PDF Oxu

Köşə

  • 1 040

"İtlə-pişik" səviyyəsi...

"İtlə-pişik" səviyyəsi...

"İctimai Palata"nın dağılma prosesi Əli Kərimovun onun sıralarından ayrılmağa qərar verdiyi son günlərdən yox, qurumun yarandığı gündən başlanıb. Çünki "İP" möhkəm olmayan özül üzərində qurulmuşdur və zaman keçdikcə, çökməyə məhkum idi. Füzuli demişkən, özülsüz bina qayətdə bietibar olur.

"İctimai Palata"nın etibarsızlığı onun yüksək kürsüsündə kimlərin oturması ilə bağlıdır. Bunların Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov olduqlarını hamı bilir. Bu şəxslər bir-birilərinin cikinə-bikinəcən bələddirlər. Tanış olduqları 20 il ərzində aralarında çox sərt təfriqə küləkləri əsmiş və bunları bir-birindən müəyyən məsafədə saxlayan boz bulanıq sular az da olsa durulmamışdır. Bu şəxslərin bu və ya digər qurum daxilində birləşmələri də icbari xarakter daşıyır. Hətta onlar bir-birinə sədaqət andı da içsələr və zahirən özlərini dinc aparsalar da, onların bu hərəkətləri deklorativ xarakter daşıyır. Batinlərində bir-birilərinə dərin nifrət bəsləyən bu şəxslər, əslində, fürsət gözləyirlər ki, biri digər rəqibinə sarsıdıcı badalaq gəlsin.

İ.Qəmbərov və Ə.Kərimovun dost olmamaları aydındır. Elə "biz dost deyilik ki, birləşək və ya düşmən deyilik ki, ayrılaq" ifadəsi də ötən müddət ərzində özlərinin dəfələrlə bir-birilərinə qarşı işlətdikləri ifadədir. Daha ağır ifadələri və qapaz-qapaz oyunları səviyyəsində olan qarşıdurmaları da danılmaz faktlardır. Əlbəttə, dost olub bu və ya digər qurumda birləşənlər əlaqələrini daha uzun müddət ərzində davam etdirməyə qadirdirlər. Əslində, bir-birinə qarşı kəskin nifrət üstündə köklənib, candərdi birləşmək istəyənlərin addımları daha qətiyyətsiz olur və nəticə ilişib yıxılmaqla başa çatır. Səməd Vurğun demişkən:


Yeridir bir sözü desəm yadigar,

Deməsəm, ürəyim sıxılacaqdır.

Birinci addımda lovğalananlar,

İkinci addımda yıxılacaqdır.


Bu baxımdan, İ.Qəmbərov və Ə.Kərimovun istənilən qurumda bir araya gəlmələri əvvəl-axır uğursuzluğa məhkumdur. Şübhəsiz, bizdə heç bir uzaqgörənlik qabiliyyəti yoxdur. Ancaq haqqında söhbətin getdiyi şəxslərin hərəkətlərini uzun müddət müşahidə etməyimiz səbəbindən bu nəticəyə gəlmişik. "SİDSUH"-da, "MKM"-də "Demokratik Sabitlik İttifaqın"da ("DSİ"), "Azadıq" blokunda və onlarla adlarını çəkmədiyimiz digər qurumlarda İ.Qəmbərov və Ə.Kərimovun hansı qarşıdurmalı məqamlardan keçdikləri kimin yaddaşından silinsə də, çətin ki, özlərinin xatirələrindən silinmiş olsun. Hələ biz üç dəfə parçalanmış AXCP-nin səbəbkarının başqan İ.Qəmbərov olduğunu da cəbhəçilərin dillərindən eşitmiş və qəzetlərə verdikləri məqalə və müsahibələrindən oxumuşuq.

Bir-birilərinə dərin nifrət bəsləyən bu adamların "İP"-də uzunömürlü müttəfiqlik əlaqələri qurmaları mümkün olsa da, fiaskoya məhkum idi. Əlbəttə, onlar siyasi uğur naminə keçmiş düşmənçiliyi unutmaq istərdilər. Ancaq müəyyən məqamlarda qaysaq bağlamış yaraların göynəməyəcəyinə heç bir tərəf təminat verə bilməz. Bu adamların keçmişindən cəmi iki misal çəkmək istərdim. Birincisi, 2003-cü il prezident seçkiləri ərəfəsində baş vermişdi. İ.Qəmbərov, nəyin bahasına olursa-olsun, AXCP (i)-nin seçki siyahısında adının ikinci sırasında təmsil olunasına da razı olduğunu bildirirdi. İ.Qəmbərov AXCP (i) və Müsavatın seçkilərə bir siyahıda - AXCP (i)-nin siyahısında getməyi təklif etmişdi. Ə.Kərimov onun bu təklifinə qəti etirazını bildirmişdi. Misalın ikincisi "DSİ" daxilində kimin yeganə namizəd olması ilə bağlıdır. Xatırladırıq ki, qurum daxilində dörd üzvdən ikisinin namizədliyi mübahisə mövzusu idi. Namizədlər Etibar Məmmədov və İsa Qəmbərov idilər. Rəsul Quliyev və Əli Kərimov İ.Qəmbərovu E.Məmmədova güzəştə getməyə çağırırdılar. İ.Qəmbərov güzəştə getmədi və nəticədə, təklikdə qaldı. R.Quliyev və Ə.Kərimov E.Məmmədova səs verdilər. Maraq üçün qeyd etməyi vacib hesab edirəm ki, İ.Qəmbərov R.Quliyevə gələcəkdə təşkil edəcəyi kabinetində baş nazir postu təklif etdikdən sonra, indiki "ACP" lideri qərarını dəyişib, Müsavat başqanının tərəfinə keçdi...

Cəmi bu iki misal "İP" liderlərinin münasibətlərinin "itlə-pişik" həddindən uzağa getmədiyini göstərir. Bu səviyyə ilə uzaq səfərə çıxmaq isə fiaskoya uğramağa məhkumdur.


Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər