Paytaxtımızda bir çox restoranlar, şadlıq evləri şəbəkələri əhaliyə yüksək keyfiyyətli xidmət göstərməyə çalışırlar. Hətta bəhsə-bəhsə girərək, daha relevant xidmət üsulları kəşf edirlər. Belə xidmətlərin artırılması, təbii ki, hər kəsə xoş təsir bağışlayır. Qiymətlərin əhalinin cibinə uyğunluğu, Avropa və Şərq mətbəxlərinin ecazkar dadları şənlik məclislərinin yüksək ovqatına ovqat qatır. Ancaq hər şeyin yaxşısı olduğu kimi, həmin yaxşılarda, təəssüf ki, xoş olmayan problemlər də yaranır. Bəs nədir həmin problemlər?
MƏNZİLLƏR KABABXANALARDAN FƏRQLƏNMİR
Şadlıq evlərinin və restoranların əhalinin sıx yaşadığı yerlərdə, bunaların tam yaxınlığında fəaliyyət göstərmələri həmin problemlərin qabarmasına kifayət qədər xidmət edir. Demək olar ki, hər el şənliyində, toy-büsatlarda iaşə obyektlərinin mətbəxlərində şişlərə çəkilən kababların tüstüsü nəinki ərşə qalxır, hətta tüstü-dumanlar ətrafdakılara göz açmağa imkan vermir. Binaların mənzillərində yaşayan sakinlər hər gün bu kabab qoxuları ilə üz-üzə gəlirlər. Artıq vəziyyət o həddə qədər gəlib çatıb ki, kabab qoxusu mənzillərin divarlarına hopub. Mənzillər kababxanalardan fərqlənmir. İnsanlar isə bu kimi problemlərlə bağlı aidiyyatlı qurumlara müraciətlər etsələr də, şikayətləri də kabab qoxusu kimi göylərə qalxıb, yox olur.
SONRAKI PEŞMANÇILIQ...
Restoranda bişirilən kababın kömüründən bir qığılcım hava borusundan sıçrayaraq, yaxınlıqda yerləşən benzindoldurma aparatının üzərinə düşdü və kiçik qığılcım böyük fəlakətə səbəb oldu. Bəs bunun cavabını kim verəcək? Əlbəttə ki, buna şərait yaradan bəzi mənfəətpərəst məmurlar. Onların kimə və nəyə cavab verəcəkləri qalsın bir yana, əzab çəkən də bir tərəfdə öz dərdinə qalacaq. Nəticədə...Bəzən təəssüflər baş verən faciəli hadisələrdən sonra edilir. Ancaq necə deyərlər sonrakı peşmançılıq fayda verməz. Kabab iyi alan sakinlərin bunun üzərindən benzin deserti də aldıqdan sonra həqiqətən də təəssüflər çox gec və lüzumsuz olacaq. Ona görə də təəssüf etməməkdən ötrü qabaqlayıcı tədbirlərin görülməsi zamanıdır, hörmətli cavabdeh cənablar.
RƏFİQƏ