Atalarımız "ağası gülüm olanın, başına külüm olar" deyiblər. Bir də deyiblər ki, "dostunun adını de, sənin kim olduğunu deyim". Bizim müxalifətin ağası da məlumdur, dostu da. Bu yerdə Qərb, xaric, boss kimi istilahlar ön plana keçir. Min dəfələrlə təkrar etdiyimiz məqsəd də məlum olur, məram da. Ağa da ki, əhlikef adamdır, nökərinə pul verib, istədiyi oyunu başına aça bilər. Necə ki, müxalifət liderlərinin başına açır. Gah ora göndərir, gah bura. Gah dağa dırmaşdırır, gah arana köçürür. Ağadı da, sözünün qabağında söz deməyəsidilər ki, Ağanın sözündən çıxmaq, qrant boğçasının ağzının bağlanması deməkdir. Ağa qayıdıb bu müxalifət liderlərinə desə ki, sür dərəyə, bu binəvalar kimdilər ki, sürməyələr. Sürməsələr, sürüyüb cəmdəklərini atacaqlar dişarı.
Böyük ədibimiz Əbdürrəhman Vəzirovun mehtərçilik edən hekayə personajlarından biri tragikomik bir məqam yaşayıb. Sosialist inqilabı ərəfəsində təbliğat aparmaq üçün kəndə gələn kommunist mehtəri inandırır ki, o da ağası kimi cəmiyyətin eyni hüquqlu vətəndaşıdır və ağası ondan az da olsa, heç bir üstünlüyə malik deyil. Təbliğatçı getdikdən sonra mehtər şirin xülyalar aləminə dalıb, özünü azad və müstəqil şəxsiyyət hesab edir. Bu məqamda böyürdən çıxan ağa ona axuru təmizləməyi tapşırır. Azadlıq nəşəsi duyan mehtər ağasına "mən də özüm üçün bir ağayam, get axuru özün təmizlə" deyir. Qulaqlarına inanmayan ağa əmrini bir də təkrarlayanda, mehtər daha ötkəm və daha dikbaş cavab verir. Hirsindən gözləri hədəqəsindən çıxmış ağa nökərini, nə yemisən-turşulu aş, o ki var kötəkləyir. Mehtərin yaraları üç gün zoqquldayır. Özünə gələndə, təbliğatçının qarasınca, "azadlıq yaxşı şeydir, ancaq ağanın qəzəbinə gələndə, ağrıları bir qədər zoqquldayır" deyir.
Müxalifət də Qərbin qulluğunda bu ağanın mehtəri günündədi. Ağalarının buyuruqlarını yerinə yetirəndə, qabağına atılan sür-sümüyü gəmirir, əmrlərə itaət etməyəndə, qrant axan borusu tıxanır. Qərb ağasının və nökər xislətli müxalifətin dostluğu bu minvalla davam edir. 20 ildir nökər ağasını qane etmir, ağa da nökərindən narazı qalır. İş getmir. Göründüyü kimi, müxalifətin çörəyi daşdan çıxır. Baş işlədənlər bu cür liderlərin ətrafından qaçıb dağılışır, göz-qaş işlədənlər isə, reneqat simasında Eldar Namazovun "Ziyalılar Forumu"nun tərkibinə daxil olur. Bu, o sayaq ziyalılardır ki, "İctimai Palata" kimi qurumların ətrafında dolaşaraq, Qərbin dilənçi payı ilə dolanmağa cəhd edir. Reneqat "ziyalılar"ın hər birinin ətrafında dolaşan pərəstişkarlarının da sayı sürətlə seyrəlməkdədir.
"Eurovision" mahnı yarışmasında heç bir təxribat aparmağa nail olmayan müxalifət gələn ilin payızında keçiriləcək prezident seçkilərində revanş götürəcəyinə inanır. Yəqin ki, kütləvi aksiyalara əl atılmayacaq. Çünki son bir neçə ildə bu yolla bir addım da olsa irəliləyişə nail ola bilməyib. Eybi yoxdur, erməni ümidsiz vəziyyətə düşdükdə, xristian qardaşları önündə son üsula-ağlamaq üsuluna əl atdıqları kimi, bizim müxalifət də yeni və daha təsirli üsullar tapmağa qadirdir. Kütləvi aksiyalar işə keçmədikdə, müxalifət daha incə üsullara əl ata bilər. Birincisi, küçə və meydanlarda cüzi çaxnaşmalar yaradıb qaçmaq. İkincisi, kütləvi aclıq aksiyası keçirmək. İnandırım sizi son 15-20 il ərzində müxalifətin keçirdiyi aclıq aksiyasında bir nəfərin də burnu qanamayıb. Bunlar ölməmək üçün aclığın mərhələli növündən istifadə ediblər. Yəni birisi estafeti o birinə ötürüb. Hər aclıq aksiyasından sonra iştirakçılarda bir neçə kilo çəki artımı müşahidə edilib. Üçüncüsü, bu və ya digər idarə və müəssisə qarşısında ağzıbağlı etiraz aksiyası keçirmək. Etirazçılar ağızlarına kleyli kağız yapışdırıb, müvafiq yerlərdə dayanıb susurlar... Müxalifət növbəti prezident seçkilərinə bu üç aksiya ilə gedir. Digər variantlar ehtiyatda saxlanılır.
Valeh MƏHƏRRƏMLİ