PDF Oxu

Köşə

  • 1 514

Oruc tutun ki...

Oruc tutun ki...

İslam dünyasında Ramazanı ayların sultanı adlandırırlar. Möminlər Ramazan ayında ibadəti, duanı, Quran mütaliəsini artırırlar. Çünki bu ayda edilən tövbələr qəbul olur, dualar yerinə yetir, xeyir əməllər üçün ikiqat savab yazılır.

Oruc tutan insan bədənini dünya nemətlərindən, ruhunu isə dünya qayğılarından azad edir. Ümumiyyətlə, orucun mənəvi faydalarından çox danışmaq olar. Bəs görəsən, 1 ay müddətində günün 16-17 saatının ac və susuz keçirən insanın səhhəti bundan necə təsirlənir.

Sözsüz ki, yemək insan orqanizminin ən vacib tələbatlarından biridir. Lakin islam dinində normadan artıq yemək məsləhət görülmür. Həzrət Məhəmməd Peyğəmbər (s) buyurub ki, çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır.

Məlumdur ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut ediblər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir.

Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, yenilər yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır.

Həkimlər orucun tibbi faydaları haqqında belə deyir: "Oruc qanyaradıcı orqanlara da müsbət təsir edir. Belə ki, bu orqanlar gün ərzində normadan artıq qida qəbul edəndə, yüklənir, ona görə də funksiyaları pozulur. Ancaq bədən az qida qəbul edəndə qanyaradıcı orqanlar da öz fəaliyyətini təzələyir. Orucluğun bir ay davam etməsində də qanunauyğunluq var. Rəsmi təbabətdə, xüsusilə, mədə-bağırsaq xəstəliklərində pəhriz 24-28 gün təyin olunur".

Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və "yorulur". Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və norma fəaliyyətini bərpa edir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır; nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.

Hətta müsəlman olmayan tibb alimləri də orucu ən yaxşı müalicə üsulu adlandırıblar. 1940-cı ildə Tibb üzrə Nobel mükafatını qazanan məşhur alim Aleksis Carrel "L'Hamme, Cet İnconnu" adlı əsərində: "Oruc əsnasında orqanizmlərdə yığılmış qida maddələrinin təmizləndiyini, sonradan bunların yerinə yenilərinin gəldiyini, beləcə, bütün bədəndə bir yenilənmə olduğunu və orucun sağlamlıq baxımından çox faydalı olduğunu" söyləyər.

Həzrət Məhəmməd Peyğəmbər (s) bir hədisində belə buyurur: "Oruc tutun ki, sağlam olasınız".

Bu baxımdan Ramazan ayını müsəlmanın bir aylıq müalicə kursu da adlandırmaq olar.

Cabir

Digər xəbərlər