2013-cü il gəlir, nə gəlir! Yəni yayın bu cırhacırında-qızmar oğlan çağında yeni 2013-cü il haqqında yazmaq bir az qəribə görünsə də, həmin qəribəliklərin təhlilindən elə bir əcaibliklər meydana çıxır ki, barmaqlarım arasında sıxılıb qalan qələm belə, dil açıb deyir ki, ayə, ay qələmdarım, daha bəsdir, cızdağım çıxdı axı! Yazıq qələm.
Bir də ki, qələmin funksiyası qrafitdən, yaxud da mürəkkəbdən ağ vərəqə iz salmaqdırsa, qələm sahibinin işi də bunu ona etdirməkdir. Ona görə də, qələmin barmqalarım arasında cızdağı çıxsa da, yazmalıyam. Çünki bu, mənim işimdir. Qoyun öz işimi görüm.
YƏQİN BURADA BİR ƏMƏL VAR
Nə isə, keçim mətləbə. O mətləbə ki, mən nəyə görə səkkizinci ayı təzəcə tamam olmuş 2012-ni qoydum bir tərəfə və başladım 2013-dən yazmağa. Məsələ ondadır ki, 2013 həm də seçki ili kimi tarixə düşəcək. Amma həmin seçki ilində bir çox dırnaqarası siyasilərin də dəfn ili olacaq ki, onlar siyasi məzarlığa getməməkdən ötrü, hazırda istənilən "va-bank"a, tarana (yəni kəllə-kəlləyə - R.) gedirlər bir-birləri ilə. Nəticədə, xilaslarını "prezident" olmaqda görürlər. Çünki 2013-cü il prezident seçkiləri ilidir. Amma bunlar heç Allahın deputatı da ola bilmirlər. Və artıq neçə illərdir ki, özlərini müxalifət adlandıran düşərgə mənsubları "vahid namizəd" məsələsi üzərində baş, qol, qıç, bel və digər şeylərini sındırır, müxtəlif-müxtəlif müzakirələr edir, ancaq nəticə etibarilə heç bir çıxış yolu tapa bilmirlər. Digər tərəfdən baxdıqda isə, sanki kimsə "vahid namizəd" müzakirələrini bunların boylarına ölçüb, özü də elə ölçüb ki, hətta həmin ölçünün əndazəsindən baş aça bilmirlər. Yəqin burada hansısa bir əməl var. Amma əməl barədə bir az sonra...
Başqa tərəfdən, sözügedən mövzu ətrafında müzakirələr aparılarkən, agah olur ki, Qərb müxalifətdən 2013-çə "vahid namizədlə" qatılmağı tələb edir. Onlar da, nəmxuda, bir-birləri ilə Qərbin qabağında minbir cür meymunluqlardan çıxırlar ki, bəlkə həmin meymunluqlarını dəyərləndirib, "vahid namizəd"in kimin olacağını desin.
Amma bəlli oldu ki, heç sən demə "liderlərin" Qərbə olan ümidləri də özünü doğrultmadı. Yəni Qərbin nüfuzlu şəxslərinin Azərbaycanda müxalifət təmsilçiləri ilə görüşdən imtina etmələri göstərdi ki, onların oyunbaz, meymunluq edən müxalifətlə işləmək, müzakirələr aparmaq kimi fikirləri mövcud deyil.
Artıq müxalifətdə "vahid namizəd" məsələsi o qədər geniş yer alıb ki, kimin bu ada layiq olması üstündə qırğın-davaların sayı artır və artmaqda da davam edir. Və "vahid namizəd" məsələsi dönüb olub oyuncaq məsələsi. Məsələnin oyuncağa dönməsi isə vahid namizəd kimi fikirləri alt-üst edir. Yəni bunlar getdikcə kəmləşirlər. Sonda "vahid namizəd" olacaq şəxs (bu, inandırıcı görünməsə də-R.) avtomatik qaydada dönüb olacaq oyuncaq namizəd.
Və bu gün düşərgədə biri özünü "ana müxalifət", başqası "kostruktiv müxalifət", növbətisi "dağıdıcı müxalifət", digəri isə "radikal müxalifət" adlandırmaqla öz oyuncaqlıqlarını kifayət qədər təsdiq edirlər.
Oyuncaq namizəd demişkən, bəlkə bunlar 2012-dən başlayaraq, bir daha "vahid namizəd" ideyası ətrafında səs-küy salmasınlar. Axı belə səs-küylər çoxaldıqca, daha "münbit" versiyalar əmələ gəlməyə başlayır. Məsələn... Ancaq yox, yazmayacağam, çünki qələm də yoruldu bunlardan yazmağa. Yaxşısı odur ki, zamanını gözləyək və görək, 2013-də müxalifətin oyuncaq namizədi kim olacaq?
RÖVŞƏN