PDF Oxu

Köşə

  • 1 008

Hörmət və şöhrətdən kənar adam

Hörmət və şöhrətdən kənar adam

Rəsul Quliyevin vaxtilə İsa Qəmbərova qoşulduğuna görə AMİP lideri Etibar Məmmədovdan üzr istəməsi "ACP" lideri üçün əks-effekt təsiri doğurdu. Yəni üzr istədi ki, E.Məmmədov onun ətəyində namaz qılsın, əksinə, üzrü günahından pis oldu. Yəni bu üzr əks-effekt verdi. R.Quliyev bu üzr sayəsində bir əlində iki dovşan tutmaq istəyirdi, ancaq əlində olan yeganə dovşan da qaçdı.

Söhbət "ACP"-nin yeni sədri Sülhəddin Əkbərin Əli Kərimov ətrafında İsa Qəmbərov əleyhinə manevr etməsindən gedir. Ə.Kərimov və İ.Qəmbərov arasında rəsmi münasibətlər üzdə mehriban münasibət kimi xarakterizə olunsa da, əslində, tərəflərin bir-birinə münasibəti itlə pişik arasında olan münasibətə daha yaxın bir münasibətdir. Söhbət mehriban münasibət yaratmağa nail olmuş Alabaşla Məstandan getmir ha... Əksinə, Alabaşı görəndə, qorxusundan ağaca dırmaşan Məstan kimi pişikdən və Alabaş kimi qapan itdən gedir.

Hazırda İ.Qəmbərovla Ə.Kərimovun arası çox sərindir. O qədər sərin ki, aralarında əsən küləklər qasırğaya çevrilməkdədir. Aralarındakı uçurum isə get-gedə eninə və uzununa genişlənməkdədir. Bu genişlənmə İ.Qəmbərovun yalnız istirahətə və ya müalicəyə getməsi ilə əlaqədar deyil. Bu, həm də ürək-könül məsələsidir. Söhbət İ.Qəmbərovla Ə.Kərimovun qəlbən bir-birilərindən uzaq olmalarındandır. Bu adamlardan biri o birinə, ən yüksək halda, özünün birinci müavini gözü ilə baxır. Bunlardan biri o birini, heç bir vəchlə, özünün lideri kürsüsündə görmür.

R.Quliyev də məhz S.Əkbərin əli ilə Ə.Kərimovun saqqızını oğurlayaraq, onun rəğbətini qazanmaq istəyir. O, lazım gələrsə, Ə.Kərimovu öz lideri də seçməyə hazırdır. Çünki E.Məmmədov R.Quliyevin etirafını hörmətlə dinləsə də, onu öz ətrafına buraxsa da, başına çıxarmağa razı olmadığını bildirmişdi. R.Quliyev istisna etmir ki, Ə.Kərimov səxavətindən yararlandıqdan sonra, onu öz lideri kimi qəbul etsin. Axı R.Quliyevin yaşı keçir və heç şübhəsiz ki, 2018-ci il prezident seçkiləri onunçün əlçatmaz və olduqca uzaq yaşıl adaya çevrilə bilər. Odur ki, fürsətdən istifadə edib, gələn payızda istənilən müxalifət blokunun vahid namizədi rolunda çıxışını təmin etməyə çalışır. Hələ ki, cəhdləri uğur gətirmir.

S.Əkbər R.Quliyevin maliyyə dəstəyini liderinin müsbət tərəfi kimi qiymətləndirir. Onun pis cəhəti isə okeanın o tayından bu tayına dönüşündəki çətinliklə bağlıdır. R.Quliyev isə əmindir ki, seçkilər ərəfəsində vahid namizəd olmasından istifadə edərək, Qərbin dəstəyi ilə dönüşünü gerçəkləşdirə bilər. Əlbəttə, buna nail olmaq üçün hansısa nüfuzlu müxalifət qurumu gərək onu özünün vahid namizədi elan etsin.

Şekspirin Hamleti demişkən, "budur məsələnin çətin yeri". Yəni məsələdə çətinlik törədəcək cəhət də məhz budur. R.Quliyevi yalnız təsisçisi olduğu "müqavimət hərəkatı" qəbul edir. Ancaq təəssüf ki, o, üzvlərsiz qurumdur. Ona maraq göstərənlər isə "cırtdan-curtdan"lardır. Sərdar Cəlaloğlu isə R.Quliyevi hətta ən böyük məbləğ müqabilində də "Qarabağ" blokuna qəbul etmək niyyətində olmadığını bildirir. Yeganə ümid qalır "İctimai Palata"ya. Bu qurumda da R.Quliyevin tərəfdarı yoxdur. Deməli, bu qurum, çökməyəcəyi təqdirdə, R.Quliyevi özünün vahid namizədi elan etməyəcək. R.Quliyev də qalacaq suyu süzülə-süzülə okeanın o tayında. Bundan sonra dönüşü reallaşdırmağa da ehtiyac olmayacaq. Bəlkə R.Quliyev nə "müqavimət hərəkatı"nı, nə də "ACP"-ni yaratmayaydı?! Bu, doğru olardı. O zaman onun hörməti də çox olardı. R.Quliyevə isə hörmət yox, şöhrət lazımdır.

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər