Yenidən birlik yaratmaq iddiasına düşən 8 müxalifət partiyasının sədri bir araya gəliblər. Ötən iki onillik ərzində bu cür cəhdlər mütəmadi olaraq təkrar olunub. Nəticə isə heç vaxt müsbət olmayıb. Bu dəfə müxalifət sədrləri öz dəlləkliklərini iftar süfrəsində gerçəkləşdirməyə cəhd ediblər. Ramazan ayının həftənin sonunadək davam edəcəyini nəzərə alsaq, müzakirələrin davamlı olacağını qeyd etməliyik. Ancaq aparılan danışıqlarda hər hansı müsbət nəticənin əldə edildiyini demək hələ tezdir. Bir çox müxalifət ekspertləri isə hər hansı müsbət nəticənin əldə ediləcəyinə şübhə ilə yanaşdıqlarını bildirirlər.
"8-lər"in "iftar sərgüzəşti"ni eşidən Xaliq Bahadır nifrət və qəzəbini cilovlaya bilmir. Bu müxalifət eksperti "pir mənimdirsə, kəramətinə də yaxşı bələdəm" deyib, bir-bir "8-lər"in adını çəkib, onları yaş sərib, quru yığışdırır. "Bunların dabbaqda gönlərinə bələdəm, - o, hirsindən dodaqlarını çeynəyir, - bunlar qurub-yaradanlar yox, uçurub-dağıdanlardır. "8-lər"dən birinin yaralı barmağa əlac etdiyini eşitsəydim, qulağıma könüllü olaraq qurğuşun tökdürməyə razılıq verərdim. Hamısı da it əlindən əppək qapanlardı".
Digər müxalifət ekspertləri "8-lər"in hər hansı yeni müxalifət qurumu yaratmağa yox, əslində, görüntü yaratmağa çıxdıqlarını, biri bir söz deyəndə, o birilərin düşünüb-daşınmadan əleyhinə getməyə hazır olduqlarınıı bir sözlə, çənə-boğaz yırtmaq niyyəti güddüklərini bildirirlər.
Dostunun kim olduğunu de, sənin kim olduğunu deyim. Bu, atalar məsəlidir. Xaliq Bahadır isə deyir ki, yeni müxalifət birliyinin yaradılması təklifini kimin irəli sürdüyünü de, həmin adamın məqsədi, düşüncə tərzi, həyat fəlsəfəsi və digər mətləbləri haqda sənə müfəssəl məlumat verim. Mən də etməyib tənbəllik, təklif irəli sürən adamın ADP sədri Sədar Cəlaloğlu olduğunu bildirim. Müsahibim cavabı o qədər də gözlətmədi. Dedi ki, bu, o Sərdar Cəlaloğludur ki, bir vaxt ADP-ni Rəsul Quliyev və İlyas İsmayılov arasında nifaq almasına çevirərək, aralarında narazılıq yaratdı. Narazılıq ADP-nin "SİDSUH"-a təqdim etdiyi siyahıdakı birinci yer uğrunda gedən mübahisədə özünün kulminasiya nöqtəsinə çatdı. Nəticədə, S.Cəlaloğlu pulu daha çox olan R.Quliyevə üstünlük verdi. Tezliklə S.Cəlaloğlu "Azadlıq" blokunda özünü ADP sədri elan edib, R.Quliyevi çıxdaş etdi.
Müxalifət eksperti "8-lər"in digər üzvlərinin də birlik yaratmaq və onun uğurunu təmin etmək xəyalında olmadıqlarını bildirdi. O, İsa Qəmbərovu və Əli Kərimovu öz nəfslərinin qulu kimi xarakterizə etdi. Bu "siyasilər"in vahid namizədlikdən geri çəkilmələrinin çoxgedişli oyun kombinasiyası olduğunu xatırladan digər müxalifət ekspertləri adları çəkilən İ.Qəmbərov və Ə.Kərimovun bildiklərini Qərb bosslarından başqa babalarına da vermək əzmində olmadıqlarını bildirirlər. "O ki qaldı vahid namizəd postuna, nə İ.Qəmbərov, nə də Ə.Kərimov, indiki vəziyyətdə onu heç atalarına da güzəştə getməzdi" deyə müxalifət ekspertləri yekun rəyə gəldilər. Pənah Hüseynovun namizədlik məsələsinin isə deklorotiv xarakter daşıdığı bildirilib. Bunu "xala xətrin qalmasın" kimi də xarakterizə etmək olar.
"ACP" sədri Sülhəddin Əkbərin iftar süfrəsinə dəvət olunacağı təqdirdə, iştirakçıların sayı 9 olacaqdı. O vaxt başlıca qarşıdurma "ACP" və "İctimai Palata" arasında olacaqdı. S.Əkbər vahid namizəd kimi Rəsul Quliyevi dəstəklədiyini bildirəcək, İ.Qəmbərov isə onunla razılaşmayacaqdı. Ə.Kərimov isə qarşıduran tərəflər arasında münaqişəni daha da dərinləşdirməyə cəhd edəcəkdi. Müxalifət ekspertləri S.Cəlaloğlunun İ.Qəmbərovun mövqeyini dəstəklədiyini bildirirlər. Bunun da səbəbinin ADP sədrinin R.Quliyevə qarşı gücü antipatiyasının olmasına yozurlar.
Müxalifət ekspertləri, son nəticədə, 8 nəfər ambisiyalı müxalifət liderinin hər hansı bitkin yeni birlik forması yaratmağa qadir olmadıqlarını vurğuladılar. "8-lər" isə məsələni növbəti görüşlərdə həll edəcəklərini bildirirlər.
VALEH MƏHƏRRƏMLİ