Deyilənə görə, susmaq razılıq əlamətidir. Bu gün dağıdıcı müxalifətin susmaq kimi amili önə çıxarmaları, həmin amildən gələcəkdə guya siyasi üstünlük qazanmaları üçün istifadə etmələri gülünc göründüyü qədər də qəribəliyi ilə seçilir. Məsələn, hələ bir müddət bundan qabaq, "vahid namizəd" məsələsi ətrafında danışmamağa qərara gələn müxalifət başbilənləri bu haqda danışmağın onlar üçün "zərərli" olduğunu bildirirdilər. Hətta "cəbhə" sədri Əli Kərimovun "vahid namizəd" məsələsində bir daha danışmayacağı barədə dediyi fikirlərinin nəyə xidmət etdiyini də müəyyənləşdirmək çətinlik yaratmır. Yəni bu kimi açıqlamadan bəlli olur ki, bu cür susmalar, əslində, razılığa gəlinməməyə istiqamətlənən mayak işarəsidir. Onlar susmaqla müxalifətin "vahid namizəd" məsələsində anlaşmadıqlarını etiraf edirlər. Ancaq dilə gətirməyə qorxurlar. Qorxurlar ki, əllərində qalan üç-beş nəfər elektoratları da düşərgəni üzüqaralıqla tərk edərlər. Amma dırnaqarası başbilənlər sussalar da susmasalar da, olanlar göz qabağındadır.
MÜXALİFƏT LAL OYUNUNA KEÇİR
"Vahid namizəd" məsələsi kimi, başqa məsələlərdə də anlaşa bilməyən müxalifət "liderləri" öz partiya daxillərində susaraq, məğlubiyyət sindromlarını qəbul etməkdədirlər. Yəni etiraflar bu sıradan da üzə çıxır.
İndi də Müsavat partiyası rəhbərliyində təmsil olunan şəxslər qurultayın günü təyin edilənə qədər artıq bu haqda danışmayacaqlar. Bildirildiyinə görə, bir müddət bundan əvvəl, Müsavat başqanının müşaviri Hüseyn Məlikin mətbuata verdiyi müsahibə partiya daxilində ciddi rezonans yaradıb. Hətta məhz bu müsahibə partiyanın divanında iki dəfə müzakirəyə çıxarılıb. Məhz həmin müzakirələrdən sonra ümumi razılaşma əldə edilib ki, bu istiqamətdə açıqlamalar verilməsin. Yəni sussunlar ki, Müsavat nəinki başqanını seçə bilmir, hətta qurultayını keçirməyi də bacarmır. Yeri gəlmişkən, son günlər Müsavatın qurultayı, başqanlığa namizədliyini irəli sürəcək şəxslər və onların başqan olmaq ehtimalları haqda müzakirələr dayandırılıb. Maraqlıdır ki, bu razılaşma da divanın toplantısında əldə edilib. Qeyd edim ki, son günlərə qədər Müsavat partiyasında başqan məsələsi xüsusi müzakirə edilirdi. Partiyanın əsas funksionerlərindən olan Arif Hacıyev qeyd edirdi ki, başqan olacağı təqdirdə, partiya daha da inkişaf edəcək. Nəticədə, bir qrup şəxs A.Hacıyevin bu fikirlərinə qarşı çıxaraq, başqan məsələsinin seçkilərdən sonraya saxlanılmasını tələb edirdi. Məhz bundan sonra İsa Qəmbərovun müşaviri Hüseyn Məlik açıqlamasında açıq-aşkar A.Hacıyevin namizədliyinə qarşı çıxaraq, onu başqan görmədiyini xüsusi vurğulamışdı.
Görünür, Müsavatın da müxalifətin lal oyunu oynaması mərəzinə bulaşması həmin partiyanın başına hələ çox oyunlar gətirəcək. Bu, həm də susmaqla etiraf deməkdir. Hər halda, həmin etiraflarını dilləri ilə desələr, daha məqbul sayılmazdımı? Axı danışanda, dilləri pərgar vurur bu susqunların.
MÜBARİZ