PDF Oxu

Köşə

  • 829

Yaranmayan blok ətrafında mülahizələr

Yaranmayan blok ətrafında mülahizələr

Adamlar fikirləşə bilməyəndə, diqqətlərini bir səmtə yönəltməyə adət ediblər. Son vaxtlar öz qurumlarında fikirləşməyi yadırğayan müxalifət də bu metoddan istifadə edib. Demək istəyirik ki, fikirləşə bilməyən müxalifətin hər hansı blok yaratması qeyri-mümkündür, fiksiyadır və cəfəngiyyatdır. Yəni "İctimai Palata", "DUİ", "Qarabağ", "QAT", "DCUMH" kimi birlik və blok üzvləri ümumi nəticəyə gələ bilmədikləri üçün ictmaiyyətin nəzərlərini özlərindən uzaqlaşdırmaq məqsədilə müxalifətin yeni birlik formasını yaratmaq haqda görüntü yaratmaq cədində bulunmuşlar. Adamdan soruşmazlar ki, bu qədər birlik və blok olduğu halda, yenisini yaratmaq hansı zərurətdən doğub?

Əlbəttə, müxalifət liderləri bu suala cavab vermək niyyətində deyillər. Yəqin ki, bu sualın cavabını heç bilmirlər də. Ancaq bir-iki gün əvvəl ADP sədri Sərdar Cəlaloğlunun açdığı iftar süfrəsinə toplaşıb, oruclarını açırmışlar kimi, yeni münasib müxalifət qurumu yaratmaq haqda fikir mübadiləsi aparıblar. Hər biri də müsbət nəticənin əldə ediləcəyini gözləyir. Ancaq S.Cəlaloğlunun iftar süfrəsində hər hansı qərar qəbul edilməyib.

Belə bir sual yarana bilər ki, mövcud müxalifət birliklərinin nəyi pisdir ki? Hələlik, "İctimai Palata" öz meydanına Rəsul Quliyevin "harəkat"ını yaxın buraxmır. R.Quliyev, hələ ki, Sülhəddin Əkbərin başçılığı ilə "ACP"-ni qabağa verib. Yəni "hərəkat"ın nə hərəkəti, nə də Allahdan bərəkəti nəzərə çarpır. Ancaq bu təşbehi "İctimai Palata"nın ünvanına da söyləmək olar. Bu qurum heç bir perspektiv vəd etməyən meyitxananı, yəni morqu xatırladır.

Müxalifətçilər öz aralarında "İctimai Palata"nın İsa Qəmbərov və Əli Kərimovun kurasiyasında olan birlik kimi xarakterizə edirlər. Bu quruma üçüncü bir liderin gəlişi istisna olunur. Elə bu iki liderin başlarının da "İctimai Palata" qazanında qaynamağa hazır olmadığı vurğulanır. Bu səbəbdən də, iki liderdən birinin prezidentliyə namizədliyi üzərinə qadağa qoyulub. Buna qurumda status-kvonun qorunması kimi baxılır. Deməli, "İctimai Palata" müxalifətin vahid qurumu siyahısına daxil edilmir.

İftar süfrəsinə dəvət edilməyən "ACP" sədri Sülhəddin Əkbərin R.Quliyevin "hərəkatı"nı ümumi müxalifət qurumu kimi önə çıxaracağı gözlənilirdi. S.Əkbərin müəyyən uğurlarından da danışılmaqdadır. Onun böyük müsavatçılar qrupunu "ACP"-yə doğru meyilləndirməyə nail olduğu da bildirilir. Ancaq məsələnin qızğın çağında S.Əkbərin "ACP" sədri postunu tərk etməsi haqda xəbər yayılıb. Məsələnin məğzində R.Quliyevin pul xərcləməkdə simiclik etdiyi göstərilir. Xəbərin təsdiqlənəcəyi təqdirdə, R.Quliyev "hərəkatı"nın uğursuzluğu qaçılmaz olacaq.

Kim nə deyir-desin, ancaq tezliklə yeni bir müxalifət birliyinin yaranacağı hiss edilir. Çünki yeni blok yaratmaq həvəsi ilə iftar süfrəsinə gələn İ.Qəmbərovun xəstəliyi ilə əlaqədar müalicə olunmağa və ya dincəlmək üçün istirahətə getməsi ilə bağlı məlumat birliyin yaranacağına zəmin yaratmır. Ancaq mümkündür ki, İ.Qəmbərovun müalicəyə və ya istirahətə getməsini "İctimai Palata"nın dağılmasını arzulayan Ə.Kərimov təşkil etmiş olsun. S.Əkbərin "ACP" sədri postunu tərk etməsi haqda dezinformasiyanı da AXCP (i) sədri ortaya ata bilərdi. Bəlkə də, o, "İP"-i dağıdıb, R.Quliyevin "hərəkat"ını dəstəkləmək məqsədilə xüsusi plan cızır. Bu ehtimalların doğrulub-doğrulmaması üçün zamana ehtiyac var.

S.Cəlaloğlunun təklifindən doğan başqa bir variantı isə daha inandırıcı təsir bağışlayardı. Yığıncağa toplaşan liderlərin hər biri bir ağızdan öz qurumunun ən münasib birlik forması olduğunu iddia edər və rəqiblərinin fikirlərinin əsassızlığı ön plana çəkərdi. Bundan sonra ən azı daha iki onillik ərzində, çətin ki, hər hansı bir birlik forması yaranmış olardı.

VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər