Dağıdıcı müxalifət düşərgəsində hərənin ağzından bir avaz çıxır. Həmin avazlar anti-milli qüvvələrin sifarişləri üstündə köklənib. Anti-milli qüvvələr dağıdıcı müxalifət düşərgəsində təmsil olunan partiyalara maliyyə ayırırdılar ki, ölkədə qarışıqlıq yaratsın. İndi isə fərqli mənzərə yaranıb. Bu mənzərəni gah bəzəyən, gah da korlayan "ACP"-dir. Son vaxtlar "ACP"-nin siyasi proseslərə qoşmaq üçün R.Quliyev bütün yollara əl atıb. Bunun üçün düşərgədə təmsil olunan bütün partiyalarla savaşa başlayıb. Təki "ACP"-nin adı hallansın. Daha başqa nələrsə maraqlı deyir. Xüsusilə, son vaxtlar düşərgədə "uşaq" söhbəti genişlənib. "Ümid" partiyası ilə "ACP" bir-birlərini qırır. Guya "Ümid" partiyadır ki, dağıdıcı düşərgədə təmsil olunan partiyalar onunla özünü reklam edir. Hamsı eyni bir bezin qırağıdır. Bunların işi-gücü qutarıb. Mirzə Sakitin təbirincə desək, gedib "İctimai Palata"da DOMİNO oynanırlar!
"ACP"-dəki uşaqlar
Bir müddət öncə, "ACP" ilə "Ümid" partiyası arasında ara qızışıb. Çünki bir müddət öncə, mətbuata müsahibə verən İqbal Ağazadə qeyd etmişdi ki, Rəsul Quliyev bütün tarixi imkanlarının yemiş, tükətmiş siyasətçidir. 2003-də, 2005-də son şanslarını özü tükətdi. Rəsul Quliyev Azərbaycanı tanımır. Azərbaycanı tanımayan insan Azərbaycana rəhbərlik edə bilməz. Rəsul Quliyevin tanıdığı 1996-97-ci illərin Azərbaycanı çox-çox uzaqlarda qalıb.
Bu sözlər R.Quliyevə yaman təsir edib. O səbəbdən R.Quliyevin tərəfdarları da bu fikirləri cavabsız qoymadı. "ACP" liderinin müşaviri Ağasif Şakiroğlu isə "Ümid" sədrini falçılıqla deyil, ciddi siyasi fəaliyyətlə məşğul olmağı tövsiyə edib. Öz növbəsində, "Ümid" partiyası da "ACP" liderinin müşavirini cavabsız saxlamayıb. "Ümid" partiyası sədrinin siyasi məsələlər üzrə müavini Bakir Həsənbəyli mətbuata açıqlamasında bildirib ki, siyasət uşaq məşğuliyyəti deyil. Bu, kifayət qədər ciddi və məsuliyyətli bir işdir. Uşaqların vaxtından tez siyasətə atılmaları nəinki işin xeyirinə, əksinə, onların əl-ayağa dolaşmalarına səbəb olur. Ayağa dolaşanların da ayaq altında qalma ehtimalı böyükdür. Rəsul Quliyevin partiyasında fəaliyyət göstərən bir uşağın "Ümid" partiyasının sədri haqda hətta yaxşı fikir söyləməsi belə onun çapında deyil.
Söhbətin bu yerində Ramiz Mirzəoğlu gəlib çıxıb. Sən demə Sülhəddin Əkbərin Ramiz Mirzəoğlu deyə ictimaiyyətlə əlaqələr üzrə müşaviri də var imiş. R.Mirzəoğlu "ACP" lideri R.Quliyevlə "Ümid" partiyasının sədri İ.Ağazadənin R.Quliyev haqqında səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib ki, siyasətdə qəfil heç nə olmur və böyük oyunda piyadaları irəli verirlər. Onun sözlərinə görə, İ.Ağazadə lazım olan vaxtı bəlli qüvvələr tərəfindən şahmat taxtasında piyada kimi irəli sürülür. Bu mənada, belə bir hücum qəfildən baş verməyib. Son iki ildir ki, təsis edilib, amma İ.Ağazadə bu quruma üzv ola bilmir. Çünki "İctimai Palata"nın qapıları bu partiya sədrinin üzünə qapadılıb.
Tərəflərin bir-birlərinə ittihamları pis qutarıb. Sonda məlum olub ki, "Ümid" partiyası "İctimai Palata"ya üzv ola bilmirmiş. "ACP"-ni də uşaqlar idarə edirmiş. Hətta R.Quliyevdən xahiş ediblər ki, S.Əkbərin qulağını çəksinlər. Yoxsa....
Babək Hacıyev