PDF Oxu

Köşə

  • 946

ELDAR NAMAZOVUN QRANT EHTİRASI

ELDAR NAMAZOVUN QRANT EHTİRASI

Özlərini "ziyalı" adlandıran reneqatlar toplumunun ziyanlı ünsürləri zaman-zaman Azərbaycanın milli və dövlətçilik maraqlarına yönələn ifadələrinin haradan və necə qaynaqlandığını gizlətsələr də, onların başları üzərində dayanan Eldar Namazov sözügedən gizlinləri aşkara çıxarıb. Məsələ ondadır ki, E.Namazov "forum"larının qrantlar müqabilində fəaliyyət göstəriyini etiraf edib. Özü də həmin etirafını görməzə-bilməzə edib, sonra etdiklərini ağzından qaçırıb. Bununla da dağıdıcı müxalifət mətbuatına müsahibə verərkən, həm özünü, həm də göstərişlər aldığı "liderləri"ni yandıran reneqat E.Namazov daha öncələr dediyi fikirlərini təkzib etmiş olub.


HAP-GOPDAN ÇIXAN HƏQİQƏT


Lap ovçuların gopa basdıqları nağıl kimi. Bilməyənlərə agah edim ki, ovçular (hamısını nəzərdə tutmuram -R.) bir araya gəldikləri zaman, ovladıqları qənimətlərinin, ov söhbətlərini daha maraqlı etməkdən ötrü, hap-gop edib, bəzəyib-düzəyirlər. Məsələn, ayı ovladığını deyən ovçu sonradan pələnglə üzləşdiyi haqqında danışır və s.

Necə ki, E.Namazov kimi. Bu adam deyirdi ki, "forum" öz daxili hesabına fəaliyyət göstərir və burada heç bir xarici təsir yoxdur. Amma onun anidən qrantlar haqqında danışması hər şeyi çılpaqlığı ilə ortaya qoyub. Deyib ki, "Ziyalılar Forumu" xarici qrantlar hesabına fəaliyyət göstərir. Yaxşı, əgər bu, belə idisə, nəyə görə olanı demirdin? Basırdın hapa-gopa ki, "forum" Rafiq Əliyevin, Rüstəm İbrahimbəyovun, Gültəkin Hacıyevanın və digərlərinin cibinin hesabına yaşayır. Axı bu, ola bilməz! Hətta onlar ABŞ-a etdikləri səfərdən sonra da gizlədə bilmədilər ki, cibləri dolu geri dönüblər. Eləcə də, ciblərinin dolması üçün, müəyyən təşkilatlar qarşılığında Azərbaycan əleyhinə yönəlmiş öhdəliklər götürüblər. Ona görə də E.Namazovun bu gizlini saxlaya bilməyəcəyi əvvəldən bəlli idi. Sadəcə, həmin bəlli mövcudluq istəsə də, istəməsə də ortaya çıxdı. Məlum oldu ki, "Ziyalılar Forumu" qrantlardan yana fəaliyyət göstərir və qrantlar olmasa, qurum dərhal dağılıb məhv olar.


KARYERA UĞURSUZLUĞUNUN CILIZ MANEVRİ


Hətta həmin qrant ehtirası o qədər güclü olub ki, pay-püş olaraq, AXCP (i)-Müsavat partiyalarının rəhbərliyi arasında da bölüşdürülüb. Necə deyərlər, gəlhagəliymiş, gəlhagəl!

Amma məni daha bir şey düşündürür ki, görəsən, həmin qrantlar kəsildikdən sonra E.Namazov həmin ehtiraslarını haradan alacaq? Axı onun daha öncələr də bir "forumu" mövcud olub. Həmin qurum da məhz qrant çatışmazlığı üzündən iflasa uğrayıb. Hətta müxalifət partiya sədrlərinə edilən müraciətlər də o zaman cavabsız qalmışdı. İndi isə bu adam sadəlövhlüklə aldığı qrant paylarından bunların da ağzına pay-püş atır. Düşündürücüdür, vallahi!

Sonda isə bir məqamı qeyd edib ki, E.Namazovun başa düşülməyən hərəkətləri, əslində, başadüşüləndir. Başadüşülən isə budur ki, siyasiləşmiş binəva siyasi müstəvidə əldə edə bilmədiyi karyera uğursuzluğunu bu kimi bəsit, cılız manevrlərlə ört-basdır etməyə səy göstərir. Yəni gündəmdə qalmaqdan ötrü gah nala vurur, gah da mıxa. Necə ki, qrant almadığını iddia edən E.Namazov indi də qrant aldığını deyir. Gəl indi baş aç görüm, bunların şəbehindən, necə baş açırsan. Amma əsası da odur ki, bunlar nə qədər nala-mıxa vursalar da, həqiqətin özü ortaya çıxacaq. Lap həmin bu qrant həqiqəti kimi.

RÖVŞƏN

Digər xəbərlər