Jurnalistlər XX əsrin əvvəli ilə XXI əsrin əvvəlini həmişə müqayisə edirlər. Əlbəttə, hər bir müqayisə aparan hadisələrin gedişinə öz baxış bucağından yanaşır. Hər iki əsrin əvvəllərində qəzet bumu yaranmışdı. Fərq o idi ki, XX əsrin bu dövründə təhsil və savad kütləvi hal almamışdı. Qori və Qazax müəllimlər seminariyası, eləcə də, Rusiya və Avropanın bu və ya digər ali təhsil müəssisələrində təhsil alanlar ziyalılıq missiyasını öz üzərlərinə götürmüşdülər. Kim hansı ölkədə təhsil almışdısa, həmin ölkənin ənənələrini əsas gətirirdi. Ancaq öz xalqının maariflənməsi yolunda özlərini oda-közə atan ziyalılar da kifayət qədər çox idi. Bu dövrdə "Molla Nəsrəddin" və "Fyuzat" kimi nəşr vasitələri çıxmış, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Əbdülrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi və onlarla digər ziyalılar yetişmişdi.
XXI əsrin ilk onilliyində nəşr edilən qəzet və jurnallar sovet təhsil sistemini keçmiş ziyalıların əməyinin məhsuludur. Sovet dövründə Azərbaycanda onlarla ali məktəb, elmi-tədqiqat institutları və Elmlər Akademiyası fəaliyyət göstərirdi. Ancaq hələ də "Molla Nəsrəddin" səviyyəli bir mətbuat vasitəsi yoxdur. XX əsrdə Rusiya və Azərbaycanda siyasi vəziyyət çox mürəkkəb idi. Ancaq mətbuat vasitələri siyasiləşməmişdi.
Sovetlərin sərt totalitar və avtoritar rejimindən kapitalizmə qayıdış demokratiya kimi təqdim edilirdi. Bəziləri bunu "nə istəyirsən et" kimi başa düşüb, anarxiyaya yuvarlanırdılar. Azərbaycanda 1988-1993-cü illər qarşıdurma, didişmə və təzadlarla dolu olmuşdu. Bundan istifadə edən ermənilər torpağımızın 20 faizini öz nəzarətləri altına götürüb, əhalimizin bir milyonunu yurdundan didərgin saldılar. Yalnız 1993-cü ilin yayından etibarən ölkədə yavaş-yavaş sabitlik yarandı. Sonra inkişaf və tərəqqi mərhələsi başlandı.
Qərbin maraqlı dairələrinə arxalanan müxalifət partiyaları nəşr vasitələrində bu inkişaf və tərəqqini nihilistcəsinə inkar edir və xəyallarındakı hakimiyyəti tərənnüm edirlər. Bu hakimiyyət öz liderlərinin başında oturduğu hökumətdir. Liderləri də qəzetləri kimi saysız-hesabsızdır. Böhtan və iftiraları da hüdudsuzdur. İqtisadi inkişaf ölkəmizi qüdrətli ölkələrin cərgəsinə qoşsa da, müxalifət qəzetləri tənəzzül havasına oynayırlar. Çoxsaylı liderləri isə, 20 ildir ki, vahid bir blokda birləşmək eşqi ilə yaşayır, ancaq Məcnun kimi öz Leylilərinə qovuşa bilmirlər. Qəzetləri də bu Məcnun liderlərin bir-biriləri ilə didişmələrindən, deyişmələrindən yazır, hər biri böyük şövqlə özününkünün haqlı olduğunu sübut etməyə çalışır. Bu didişmə-boğuşma internet saytlarında da davam etdirilir. Bu qovğalar 20 ildir ki, səngimir.
Əlbəttə, didişənlərə dur deyən qəzetlər də var. Məhz həmin mətbuat vasitələrinin sayəsində həqiqət öz yerini tapır, obyektivlik qorunur və yalan ayaq tutub yeriyə bilmir. XX əsrin əvvəllərində başlıca diqqət maarifçiliyə yönəldildiyi halda, əsrimizin ilk onilliyi müxalif yazarlarının didişmələrdən bəhs edən yazılarla çıxış etmələri ilə əlaqədardır. Deyəsən, bu anarxiya xəmiri hələ çox su aparacaq. Yəqin ki, çirkab axarının qabağını kəsmək üçün obyektiv məzmunlu yazı bəndləri də qurulacaqdır. Biz öz işimizi müxalifət yetkililərin didişmələri başa çatanadək davam etdirəcəyik.
Bəs müxalifət liderlərinin didişmələri nə vaxt başa çatacaq? Əlbəttə, yeni blok yaradanadək? Bəs yeri və mükəmməl blok nə vaxt yaranacaq? Əgər bunlar mənim tanıdığım müxalifətdirsə, deməliyəm ki, heç vaxt buna nail olmayacaqlar. Onlar bir blok yaradıb, yenidən dağıdacaq. Onlardan olsa, bu, əbədiyyətədək davam edəcək. Yazarları isə dərhal qələmə sarılırlar.
Valeh MƏHƏRRƏMLİ