PDF Oxu

Köşə

  • 1 008

Yeni blok yaratmağın mürəkkəblikləri

Yeni blok yaratmağın mürəkkəblikləri

Müxalifətin yeni birlik formasının yaranması liderlərin çoxlarını düşündürürdü? ADP sədri Sərdar Cəlaloğlunun iftar süfrəsi ətrafındakı danışıqları araşdırmalı olsaq, bunun belə olmadığı aydınlaşar. Əlbəttə, kimsə yeni bir blokun yaranmasını ürəkdən arzulaya bilər. Ancaq fikrinə istənilən miqdarda şərik toplaya bilmədikdə isə uğursuzluğa düçar olar. Hər hansı bir qurumun yaranması yalnız dövrün və zamanın labüd tələbi ilə bağlıdır. Yaranmalı labüd olan qurumun qarşısını almaq qeyri-mümkündür. İndiki halda, müxalifətin yeni blokunun yaranmasına xüsusi ehtiyac yoxdur. Bunu yalnız ətrafındakı birlik formalarını qəbul etməyən bir-iki müxalifət lideri arzu edə blər. Gerçəkliyə çevrilməyən arzu isə arzu olaraq qalacaqdır.

İndiki blok və birlik formalarını nəzərdən keçirdikdə, heç birinin əksər müxalifət qurumlarını əhatə etmədiyi qabarıq tərzdə nəzərə çarpır. Əgər bir neçə il əvvəl yaranan "Azadlıq" blokunun bir neçə eyni hüquqlu üzvləri var idisə, "İctimai Palata"nı Müsavat və AXCP (i)-nin idarə etdiyi üzə çıxır. Bunu görən digər müxalifət partiya və siyasi təşkilatların ona üzv olmaq marağı azalır. Onsuz da yeni üzvlərə İsa Qəmbərov və Əli Kərimov diqtəsi altında fəaliyyət göstərəcəkləri bildirilir. Məhz bu səbəbdən də, "İctimai Palata"nın kütləvi aksiyaları geniş maraq doğurmur. Buna baxmayaraq, Müsavat və AXCP (i) yetkililəri növbəti prezident seçkilərində gümanlarını "İctimai Palata"ya bağlayırlar. Onlar, ötən vaxtlarda olduğu kimi, bir növ mövcüzə gözləyirlər. Bu isə İ.Qəmbərov və Ə.Kərimovun reallıq hisslərini itirmələrindən irəli gələn amildir. Adam reallıq hissini itirəndə, xülyalara qapılmalı olur.

Yeni bir müxalifət blokunun yaranmasını ADP sədri çox arzulayırdı. Sözsüz ki, o, bu niyyətini bir neçə üzvü əhatə edən "Qarabağ" blokunda gerçəkləşdirə bilməyəcəyini başa düşmüşdü. O, bu məqsədlə müxalifətin özəyini təşkil edəcək partiya sədrlərini təşkil etdiyi iftar süfrəsinə dəvət etmişdi. S.Cəlaloğlunun fikrincə bu liderlərin ümumi rəyə gələcəyi təqdirdə, yeni və daha güclü müxalifət bloku yaratmaq mümkündür. Ancaq onun ürək qızdırdığı liderlər yekun qərar qəbul etməkdən imtina etdilər.

Hazırda paytaxtda çoxsaylı müxalifət partiyaları fəaliyyət göstərir. O qədər çoxdurlar ki, onları hürkütməsən saymaq olmaz. Müxalifətin it xılı kimi çox olduğu bir vaxtda kimlərə bel bağlamağı müəyyənləşdirmək də çox çətindir. S.Cəlaloğlu 8 müxalifət sədrini dəvət etməyi lazım bildi. Onun Rəsul Quliyevi təmsil edən "ACP" sədri Sülhəddin Əkbəri dəvət etməməsi dəvət olunanların ürəyincə oldu. "8-lər" ümumi müxalifətin mənafeyinin təmsilçisi kimi çıxış etməli idilər ki, digər müxalifət partiyaları da onların qərarlarını dəstəkləsinlər.

"8-lər"in yığıncağının gedişində heç bir mövqe sərgiləməyən İ.Qəmbərov və Ə.Kərimov "İctimai Palata"da qalacaqlarını nümayiş etdirirlər. Ertəsi gün isə, Müsavat başqanı söhbəti davam etdirməmək məqsədilə, ölkə hüdudlarını tərk etdiyini bəyan etdi. Ə.Kərimov S.Əkbərin iştirak etmədiyi məclisə ayaq bassa da, bəlkə də sonralar "ACP" sədri ilə xosunlaşmalarını davam etdirməyi nəzərdə tutur. Söhbətin gedişindən narazı qalan S.Cəlaloğlu "İctimai Palata"nın dağıdılaraq, yerində anti-müsavatçı qurumun yaranacağını iddia edir. Görünür, o, İ.Qəmbərovla qalmaq, R.Quliyev cinahına yuvarlanan Ə.Kərimovdan uzaqlaşmaq məqsədi güdür. İ.Qəmbərov isə, müvəqqəti olaraq ölkədən çıxmaqla, hadisələrin sonrakı gedişinin necə cərəyan edəcəyini öyərənmək və dostunun-düşməninin kimliyini müəyyənləşdirmək istəyir.

Yeni birlik forması yaratmaq bir o qədər də asan məsələ deyilmiş. Ümumiyyətlə, nəsə yaratmaq və ya kəşf etmək həmişə çox çətin olub... Görüşdə AMİP sədri Yusif Bağırzadənin və ALP sədri Əvəz Temirxanın da iştirak etməsi maraq doğurur. Deməli, Etibar Məmmədov və Lalə Hacıyeva da R.Quliyevə stavka etmək istəmir. Bəlkə də, onlar burada dost-düşmənlərini müəyyənləşdirib, R.Quliyev kartından istifadə etmək fikrinə düşəcəklər. Bir müddət əvvəl Ə.Temirxan "İctimai Palata"nın yığıncaqlarından birində qurumun ən real namizədi kimi L.Hacıyevanın adını çəkmiş və Ə.Kərimovdan təhqiramiz cavab almışdı... Xülasə, yeni blok məsələsinin həlli uzandıqca uzanmaqdadır. Görünür, hələ bu xəmir çox su aparacaq.

VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər