Piket və mitinqlərinin istədikləri kimi alınmaması "İctimai Palata" mənsublarında məyusluq yaradıb. Nəzərdə tutulan 20-ci sahədəki sürücülük məktəbinin yanındakı ərazi kifayət qədər genişdir və şəhərin mərkəzindən oraya ictimai nəqliyyatla 15 dəqiqəyə çatmaq mümkündür. Müxalifətçilər bu əraziyə kifayət qədər tərəfdar toplaya bilməmişdilər. Bununla belə, "İP" təmsilçiləri burada mitinq keçirməkdən imtina edib, şəhərin mərkəzinə daha yaxın və nisbətən geniş meydan tələb edirdilər. Soruşan gərəkdir ki, a bəylər, siz kiçik adlandırdığınız meydanı doldura bildiniz ki, daha genişini və daha münasibətini axtarmaq yolu tutubsunuz?
"Palata"çılar, sadəcə olaraq, baş girləməklə diqqəti özlərindən uzaqlaşdırmağa cəhd edirlər. İstəyirlər görənlər desinlər ki, neyləsinlər, yazıqlara sözlərini demək üçün meydan verilmir. Yalansa onları yazıq ilan vursun. İş ondadır ki, 21-ci əsrin elektoratı 20-ci əsrinki kimi bu səpkili müxalifətçilərə etibar etmir. Əhali onların məqsəd və niyyətlərini gözlərindən oxuyur. "Palata" təmsilçiləri daha çox xalqın problemlərinin həllini yox, öz ciblərini doldurmağın fikrini çəkirlər. Qərb bossları isə onları daha fəal olmağa, demokratiyadan bəhrələnməyə çağırırlar.
Demokratiya dedim, yadıma sovet demokratiyası düşdü. O vaxt da ölkə rəhbərləri Sovet İttifaqını ən demokratik bir dövlət kimi təqdim edirdilər. O vaxt iqtidar-müxalifət qarşıdurması yox idi və heç bir vətəndaş nə Kommunist Partiyasının baş katibi, nə də digər vəzifələrə iddialı olduğunu dilinə gətirmirdi. Gənclər təhsil almağa üstünlük verir, əhalinin digər qismi isə öz iş-gücü ilə məşğul olurdu. Vəssalam.
Sən bir Qərb demokratiyasının gücünə bax ki, maliyyə dəstəkçisinin bir barmağı ilə təhsilli-təhsilsiz, kim gəldi partiya yaradıb sədr kürsüsünə çıxaraq, prezident seçkisində iştirak edəcəyi haqda bəyanat verir. Əslində, Qərbin maraqlı dairələri demokratiyanı saxtalaşdıraraq, bizim müxalifətçilərin səviyyəsinə endirirlər. Əsil demokratiya insan azadlıqlarının geniş miqyasda təmin edilməsinə yol açır. Yəni hər bir şəxs, cinayət əməlinə yol verməmək şərtilə, istədiyi qurumu yarada və istənilən partiya və təşkilatla əlaqə qura bilər. İqtisadi və dini azadlıqlar da ön plana çəkilir. Yəni adamlar kommersiya əlaqələri qurmaqda, istənilən dini qəbul etməkdə azaddırlar.
Müxalifətin daha bir fəaliyyət növü xarici ölkələrin maraqlı dairələrinə demokratiyanın boğulmasından, hüquqlarının məhdudlaşdırılmasından, müxalifətçilərin həbsxana barmaqlıqları arxasına düşmələri haqda donoslar ötürməkdir. Onların yalan faktlarına həqiqət donu geydirən Markus Löninq və Kristofer Ştrasser kimilər həmişə tapılır. Əvvəllər adaşlar Andreas Qross və Herkel bu estafeti daşıyırdılar.
Bu gün demokratiya müxalifətin düşündüyü demokratiya deyil. Odur ki, o, müxalifətin qol-qanad açmasına və icazəsiz kütləvi aksiyalar keçirməsinə yol vermir. Müxalifət isə icazəli aksiyalar keçirməməklə batmaqda olan adlarını təmizə çıxarmağa cəhd edir. "İctimai Palata"da hökm sürən sükut isə müxalifəti nehrə kimi çalxalamaqdadır. Ancaq onların yağları üzə çıxmır, çünki maddələri sırf turş ayranlıq məhsuldan ibarətdir. Ayran isə ayrılmaq ifadəsi olan "ayıran" xüsusiyyətinə malikdir. Ayrılanlar isə birləşməməyə məhkumdur. Çünki çirkab və üfunət məziyyətli məqsədləri heç kəsi təmin etmir. Odur ki, müxalifətin istənilən qurum və blokları yaşamaq hüququnu itirmək mərhələsinə çatmaqdadır.
Valeh MƏHƏRRƏMLİ