Müxalifət 2013-cü il prezident seçkilərinə hansı əhval-ruhiyyə ilə gedəcəyini müəyyənləşdirməkdə çətinlik çəkir. Bir-iki icazəli mitinqdə emosiya və ambisiyalar məntiqi təfəkkürlərini üstələsə də, elektorat çatışmazlığı baryerini aşa bilmədilər. Artıq zamanın elə bir məqamı yetişmişdir ki, iqtidarın geniş addımları müqabilində müxalifətin tısbağa yerişi hətta sezilmir də. Bir misal çəkməklə kifayətlənəcəyik. Hamı yaxşı bilir ki, "Eurovision" mahnı yarışmasının ölkəmizdə keçirilməsi iqtidar tərəfindən təşkil edilməmişdi. Bu, Avropada hər il keçirilən mahnı müsabiqəsi idi. Eldar və Nigar oxuduqları mahnı ilə qalib gəldikləri üçün onu paytaxtımızda keçirmək lazım gəlmişdi. Yəni bu, icbari bir beynəlxalq tədbir idi.
İndi gəlin görək bizim üçün xüsusi əhəmiyyət kəsb edən bu beynəlxalq yarışmaya iqtidarın və müxalifətin münasibəti necə olub? İqtidar tədbirə çox anlaşıqla yanaşdı və qısa müddət ərzində 25 000 nəfərlik nəhəng kristal zalı tikdirib, ətrafında quruculuq-abadlıq işləri apardı. Nəhayət, tədbirin keçirilməsinin təhlükəsizliyini təmin etdi. Tədbiri təhdid edənlər isə kifayət qədər çox idi. Böyük bir cinayətkar qrupu tərksilah edildi. Müxalifət də qoşulmuşdu tədbirin keçirilməsi əleyhdarları olanların tərəfinə. Bəzi Avropa ölkələri, İran və "İctimai Palata" təmsilçiləri müsabiqəyə qənim kəsilənlər üçlüyünü əhatə edirdi. Müsabiqədə iştirak edən müğənni Lorin təmsilçisi olduğu İsveçin Azərbaycandakı səfirinin çağırışına cavab vermədi.
Müxalifət "Bakı Kristal Zalı"nda təntənəli surətdə keçirilən mahnı müsabiqəsinə mane ola bilmədi. Buna görə bu gün də böyük üzüntü keçirir. Kütləvi aksiyalarla fərqlənə bilməyən müxalifət yeni təzyiq mexanizmləri üzərində fikirləşməkdə və götür-qoy etməkdədir. Necə eləsin ki, böyük miqdarda elektoratın nəzərini cəlb etsin? Budur olum-ölüm məsələsi... Deməli, icazəli kütləvi aksiyalar alınmadı, yəni oraya cəlb olunanlar kifayət qədər az idi. İcazəsizinə gələnlər isə, ümumiyyətlə, gələn tapılmadı. Kütləvi aksiyalara bir quş... Quşu olmayan təzyiq mexanizmlərini isə fikirləşib tapmaq mümkün deyil. Bu, bir növ süqut kimi bir şeydir.
İndiyədək heç bir sahədə uğur qazanmayan müxalifət "İctimai Palata" arabasında gələn il keçiriləcək prezident seçkilərinə doğru start götürüb. Bu cür ləng startla heç 2018-ci ilədək də finiş xəttinə çatmaq olmayacaq. Çünki heç bir proqramsız iş görməklə hər hansı effekt əldə edilməz. Bu, müxalifət üçün vacib deyil. Vacib şərt görüntü yaratmaqla Qərbin maraqlı dairələri ətrafında var-gəl etməklə qrant qazanmaqdır. Bu zaman müxalifət daxildən ciddi etirazla qarşılaşır. Əhali müxalifətçilərin kim olduqlarını, kimə işlədiklərini anlayıb, onlardan üz döndərir. Bir vaxt yüz minlərin mitinqlərə axışması eyforiyasını yaşayan müxalifət bu gün hətta bir minə də stavka etməyə çətinlik çəkir. O vaxt ölkənin başının üstünü alan qara buludlar sıx olduğundan, Qərbə və ciblərinə işləyən məmurlar yüz minlərin diqtəsi ilə oturub-dururdular.
1993-cü ilin yayından etibarən müxalifətin hər hansı problemi həll etmədiyi məlum oldu. Həmin andan etibarən problemlərin həlli mexanizmləri işlənib-hazırlandı. Hamı başa düşdü ki, bu işi siyasət üzrə mütəxəssislər yerinə yetirməlidir. Ötən 19 il ərzində ölkə Ümummilli Liderin sazladığı saat mexanizmi vasitəsilə tənzimlənir. Dövlət öz işini tam dürüstlüyü ilə yerinə yetirir. Qərbə işləyən müxalifətə isə yer qalmır. Xalq həmişə düzgün işləyənin tərəfini saxlayıb və bundan sonra da belə olacaq.
Valeh MƏHƏRRƏMLİ