət strukturlarındakı vəzifələri tutduqdan sonra, elə öz fəaliyyətlərini də meydan ab-havası üstündə formalaşdırmağı lazım bilmişdilər. Nəticədə, ağız deyəni qulaq eşitməmiş və prezidentlə JEK müdiri arasında fərq qoyulmamışdı.

Mətbuatda AXC hakimiyyəti AXC-Müsavat cütlüyü hakimiyyəti kimi xarakterizə olunur. Bu məsələyə də aydınlıq gətirmək istərdik. Xatırladırıq ki, AXC hakimiyyət sükanı arxasına keçərkən, İsa Qəmbərov təşkilatın idarə heyətində təmsil olunurdu. Prezident də, baş nazir də, digər nazirliklər də, icra strukturları da, JEK təmsilçiləri də ciblərinə işlədikləri bir vaxtda, Ali Sovetin sədri kürsüsünü tutmuş İsa Qəmbərov AXC təmsilçiliyindən ayrılıb, yeni partiya yaratmaq xülyasına düşmüşdü. Məqsədi növbəti prezident seçkilərində, yəni 1997-ci ildə prezident Əbülfəz Elçibəyə alternativ olaraq prezident kürsüsünə öz namizədliyini irəli sürmək idi. O, 1992-ci ilin dekabrında "Yeni Müsavat" partiyası rəhbərləri Nəsib Nəsibli və Rauf Arifoğlu ilə danışıqlar aparıb, sədrlik kürsüsünü tutduğu Müsavat partiyasını yaratmışdı. Ancaq Mirzə Fətəli Axundovun "Mürafiə vəkilləri" məzhəkəsində təsvir etdiyi yalançı şahidlər kimi, əli gətirmədiyindən, beş aydan sonra tutmuş olduğu Ali Sovet sədri kürsüsündən məhrum olmuşdu. Özü də bu vəzifəsini böyük məmnuniyyətlə tərk etmişdi. Digərləri də onun kimi. Yalnız prezidentlik iddiasını Kələkidə gerçəkləşdirən Əbülfəz Elçibəydən başqa...

Həmin hadisədən 20 il keçmişdir. Ancaq didişmələr həmin formada primitivcəsinə davam etdirilməkdədir. İndi üzvlərinin sayı yüz dəfələrlə azalmış AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov "İctimai Palata" adlı qurumda cütləşib, onları hakimiyyətə Qərbin maliyyə dəstəyindən yararlanmaqdan uzağa gedə bilmirlər. O vaxt da Qərbin bir neçə dövlətinin gətirdiyini etiraf edirdilər. Ölkədə bərqərar olan demokratik proses də onların fəaliyyətinə məhdudiyyət qoymur. İndi əhalinin heç bir faizi də müxalifəti dəstəkləmir. Bizim müxalifətin real vəziyyəti bundan ibarətdir.

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər