Əlbəttə ki, hər hansı bir sevinməyin, acıqlanmanın, yaxud da kədərlənməyin arxasında bir səbəb var olur və həmin səbəbin də hər hansı başqa səbəbdən yaranması şübhəsizdir. Amma elə "səbəblər" də olur ki, buna səbəb demək elə də düzgün alınmır. Nə isə, bir az qəliz danışdım. Amma bu qəlizliyi rahat şəkildə başa salmaqdan ötrü, keçirəm bilavasitə mətləbimə. Budəfəki mövzum elə köşəmin başında yazılan şərəfsizlikdən bəhs edəcək. Belə ki, müxalifətin ən rəzil mətbu orqanlarından biri olan "Azadlıq" qəzetinin "Azadlıq.info" saytı qəzetin səhifəsinə belə bir başlıqlı yazı yerləşdirib: "Olimpiada formamız İngiltərədə gülüş hədəfi oldu" (?!-R.).
Sən demə, "Financial times" qəzetinin hansısa Karolina Lonq adlı yazarı London Olimpiadasında çıxış edəcək komandaların rəsmi formaları və dizaynlarını təhlil edib və məlum olub ki, bəzi ölkələrlə yanaşı, Azərbaycan Olimpiada yığmasının geydiyi rəsmi formada guya hər hansı çatışmazlıqlar var. Ucundan tutaraq, ucuzluğa gedən britaniyalı jurnalist ən azından, həmin geyimlərin üzərlərində yer almış, dövlət atributlarını əks əks etdirən gerbə hörmət qoymaq yerinə, ağzına gələn ironiyalı fikirlərini kağız köçürüb. Və bunu "səbəb" kimi götürərək, şərəfsizcəsinə ictimailəşdirib, hətta sevindiyindən şıllaq da atıb. Sanki bununla etiraf edib ki, həqiqətən də, "Azadlıq" qəzeti Ermənistan mətbuatının "Qolos Armenii", "Jamanak", "Qraparak" kimi mətbu orqanlarından qətiyyən fərqlənmir. Çünki "Azadlığ"ın səhifəsində gedən şərəfsizlik birbaşa erməni mətbuatında istinadən yazılıb. İnanmayan "Panorama.am" saytına "tıklasın" və oxusun!
Bax, budur şərəfsizliyin bariz nümunəsi, açıq göstəricisi. Maraqlıdır, görəsən, millətdən, xalqdan danışmaqdan usanmayan "Azadlığ"ın qeyri-rəsmi baş redaktoru Əli Kərimov həmin informasiyanın qəzetdə getməsinə qol qoyarkən heç özündə, bir balaca da olsa, utanc hissi keçiribmi? Əslində, bu sual Ə.Kərimova çox yumşaq şəkildə verilsə də, cavabı sərtdir: Əgər orada elnur astanbəylilər, qənimət zahidlər, xaliq bahadırlar, seymur həzilər, natiq güləhmədoğlular və bu kimilər qələm sındırırlarsa, demək, bu kimi şərəfsizliklərə qol qoyan Ə.Kərimovdan heç də fərqlənmirlər. Bir də ki, hər kəsə gün kimi aydındır ki, qəzetdə imza yerinə "informasiya şöbəsi", ya da "azadlıq.info" kimi istinadlar qoyulursa, demək, həmin istinadlar Ə.Kərimovun imzasıdır. Ə.Kərimovun imzasından isə çox pis, üfunətli və murdar qoxular gəlir. Bundan isə təəccüblənmək lazım deyil.
Hər halda, bu qəzet bir daha hansı "qeyrətə" mənsub olduğunu nümayiş etdirdi. Ancaq bunun da bir sonunun olacağını düşünmək lazımdır. Fəqət, şərəfsizlərdə düşüncə nə gəzir ki? Yəni "Azadlıq" qəzetinin və onun rəhbərliyinin, yazarlarının düşüncələri olsa idi, heç şərəfsiz də olmazdılar. Ancaq bu ad onlara çox yaraşır, hətta pək yaraşır!
RÖVŞƏN