16 müxalifət partiyasının fəallığı və 17 partiyanın iştirakı ilə yeni bir qurum yarandı. Burada kimlər yoxdur? Əlbəttə, yox olan yalnız Müsavatdır. Təmsilçilər arasında AMİP, AXCP, ALP, ACP, "KXCP", "Ümid"... Stop! Başa düşmədim, nə olub ki? Qurum daralıb, olan olub-torba dolub. Əşşi, ciddi bir şey olmayıb. "16 lar"ın yaranmasından heç dörd gün keçməmiş ADP və "Ümid" adsız qurumun sıralarını tərk edib. Artıq başlandı. Gələn gəldi, gedən getdi, indi qaldı o birilər. İndi əlimizə çobanyastığı gülü götürüb, ləçəklərini bir-bir qopararaq, hər hansı bir partiyanı xəyalımızda canlandırıb, "gedəcək-getməyəcək" deyə ümumi nəticəyə gəlməliyik. Bəlkə daha dörd gün gözləyək? Bəlkə gedənlər dörd gündən bir bəyanat verəcəklər.
Qayıdanlar ADP təmsilçisi Taliyət Əliyev və "Ümid" yetkilisi Bakir Həsənbəylidir. Onları geriyə çox güman ki, Sərdar Cəlaloğlu və İqbal Ağazadə çağırıb. Xatırladırıq ki, ADP və "Ümid" "Qarabağ" blokunun yeganə qoşa təmsilçiləridir. Çox güman ki, onlara blokda "qalmaq" daha sərfəlidir.
Yeni qurumun adı hələ müəyyən edilməyib. Ancaq ilk gündən burada şıdırğı iş gedib. Ümumi razılıq əldə edilib ki, demokratik seçki mühitinin formalaşması üçün, seçki məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə nail olunsun, daha sonra isə demokratik müxalifətin inteqrasiya perspektivləri araşdırılsın. Güman ki, bu qərar ADP və "Ümid"i qane etməyib. Qane etsəydi, qurumun sırasında qalardılar.
Qurum üzvləri "Demokratik Qüvvələrin Məşvərət Məclisi"nin yaradılması haqda qərar qəbul ediblər. Yalnız AXCP nümayəndəsi Həsən Kərimov səsvermədə iştirak etməyib. Deyib ki, partiyanın müvafiq rəsmi qurumlarının müzakirəsindən sonra "16-lar"ın növbəti səsverməsində iştirak edə bilər. Güman ki, bu, Əli Kərimovun ehtiyat tədbiridir. Yəni o, gözləmə mövqeyi tutub, hadisələrin gedişinə saf-çürük etməmiş, hər hansı bir qərar qəbul etmək istəmir. Ola da bilər ki, AXCP tezliklə "İctimai Palata"ya qaytarılsın.
Yığıncağın gedişində "ACP" sədri Sülhəddin Əkbərin xüsusi fəallıq göstərməsi diqqət mərkəzində olub. Müxalifət ekspertlərinin dediklərinə görə, məşvərət məclisi ideyasının müəllifi Rəsul Quliyevdir. Bundan sonra R.Quliyevçi olmayanlar, yavaş-yavaş sivişib aradan çıxmalı olacaqlar. Necə ki, ADP və "Ümid" "asta qaçan namərddir" deyib çıxıb getdi.
R.Quliyev isə gül vurduğunu güman edir. Çünki əgər onun "Müqavimət Hərəkatı"nda cəmi dörd müxalifət partiyası təmsil olunurdusa, artıq "16-lar"da bunların sayı, ADP və "Ümid"i çıxdıqdan sonra, 15-dir. İndi qalır R.Quliyevin qurumun vahid namizədi seçilib-seçilməməsi məsələsi. Bir gecədə tərəfdarların sayının 11 nəfər həddində artırmağa nail olması R.Quliyevin "siyasi səriştəsindən" xəbər verməkdədir. İndi görək ona doğru qaçanlar çox olacaq, yoxsa ondan uzaqlaşanlar...
İndiyədək müxalifət çox birlik yaradıb. Üzvlərinin sayı çox olan yeganə birlik 10-15 il əvvəl olub. Həmin qurumda üzvlərin sayı 25-i keçmişdi. Ancaq qurumun qapıları bundan sonra da bağlanmamışdı. Sonralar onu ləğv edib, 9 müxalifət partiyasını birləşdirən başqasını təsis etdilər. Sonra onun fəaliyyətini dayandırmamış üzvlərinin sayı dörd olan "Demokratik Sabitlik İttifaqı"nı yaratdılar. İndi növbə "16-lar"ındır. Qurumun 17 üzvündən 2-si artıq sıraları tərk edib. Bu qurum öz fəaliyyətini gələn ilin payızınadək davam etdirə biləcəkmi? Heç inandırıcı deyil. Çünki çoxluq qarmaqarışıqlıq və pərakəndəlik kimi bir şeydir. Müxalifətçilər tezliklə bunu başa düşəcəklər. O vaxt 2-4 üzvü olan qurumların yaradılmasına üstünlük verəcəklər. Axı çoxluğun yoxluğa bərabər olduğu məlumdur.
VALEH MƏHƏRRƏMLİ