"16 lar"ın yeni qurum yaratması "İctimai Palata"nın fəaliyyətini iflic etməklə, həm də müxalifət liderlərinin təəccübünə səbəb olacaq hadisə ilə nəticələnib. Bu hadisə son vaxtlar ərzində eşidilməyən bir hadisədir. Bu hadisəni açıqlamamışdan əvvəl demək istəyirik ki, "İctimai Palata" uzun müddət ərzində iki liderin nəzarəti altında fəaliyyət göstərirdi. Bu qurumun kütləvi aksiyaları istənilən səviyyədə keçirilməsə də, liderlər, başlarının "palata" qazanında dinc əməkdaşlıq şəraitində qaynadığını iddia edərək, ataların "iki qoçun başı bir qazanda qaynamaz" məsəlinin məntiqsizliyini sübut edirdilər.
İsa Qəmbərov və Əli Kərimov 20-ci sahə yaxınlığındakı sürücülər məktəbi önündəki meydanda keçirdikləri uğursuz mitinqlərində bir-birini öz bəlağətli və fəsahətli nitqləri ilə tərifləyir, "mən də yaxşıyam, ancaq səndən yoxdur" deyib, mikrofonu həmkarına təqdim edirdilər. Digər qurumlarda da vahid lider məsələsi ön plana çəkilmirdi. "Qarabağ" blokunda da Sərdar Cəlaloğlu və İqbal Ağazadə "İctimai Palata"nın "qoçbaşı" nümunəsini təqlid edir, dinc yanaşı fəaliyyətə üstünlük verirdi.
Yalnız Rəsul Quliyev öz "Müqavimət Hərəkatı"nda bütün müxalifətin lideri olmaq iddiasını gerçəkləşdirmək uğrunda ölüm-dirim mübarizəsi aparırdı. Burada o, yeganə mütləq və vahid lider idi və onun qabağında duruş gətirən ikinci qoç yox idi ki, öz başını R.Quliyevin başı ilə "hərəkət" qazanında qaytarmaq iddiasında olsun.
R.Quliyevi görəndə gözü və haqqında eşidəndə qulaqları ağrıyan S.Cəlaloğlu "8-lər"in köməyi ilə yeni qurum yaratmaq təklifini işə keçirmək istədi. İftar süfrəsinə "ACP" sədri Sülhəddin Əkbər dəvət edilməmişdi. Yeni qurum da "ACP"-nin iştirakı olmadan yaradılmalı idi. Ancaq süfrə arxasında oturan "8 qoç"un ümumi rəyə gəlməsi mümkün olmadı və hər biri çörəyini yeyib, lal-dinməz öz qərargahına qayıtdı. Necə deyərlər, "8 qoç"un başını bir qazanda qaynatmaq mümkün olmadı.
S.Cəlaloğlunun təklifindən bir müddət əvvəl "ACP" sədri müəyyən nailiyyətlər əldə etmişdi. İ.Qəmbərovdan zəndeyi-zəhləsi gedən S.Əkbər Ə.Kərimovun da Müsavat başqanını görməyə gözü olmadığını bilirdi. Tərəflərin bu həmrəyliyi onların bir-birinə deməyə sözü olduğunu üzə çıxartdı. Elə ilk görüşlərində İ.Qəmbərovu yaş sərib, quru və əksinə, quru sərib yaş yığdılar. Yəni S.Əkbər-Ə.Kərimov sövdələşməsi "İctimai Palata"nın bünövrəsini laxlatdı.
"İctimai Palata"da vahid namizədlik üzərinə qadağa qoyulduğundan, status-kvonun qorunub-saxlanmasına üstünlük verilirdi. Hətta Pənah Hüseynovun "namizədi müəyyənləşdirmək" təklifi də status-kvo tilsimini sındıra bilmədi. İ.Qəmbərov da həmkarı Ə.Kərimova ürək qızdırıb, istirahətə və ya müalicəyə getdi.
Avqustun 24-də müxalifət daxilində inqilabi partlayış baş verdi. Hər halda, "16-lar"ın yeni müxalifət birliyi yaratmasını müxalifət ekspertləri bu cür xarakterizə etmişdilər. Ancaq "inqilab" və "partlayış" sözləri yaxın mənalı sözlərdir. Partlayışın inqilabiliyindən və qeyri-inqilabiliyindən asılı olmayaraq, burada dağıdıcılıq qabarıq tərzdə üzə çıxır.
Xülasə, avqustun 24-də 16 müxalif partiya təmsilçiləri bir araya gələrək, öz yeni qurumlarını yaratmışdılar. AXCP nümayəndəsi Həsən Kərimov yeni qurumun səsvermələrində iştirak etməsə də, "İctimai Palata"nın çökümü qaçılmaz idi. Rəsul Quliyev faktorunun yeni qurumda ön planda olduğunu başa düşən ADP və "Ümid" "16-lar"ın sıralarını tərk etdi.
Bundan sonra məlum oldu ki, "İctimai Palata"da yaradılan "iki qoçun başının bir qazanda qaynaması" mülahizəsi, İ.Qəmbərovun prezident seçkilərində iştirak edəcəyi haqqında verdiyi bəyanatdan sonra, alt-üst olmağa məhkumdur. Beləliklə, ataların müdrik məsəlinin doğruluğu "palata"nı süquta uğratdı.
Xatırladırıq ki, İ.Qəmbərovun bəyanatı heç də hər hansı qurumun yaranıb möhkəmlənəcəyini ehtiva etmir. Bu hal yeni parçalanma və narazılıqlardan xəbər verməkdədir. Odur ki, müxalifətçilərə atalarımızın müdrik məsəllərindən yararlanmağı və heç vaxt onları saxtalaşdırmamağı məsləhət görürük. Qoy yadda saxlasınlar ki, vaxtından əvvəl özlərini atalar cərgəsinə daxil etmək əks-nəticə verir. Yəni "müdrik kəlam" qələminə verilən ifadələr sərsəmləmədən uzağa getmir.
VALEH MƏHƏRRƏMLİ