PDF Oxu

Köşə

  • 1 139

Qarşıdurma yeni müstəvidə

Qarşıdurma yeni müstəvidə

Müxalifət ekspertləri Əli Kərimli ilə İ.Qəmbərin "İctimai Palata"ya qayıdaraq barışmalarının mümkünlüyü üzərində fikir mübadiləsi aparırlar. "İP" koordinasiya şurasının üzvü Pənah Hüseyn barışdırıcılıq missiyasını öz üzərinə götürüb. Ancaq tərəflərin bir-birinə bəslədikləri kəskin nifrət düşmənçilik səviyyəsinə çatmışdır. Həm də başqa bir tərəfdən, iki qanlı düşməni bir-biri ilə barışdırmaq daha asan başa gələrdi, nəinki Ə.Kərimli ilə İ.Qəmbəri.

Bu düşmənçiliyin kökü lap dərinliklərə gedib çıxır. Əvvəllər müxalifət düşərgəsində bir AXC var idi ki, Ə.Kərimli və İ.Qəmbər onlarla digər funksionerlər kimi onun üzvləri idilər. Bir də Davud Nəsibli və Rauf Arifoğlunun başçılığı altında fəaliyyət göstərən "Yeni Müsavat" partiyası var idi. Digər müxalifət partiyaları 1990-cı il 20 Yanvar faciəsindən sonra, funksionerlərin bir-bir AXC sıralarından qopmaları ilə əlaqədar olmuşdu.

İ.Qəmbər də, Ə.Kərimli də AXC-nin idarə heyətinin üzvləri idilər. AXC hakimiyətə gəldikdən iki-üç ay sonra, yəni 1992-ci ilin dekabrında İ.Qəmbər Ali Sovetin sədri olaraq, "Yeni Müsavat"ı Müsavata çevirmək qərarına gəldi. Hələ prezidentlik müddəti başa çatmamış (1992-1997), İ.Qəmbər Müsavat sədri kimi, növbəti prezident seçkilərinə öz namizədliyini irəli sürməyə hazırlaşırdı. Ancaq AXC-Müsavat prezidentliyi 1993-cü ilin iyununda başa çatdı və İ.Qəmbər o vaxt öz niyyətini gerçəkləşdirə bilmədi. Beləliklə, niyyətini mənzilinəcən aparıb çıxara bilmədi. Axı atalar "niyyətin hara, mənzilin ora" deyiblər. İ.Qəmbərin bu niyyəti baş tutmamışdı.

Qarşıduran tərəflər arasında o vaxtdan əsası qoyulan qarşıdurma müxtəlif dövrlərdə özünü qabarıq tərzdə göstərmişdir. "Demokratik Sabitlik İttifaqı"nda Ə.Kərimli, uzun çək-çevirdən sonra, İ.Qəmbəri yox, R.Quliyevlə birlikdə E.Məmmədovu dəstəkləmişdir. Növbəti "Azadlıq" blokunda da İ.Qəmbər-Ə.Kərimli razılaşması baş tutmamışdı. Nəhayət, "İctimai Palata" mərhələsi də bu cür başa çatmışdı.

Müxalifət ekspertlərinin bəziləri düşmənçiliyə son qoyulacağına inandığını bildirirlər. Böyük əksəriyyəti isə nə İ.Qəmbərin, nə də Ə.Kərimlinin bu "İctimai Palata" koluna girməyəcəklərini bildirir. Çünki bu kol onların girəcəkləri kol deyil. Ə.Kərimli tərəfdarları hələ də səbr nümayiş edirirməyin hansısa müsbət nəticə verəcəyinə inanmaqda davam edirlər. İ.Qəmbər cinahı isə İ.Qəmbərin əsil vahid namizədliyə layiq olduğunu və onu heç vaxt Ə.Kərimliyə güzəştə getməyəcəyini vurğulamaqda davam edirlər.

İ.Qəmbər Müsavata qayıtdıqdan sonra ünvanına səslənən "ura"ların sayı artıb. Ə.Kərimli AXC-sində sükutu pozmaq haqda səslər eşidilməyə başlayıb. Çoxları hələ də səbr və təmkin nümayiş etdirib, "İctimai Palata"ya qayıtmağı təqdir etsələr də, sükut buzunu qırmaq istəyənlərin sayı günü-gündən çoxalmaqdadır. İkincilər Müsavat və İ.Qəmbərlə bütün əlaqələri qırmağı və daha münasib partiyalarla əlaqə qurmağın daha çox fayda verəcəyinə inanırlar. Birincilər isə "İctimai Palata"ya qayıdışa üstünlük verirlər.

Nəzərə alsaq ki, vaxtilə İ.Qəmbərin AXCP-ni üç böyük və bir neçə kiçik tərkib hissəsinə ayırmaqda xüsusi "xidməti" olub, o vaxt əsil AXCP-çilər, çətin ki, "İctimai Palata"ya qayıtmağı təqdir etsinlər. Müsavat yetkililəri isə özlərini AXCP-çilərdən daha güclü və daha əzmkar hesab edirlər. AXCP-çidərin susmasını isə Müsavatın qabağından qaçmaq, üzərlərinə düşə biləcək ağır məsuliyyət yükündən yayınmaq kimi dəyərləndirirlər.

Hələ növbəti prezident seçkilərinin keçirilməsinə kifayət qədər vaxt var. Mümkündür ki, həm Müsavat, həm də AXCP tərəf özlərinə yeni müttəfiqlər tapıb, başqa-başqa bloklarda mübarizəyə qoşulub, növbəti prezident seçkilərinə getməyə cəhd etsinlər. "Cırtdanlar"ı da nəzərə alsaq, müxalifət partiyaların köpək sürüsü - it xılı kimi kifayət qədər çox olduğunu görərdik. Ola da bilər ki, Müsavat və AXCP öz mübarizələrini təklikdə aparsın. Bu halda tərəflərdən biri o birisinin elektoratını oğurlamağa, yəni özünə cəlb etməyə çalışacaq. Bu isə yeni qovğaların başlanğıcı demək olardı.

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər