PDF Oxu

Köşə

  • 867

"İctimai Palata" güclənə bilərmi?

"İctimai Palata" güclənə bilərmi?

İsa Qəmbərovun prezident seçkiləri ilə əlaqədar məlum bəyanatından sonra ona qarşı münasibətdə fikirlərdə haçalanma yaranıb. Bir çox "İctimai Palata" və Müsavat üzvləri İ.Qəmbərovun liderliyinə şübhə ilə yanaşdıqlarını bildiriblər. İ.Qəmbərov isə partiyanın qurultaya hazır olduğunu və bu sınaqdan uğurla çıxacağını söyləyir. "Bizi çox gərgin bir payız gözləyir." Bu ifadə İ.Qəmbərova məxsusdur. Əslində, onu iki gərgin payız gözləyir. Müsavat qurultayının bu payızda keçiriləcəyi təqdirdə, İ,Qəmbərovun başqan postunda gedəcəyi ehtimal edilir. Bu posta namizədlərin sayı çox olsa da, Müsavatın yuxarı eşalonunda Arif Hacıyevin başqanlığa namizədliyinə üstünlük verilir. İ.Qəmbərov Müsavatda başqan, "İctimai Palata"da isə prezidentliyə vahid namizəd seçilməsə, hər iki payız imtahanında uğur qazanacağını və cücəni öz xeyirinə sayacağını bildirir. Buna inanmayan müxalifət ekspertləri "inanan daşa dönsün" deyirlər.

"İctimai Palata"nın hər iki liderinin verdiyi bəyanatdan sonra müxalifət ekspertləri qurumun çökdüyü zənnində idilər. Ancaq əks mövqedə olanlar da var. Qurumun koordinasiya şurasının üzvü Vidadi Mirkamal "İctimai Palata"nın nəinki yaşamaqda davam etdiyini, hətta get-gedə daha da "gücləndiyini" iddia edir. Göründüyü kimi, biri hannan-hana deyəndə, o biri damnan-dama deyir. Yəni "İctimai Palata"nın çökdüyünü də müxalifətçilər deyir, gücləndiyini də... İndi gəl bundan sonra müxalifət ekspertlərinə inan.

Yaxşı, tutaq ki, "İctimai Palata" hələ tam gücü ilə fəaliyyət göstərir. Bəs bundan sonradamı status-kvonun qorunub saxlanmasını kobud surətdə pozan iki qurum lideri yenidən baş postda qalacaq? Bu suala cavab verməkdən yayınan V.Mirkamal "İP"-in başlıca vəzifəsinin "passiv elektoratı aktiv siyasi proseslərə qoşmaqdan ibarət olduğunu" bildirdi. Bəs passivi aktivləşdirmək üçün hansı enerji mənbəyindən istifadə ediləcək? KŞ üzvü təbliğat və təşviqat işinin sürətləndirilməsinin ön plana çəkiləcəyini bildirir. Özü də bunu müxalif partiyaların şəhər və rayon təşkilatlarından güclü kadr axının baş verdiyi bir vaxtda deyir.

V.Mirkamal ölkə əhalisinin 80 faizinin müxalifətdən aralı olduğunu etiraf edir. Deməli, torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadırsa, əhalinin 20 faizinin şüur potensialı "İP"-lə əlaqəli imiş. O zaman bizim bu cür düşünməyə əsasımız var ki, "erməni ilə müxalifət iki qardaşdır əziz, hansını artıq sevir ana tarix söyləsin", deyək. Bu yerdə bir müxalif xanım yazarının iqtidara müraciətlə ifadə etdiyi "Torpaqların 20 faizini ermənilər işğal edibsə, bəs qalan 80 faizini nə üçün işğal edibsiniz" fikri yadıma düşdü. Görürsünüzmü müxalifət təmsilçiləri hansı iddialarla yaşayırlar? Onlar, nəyin bahasına olursa-olsun öz faizlərini qoparmağa can atırlar.Daha əlimizdə olan 80 faiz ərazidə gedən quruculuq işlərini görməzliyə vururlar. Onların iqtidarları dövründə əllərində olan ərazimizin altı tərkib hissəsinə parçalandığını təkrar etmək istəmirik.

Deməli, hazırda "İP"-də qeyri-fəal əhalinin fəallaşdırılması yönündə propaqanda aparılması məsələsi müzakirə edilir. Bu, baş tutacaqmı? Status-kvonu pozan liderlərə kim inanacaq? Bəlkə "İP"-in koordinasiya şurası əvvəl liderlərin möhkəmliyi və etibarlılığı məsələsini müzakirəyə çıxaracağı başqa real təkliflər də edilə bilər.

Yay fəslinin başa çatmasına təxminən 20 gün qalır. Güman ki, müzakirələr payızda aparılacaq. Atalarımız "cücəni payızda sayarlar" demişlər. Ancaq əvvəl iş görmək və sonra cücəni saymaq şərti ilə. Ancaq əvvəl uzun-uzadı söhbətlər, müzakirələr aparıb, heç nəyə nail olmadıqdan sonra cücəni saymaq həvəsinə düşmək, gücənənin özünü gücə salmasına bərabər olardı.

Bir-birilərinin acığına bəyanat verən Əli Kərimov və İsa Qəmbərov nə səbəbə öz partiyalarının və eləcə də, "İctimai Palata"nın müvafiq təsisatlarının qərar çıxarmalarını gözləmədən, artıq-əskik danışaraq, özlərini gülünc vəziyyətə salırlar? Ümumiyyətlə, biz inanmırıq ki, bu cür liderlərlə "İP"-i dirçəltmək mümkün olsun. O ki qaldı bu qurumun sürət götürərək güclənməsi məsələsinə, biz buna inanmırıq. Bizcə, "16-lar"ın gəlişi ilə "İP" müxalifətin arxa qapısından üzüsulu ikən getsə, daha düzgün olardı.

VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər